Məhkəmə qərarları › İş №3(007)-4321/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4321/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4321/2025 07.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 26 iyul 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 08 iyul 2025-ci il tarixdə, saat 09:00 radələrində idarə etdiyi “Chevrolet Monza minik” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi ilə Q.Qarayev prospekti istiqamətində 15-20 km/saat sürətlə hərəkət edib yolun M.Gəncəvi küçəsi ilə kəsişməsində olan dairəyə daxil olaraq həmin sürətlə yolunu düzünə M.Gəncəvi küçəsi ilə davam etmək üçün yolayrıcına çıxmış, üstünlük nişanlarının tələbini pozaraq baş yol hesab edilən R.Rüstəmov küçəsi ilə B.Çobanzadə küçəsi istiqamətində, yəni sağdan sola düzünə hərəkət edən “Chevrolet Cobalt” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol verməyib onun sol yan hissəsi ilə toqquşmuş, nəticədə avtomobilin sürücüsü Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 08 iyul 2025-ci il tarixdə, saat təxminən 09 radələrinndə o, 15- 20 km/saat sürətlə idarə etdiyi “Chevrolet Monza” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi ilə Q.Qarayev prospekti istiqamətində hərəkət edib yolun M.Gəncəvi küçəsi ilə kəsişməsində olan dairəyə daxil olaraq R.Rüstəmov küçəsinin əks istiqamətli yoluna həmin sürətlə çıxdıqda sağdan sola düzünə hərəkət edən “Chevrolet Cobalt” markalı avtomobili buraxmayıb həmin avtomobillə yolayrıcında toqquşmuşdur. Hadisə nəticəsində həmin avtomobilin sürücüsü xəsarət aldığını bildirib təcili tibbi yardıma müraciət edib xəstəxanaya getmiş, o isə hadisə yerində qalmışdır. Toqquşma onun avtomobilinin qabaq hissəsi ilə həmin avtomobilin sol yan hissəsi arasında baş vermişdir. Hadisə vaxtı avtomobillərdə sərnişin olmamışdır. Baş vermiş hadisədə özünü günahkar bilir. Yolayrıcısına daxil olduqda həmin avtomobilin hərəkətini o görməmiş, toqquşma anında görmüşdür. Toqquşma R.Rüstəmov küçəsində, dairədən təxminən 4 metr yolun digər kənarına doğru məsafədə baş vermişdir. Hadisədən sonra maşından enmiş və təcili tibbi yardım çağırmışdır. Səhəri gün zərərçəkənlə maraqlanmış, demişlər ki, yüngül xəsarətdir. Zərərçəkənin atası ondan artıq pul da istəmiş, demişdir ki, oğlu günə 50 manat maaş qazanmışdır. Zərərçəkən şəxs 2 aylıq maşınının lizinq ödənişini tələb edir. Amma lizinq ödənişləri onun öz öhdəliyinə düşür. Avtomobil kasko sığortalıdır, maşının xərcini ödəyir. Özü də maşını lizinqlə sürür. Qeyd etdiklərini nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 08 iyul 2025-ci il tarixdə, saat təxminən 09 radələrində o, 50 km/saat sürətlə idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Q.Qarayev prospekti istiqamətindən R.Rüstəmov küçəsi ilə B.Çobanzadə küçəsi istiqamətinə doğru ikinci hərəkət zolağı ilə hərəkət etmişdir. Yolun M.Gəncəvi küçəsi ilə kəsişməsindəki dairəyə çatdıqda qəflətən onun solundan, yəni dairədən ona yol vermədən yolayrıcına çıxan “Chevroolet Monza” markalı avtomobil onun avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində o, xəsarət aldığı üçün Sabunçu tibb mərkəzinə müraciət etmişdir. Toqquşma onun avtomobilinin sol yan hissəsi ilə həmin avtomobilin qabaq hissəsi arasında baş vermişdir. O, maşına çatdıqda digər avtomobil qəflətən yola çıxdığı üçün onun hərəkətini görməmişdir. Toqquşma dairədən təxminən 4 metr yolun digər kənarına doğru məsafədə baş vermişdir. Umico şirkətində kuryer işləmişdir. Maşını olmadığı üçün iyulun 11-də onu işdən çıxartmışlar. 11 gün xəstəxanada, 20 gün isə evdə qalmışdır. Boynu zədələnmişdir. Maşınına 2000 manata yaxın ziyan dəymişdir. O, maşının 2 aylıq lizinqini ödəmişdir. Aylığı 780 manat olmuşdur. Ziyan 1500 manatdır və işinə görə ziyan dəymişdir. Borca girərək maşınının kreditini ödəmişdir. Hadisədən sonra digər sürücü, yəni Şəxs onunla əlaqə saxlamamışlar. Həmin şəxs ona dəymiş zərəri ödəməmişdir, ona görə şikayətçidir, barışıq olmayacaqdır. Maddi zərərin ödənilməsini tələb edir. İşdə olan canlı şəxsin ekspertizasına dair 14 iyul 2025-ci il tarixli, 746 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs - ənsə və boyun nahiyələrinin böyük ölçülü şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində alınmaları mümkündür, dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 iyul 2025-ci il tarixli qərardan görünür ki, HK-1/416 nömrəli araşdırma materialında cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü toplanmış material Nizami Rayon Məhkəməsinə təqdim edilməsi üçün Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs tərəfindən tələb irəli sürülməmişdir, lakin müəyyən olunmuşdur ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə vardır, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar