Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4311/2024 20.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nərimanov rayonu, T.Şıxəliyev küçəsi ev 15, mənzil 3-də qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq Sovxozu ərazisində nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 20 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 20 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 20 sentyabr 2024-cü il tarixli qərardadına əsasən 3(007)-4311/2024 nömrəli və 3(007)-4312/2024 nömrəli inzibati xəta haqqında işlər bir icraatda birləşdirilmiş və birləşdirilmiş işdə 3(007)-4311/2024 nömrəsi saxlanılmışdır. Qeyd edilən inzibati xəta haqqında protokollara əsasən Şəxs 18 sentyabr 2024-cü il tarixdə saat 12:30 radələrində ünvan 1 ünvanında yerləşən “8-ci kilometr bazarı”nda ucadan nalayiq söyüşlər işlədib səs-küy salmış, ictimai qaydanı pozan hərəkətlərlə xırda xuliqanlıq etmiş, həmin vaxt onun bu ictimai qaydanı pozan hərəkətlərinin qarşısını almağa çalışaraq onu sakitliyə, nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin polis sahə inspektoru X7 protokolların məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs bazarda ictimai yerdə ucadan nalyiq söyüş söyməsi, ictimai qaydanı pozan hərəkətlərə yol verməsi ilk dəfə baş vermir, onunla bağlı bazarda işləyən çoxsaylı şəxslər tərəfindən kollektiv şikayət də edilmişdir. İnzibati xəta haqqında protokolları müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 18 sentyabr 2024-cü il tarixdə saat 12:30 radələrində “8-ci kilometr bazarı”nda nalayiq ifadələr işlətməmiş, söyüş söyməmişdir. Yalnız polislərin bazarda onun yerini əlindən almalarının videosunu “Tiktok”da paylaşmışdır. Bu səbəbdən “8-ci kilometr bazarı”nın yanında olan yerini çevik polis alayı əlindən almışdır. May ayında polis əməkdaşlarından biri ona əxlaqsız təkliflər etməyə başlamışdır. Həmin polis əməkdaşının adı Sadiqdir. Bununla bağlı onun komandirinə şikayət ərizəsi yazmışdır. Şikayət ərizəsi yazdıqdan sonra isə “polkası”nı bağlamışlar. Bazarın içərisində də onun yeri olmuşdur. Orada hamı küçə ticarəti ilə məşğuldur. O, bazarda qadın alt paltarları satmışdır. Hamının yeri qalıb, yalnız onun yerini bağlayıblar. Yerini bağlatdırandan sonra onu bazarda olan ofislərinə çağırmışlar. Komandirləri əkiz qardaşlar, Rəşad və Elşad adlı şəxslər olmuşdur. Onu çağırıb demişlər ki, “bu şikayət şişsə, sənin başın ağrıyacaq. Şikayətini geri götür, sənin yer pulunu aşağı salaq”. O, bazarın əhatəsində olan piştaxtalarda satış etmiş, polislərin təklifini qəbul etməmişdir. Bu səbəbdən də yer pulunun qiymətini qaldırmışlar. Əvvəl yer pulu 7 manat olmuş, qaldırıb 13 manat etmişlər. Şikayət verdikdən sonra isə yerini bağlamışlar. Yenidən ona şikayətini geri götürməsini, bunun qarşılığında yer pulunu aşağı salacaqlarını demişlər. O da şikayətini geri götürmüşdür. Lakin şikayətini geri götürdükdən sonra yerini açmamışlar, 8 gün bağlı qalmışdır. Daha sonra Alayın komandiri Ramil Piriyevin yanına getmiş, ona 2 dəfə də məktub göndərmişdir. Məktub onlara getdikdən sonra satış yerini ümumiyyətlə yığışdırmışlar. “Polka”nı götürüb, malı da yığmışlar. Bu zaman o, telefonla videoya çəkmişdir. Video çəkdiyi üçün onu 24-cü polis şöbəsinə aparmışlar. 24-cü polis şöbəsinə çatan kimi görüntünü əlindən alıb, Sahib Əliyevin otağına salmışlar. Sahib Əliyev bölüyün komandiridir. Ona küçə ticarəti ilə məşğul olması adı ilə 80 manat cərimə yazılmışdır. Halbuki 8 gün idi ki, işləmirdi. O, hətta məhkəməyə protokolun ləğvi ilə bağlı müraciət etmişdir. Bakı şəhər Baş Polis İdarəsinə müraciət etdikdən sonra 24-cü polis şöbəsinin rəis müavini ona protokolu vermişdir. Həmin protokolu məhkəməyə təqdim etdikdə isə ona müddətin ötürüldüyünü demişlər. Çəkiliş etdiyi videonu bölməyə gələnə kimi evdəkilərə göndərmişdir ki, birdən silə bilərlər. Video danışıqlarında onu bölməyə apardıqları düşmüşdür. Həmin gün onu cərimə edib, gecə 11-ə kimi bölmədə saxlamışlar. Telefonunu da ona verməmişlər. Vəziyyəti pisləşmiş, təcili-tibbi yardım çağırmışlar. Bundan sonra taksi ilə onu evinə yola salmışlar. İyul ayının 9-u bir daha polis alayına getmişdir. Ayın 9-dan sonra Bakı şəhər Baş Polis İdarəsinə, Nizami rayon prokurorluğuna, Korrupsiya İdarəsinə, Ombudsmana, Prezident Administrasiyasına şikayətlər vermişdir ki, ona qarşı haqsızlıqlar edilmişdir. Hansısa bir polis əməkdaşının kaprizinə görə başına bu oyunlar açılır. Onun himayəsində 2 xəstə vardır. 4 nəfər ailə üzvünə baxır. Görmüşdür ki, şikayətlərinə baxmırlar, 2 dəfə intihara cəhd etmişdir. 38-ci bina “8-ci kilometr bazarı”nda yerləşir. O binadan sahə inspektoru Şahin müəllimgilin özləri onu düşürmüşlər. Onu aldadıb polis şöbəsinə aparmışlar. Polis şöbəsində Vəli müəllim onu qəbul etmiş və 2 günə danışıb yerini bərpa edəcəyini bildirmişdir. Lakin, 2 gündən artıq vaxt keçməsinə baxmayaraq heç nə etməmişllər. Onun yerini bazarda başqasına satmışlar. 2 gün əvvəl onu polis şöbəsinə aparmışlar. Ondan 1 gün qabaq bazarda işləyən proqramistdən xahiş etmişdir ki, videonu kəsib “tiktok”da paylaşsın. Ona “tiktok”da videoya şərhlər gəlmişdir. Axşam saat 5-də videonu “tiktok”a yükləmiş, səhəri gün polis əməkdaşları gəlmiş və şöbəyə getməli olduğunu bildirmişlər. O da şöbəyə getməsinin səbəbini soruşmuşdur. Əgər gəlməlidirsə, ona bildiriş göndərməli olduqlarını və ondan sonra gələ biləcəyini demişdir. Əgər bildiriş verilməyəcəksə vəkilə və yaxud tanışına zəng etməli olduğunu bildirmişdir. Lakin, polislər telefonunu əlindən almış və onu sürüyə-sürüyə şöbəyə aparmışlar. O, həmin vaxt bazarın içərisində mal satmışdır. Onu oradan aparmışlar. O, dəfələrlə polis əməkdaşlarına proqramistin videonu onun istəyi ilə yüklədiyini demiş, lakin videoya kimlərisə əlavə etməyini deməmişdir. Proqramist isə videoya müxalifətçiləri əlavə etmişdir. O, şikayəti ilə bağlı icra şöbəsinin nümayəndəliyinə getmişdir. Onlar küçə ticarətinə baxış keçirmişlər. Küçədə olan polkaları bağlatmışlar ki, çəkiliş olacaqdır. Bağlayandan sonra icradan alayın müavinləri Zeynal və Vüqar müəllim gəlmiş, baxış keçirdikdən sonra camaatı ayağa qaldırmışlar və demişlər ki, “yerinizin bağlanmasının səbəbi Aynurədir. Aynurə özünü dəliliyə qoyub, ora-bura şikayətlər edir, belə getsə polkalar da bağlanacaq. Çörəyinizdən olacaqsınız. Yığışın ərizə yazın ki, Aynurədən narazılığınız vardır və hər biriniz qol çəkin”. 31 nəfər ərizəyə qol çəkmişdir. Çoxu onu tanımamış, tanıyanlar da demişlər ki, polis onları qol çəkməyə məcbur etmişdir. O, 10 ildir ki, bazarda işləyir və heç bir problemi olmamışdır. Onu 3 gün, sentyabrın 18-dən 20-dək polis şöbəsində saxlamışlar. Qanunla ərazidə aver etmək olmaz. Amma orada ondan başqa minlərlə insan alverlə məşğul olur. Onun bazarın qarşısında yeri vardır. O qanuni yerdir. Bazara aylıq 270 manat ödəniş edir. Əlindən alınan yer isə həmin yerin qabağında balaca “polka” olmuşdur. Həmin yerin pulunu polislərə ödəmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in X11 Alayının 5-ci patrul bölüyünün polis nəfəri X4 izahatında göstərmişdir ki, 18 sentyabr 2024-cü il tarixdə saat 12:20 radələrində 2455 çağırışlı avtopatrulla xidmətdə olmuşlar. Post yoldaşı Mehman Vəliyevlə birgə Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən “8-ci kilometr bazarı”nda xidmət apardıqları zaman tanımadıqları iki qadın yaxınlaşaraq bazarda bir qadının ucadan nalayiq söyüşlər söyməsini demişlər. Dərhal deyilən istiqamətə yaxınlaşdıqda, bir nəfər qadının orada ictimaiyyət arasında nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozduğunu müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşıb, özlərini təqdim etdikdən sonra qayda pozuntusuna son verməməyini, ictimai qaydaya əməl etməsini tələb etdikdə həmin şəxs onların ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxs hərəkətlərinə davam etdiyinə görə onu ərazi üzrə 24-cü polis şöbəsinə dəvət etmişlər. Lakin şəxs polis şöbəsinə getməkdən qəti sürətdə imtina etdiyini bildirmiş, onlarla mübahisə edərək dartışdırmağa başlamışdır. Onlar inzibati ərazinin polis şöbəsinin avtopatrulunu hadisə yerinə dəvət etmişlər. Dəfələrlə həmin qadına avtopatrula əyləşməsini bildirsələr də, o, nalayiq ifadələr işlətməyə davam edərək, polisin qanuni tələbinə tabe olmamışdır. Şöbədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Tərəflərindən tərtib olunmuş raportla əlaqədar şəxsin barəsində müvafiq göstəriş verilməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in X11 Alayının 5-ci patrul bölüyünün polis nəfəri X6, A.E.Məmmədovla eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, o, 20 ildir ki, Nizami rayonundakı “8-ci kilometr bazarı”nda işləyir. Onun bazarda “polka”ları vardır. Hadisə vaxtı işi ilə əlaqədar arxadan qızı ilə gedirmiş. Səs-küy olduğunu görmüşdür. Aynurə xanımın əsəbi vəziyyətdə söyüşlər söydüyünü görmüş və eşitmişdir. Aynurənin kimə söydüyünü bilməmişdir. Daha sonra polis əməkdaşları gəlmişdir. Aynurə “polis çağırsanız da, mən polis-filan hərləmirəm” demişdir. Bu hadisə 18 sentyabr 2024-cü il tarixdə günortaya yaxın baş vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 535.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin məhkəmədə verdiyi izahatla bağlı qeyd edir ki, onun törədilmiş xətaya münasibətdə irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunmuşdur, ona görə şəxsin özünü məsuliyyətdən yayındırmağa cəhd etməsi kimi qiymətləndirilərək nəzərə alınmır. Onun izahatında qeyd olunan digər məsələlərin araşdırılaraq hüquqi qiymət verilməsi isə hazırkı icraatın predmeti deyildir, ona qarşı yol verilmiş, neqativ hesab etdiyi hallarla bağlı tabelik qaydasında səlahiyyətli orqana və müvafiq məsuliyyət məsələsinin həlli üçün aidiyyəti prokurorluq orqanına müraciət edə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, o cümlədən həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 535.1 və 510-cu maddələrinin sanksiyasında nəzərdə tutulmuş (daha ciddi xəta hesab olunan İXM-nin 535.1-ci maddəsi ilə) cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmin maddənin tələbini, Şəxs baxılan işlə bağlı 18 sentyabr 2024-cü il tarixdə saat 13:05-də tutulduğunu nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat cərimə məbləğinin dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməli və o, dərhal tutmadan azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin hüquqi yardıma görə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə, eyni Məcəllənin 31.4- 1-ci maddəsi tətbiq edilməklə, barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4311/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4311/2024
20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver