Məhkəmə qərarları › İş №3(007)-4325/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4325/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4325/2023 15.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Quba rayonunun Zərdabi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonunun Zərdabi qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, M.Mustafayev küçəsində nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 15 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 15 avqust 2023-cü il tarixdə saat 05:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən köhnə “Sevinc” kinoteatrının qarşısında Ölkə başçısının ünvanına nalayiq ifadələr işlətməklə ətrafda olan vətəndaşların narahatlığına səbəb olub ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X5 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 15 avqust 2023-cü il tarixdə saat 05:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən köhnə “Sevinc” kinoteatrının qarşısında olduğu vaxt iki nəfər şəxs yaxınlaşıb su almaq üçün ondan 1 manat pul istəmişlər. O, pulu olmadığını desə də, həmin şəxslər ondan əl çəkməmiş, qəpiklə də olsa dedikləri pulu verməsini demişlər. Həmin vaxt o, içkili olmuş, ona görə hansı hərəkətləri etdiyini və nə dediyini tam xatırlamır. Həmin şəxslər təkidlə ondan pul istədiklərinə görə ola bilsin ki, əsəbləşib söyüş söymüş, Ölkə başçısının ünvanına nalayiq ifadə işlətmişdir. Əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, 15 avqust 2023-cü il tarixdə saat 05:30 radələrində dostu ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən köhnə “Sevinc” kinoteatrının qarşısında görüşmüşlər. Həmin vaxt onlar köşkdən su alıb içmək istəmişlər, lakin üstlərində nağd pul olmadığından, orada olan bir nəfər şəxsə yaxınlaşıb bu barədə bildirmiş və 1 manat pul verməsini xahiş etmiş, pulu onun kart hesabına öz kart hesablarından köçürə biləcəklərini təklif etmişlər. Orada olan bir nəfər şəxs, yəni sonradan tanıdığı Şəxs “gör, siz nə vəziyyətdəsinizsə, məndən pul istəyirsiz” demiş, bu zaman Ölkə başçısının ünvanına nalayiq ifadələr işlətmişdir. O, bir vətəndaş kimi Şəxs cavabını verib söydüyü söyüşə, nalayiq ifadələrə görə ona irad bildirmişdir. Sonra demişdir ki, etdiyi hərəkətə görə polisə zəng edəcək, Rəşad etiraz etməmişdir. O, mobil telefonla DİN-nin 102 xidmətinə zəng edərək qeyd olunanlar barədə məlumat vermişdir. Həmin vaxt Rəşad qaçıb getmək istəyəndə qarşısını almış, demişdir ki, getməsin, polislər gəlir. Rəşad isə cavabında polislərin də ünvanına nalayiq ifadələr işlətmişdir. Bu söhbətlər təxminən bir-iki dəqiqə çəkmişdir. Ünsiyyətləri zamanı Rəşadın içkili olmasını hiss etmişdir. Bundan sonra polislər həmin yerə gəlmiş və Rəşadı polis şöbəsinə aparmışlar. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. İşdə olan 15 avqust 2023-cü il tarixli 2/27665 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 06:55-də keçirilən tibbi müayinəsi zamanı onda “orta dərəcəli alkoqol sərxoşluğu” müəyyən edilmişdir. Ona görə məhkəmə həmin halı inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı iş üzrə 15 avqust 2023-cü il tarixdə saat 05:35-də inzibati qaydada tutulmuşdur, lakin bunun ardınca sərxoşluq vəziyyəti yoxlanılaraq onda orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir, ona görə məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı həmin vaxtdan hesablana bilməz, materialın məhkəməyə daxil olduğu vaxtdan, 15 avqust 2023-cü il saat 14:40-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 15 avqust 2023-cü il saat 14:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar