Məhkəmə qərarları › İş №3(007)-4329/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4329/2023

14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4329/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1986-cı il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Horadiz şəhəri, Kirov küçəsi ev 4, mənzil 12-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində müvəqqəti yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 11 iyul 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 11 iyul 2023-cü il tarixdə saat 09:29-da Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində “Opel Vita minik” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin elektron qaydada yazılı izahat göndərməklə göstərmişdir ki, Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının YPX inspektoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Aşağıdakı əsaslara görə hesab edirlər ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Belə ki, işin faktiki halları ondan ibarət olmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs 11 iyul 2023-cü il tarixində saat 09:29 radələrində “Opel Vita” minik markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində hərəkətdə olarkən YPX inspektoru X1 oğlu tərəfindən saxlanılmışdır. Onunla ünsiyyət zamanı nəfəsindən kəskin alkoqol iyi gəldiyindən tibbi müayinədən keçmək təklif olunmuşdur. Belə ki, işə əlavə edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə haqqında protokola əsasən alkotesterlə aparılmış müayinə zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs qanında alkoqolun konsentrasiyası 0,3 promildən yuxarı olması öz təsdiqini tapmış, həmçinin o, göstərmişdir ki, “arağı içib avtomobilə oturmayacam, həkimə getməyə ehtiyac yoxdur, alkotesterin nəticəsi ilə razıyam”. Göründüyü kimi Şəxs şüurlu şəkildə alkoqoldan istifadə edərək qəsdən avtomobili idarə edərək Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Xüsusilə qeyd etməyi zəruri hesab edirlər ki, yol nəqliyyat hadisələrinin təxminən 80%-nə səbəb sərxoş sürücülərdir. Spirtli içki qəbul edib sükan arxasına əyləşən şəxs yalnız özü üçün deyil, ətrafdakılar üçün də böyük təhlükə mənbəyidir. İçki insanın reaksiyasına, zehni fəaliyyətinə, əsəb sisteminə təsir edir, diqqətini bir yerə cəmləməsinə və yaranmış ani vəziyyətdən çıxış yolu tapmasına mane olur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 8-ci bəndinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Qanunun tələbinə görə, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Şərh olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə səhər saat 10:00 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə öz şəxsi avtomobilini idarə edərkən, **-YP-*** dövlət nömrə nişanlı Rüfət adlı DYP əməkdaşı onu saxlamışdır. Sənədlərinin qaydasında olduğunu görən Rüfət ona sual vermişdir ki, sonuncu dəfə spirtli içki nə vaxt qəbul etmisən? O, 3 gün öncə sadəcə pivə içdiyini bildirmişdir. Sənədlərinə baxan həmin Rüfət adlı DYP əməkdaşı özünün də guya Füzuli rayonundan olduğunu (saxta güvən yaratmaq üçün) və öz hüquqlarını guya bilmədiyi üçün ona köməklik göstərəcəyini ifadə etmişdir. Bu minvalla, onda özünə süni yolla güvən yaradaraq bildirmişdir ki, (guya) həmyerli olduqları üçün ona protokol yox, sadəcə bildiriş yazmış və imza atdırmışdır. Sonra ona demişdir ki, getsin Badamdar qəsəbəsində DYP idarəsində 30-cu otaqda Anar müəllim adlı şəxsə 20 AZN versin, buraxılış talonunu alsın, gəlib maşını cərimə meydançasından götürüb getsin, özü də Anar müəllimə onu tapşıracaq, narahat olmasın, bu sadəcə bildirişdir, protokol deyil. O, dərhal Badamdara, şəhər DYP bölməsinə getmiş, 30-cu otaqda Anar müəllimə yaxınlaşaraq 20 AZN verərək bildirmişdir ki, Rüfət dedi buraxılış vərəqəsini versin. Anar müəllim gülərək telefonda “Whatsapp” proqramı ilə Rüfətin ona protokolun şəklini çəkib göndərdiyini və guya onun içkili olduğunu təsdiq etdiyini ona bildirmiş və yalnız ondan sonra anlamışdır ki, Rüfət ona bildiriş adı ilə əslində protokola imza atdırmışdır. O, dərhal buna etiraz edərək Anar müəllimə həyəcanlı şəkildə bildirmişdir ki, axı Rüfət onun içkili olduğunu təsdiq edən aparatla heç bir yoxlanış etməyib və bu barədə aparatdan çıxan qəbzi də ona təqdim etməyib, bu necə ola bilər? Anar müəllim yenə gülümsəyərək ona cavab vermişdir ki, sən artıq protokola imza atmısan, 750 manat gətir, səni sürücülük vəsiqəsindən məhrum etməyim. Anar müəllimə demişdir ki, spirtli içkini ölçən aparatı gətirsin, test etsin və aparatın çekini versin, o, imza atsın, yoxsa bu əməllərinin dələduzluqdan, etibardan və vəzifədən sui-istifadə etməkdən başqa bir adı yoxdur. Anar müəllim bir daha gülümsəyərək artıq gec olduğunu və onun artıq imza atdığını təkrarlamış və bu dəfə demişdir ki, gedib heç olmasa 600 manat gətirsin, yoxsa onu sürücülük vəsiqəsindən məhrum edəcəkdir. O, Anar müəllimə bildirmişdir ki, 72 saat öncə pivə içmişdir və ümumiyyətlə içkili vəziyyətdə heç vaxt sükan arxasına əyləşən biri deyil. Onlar isə onu bildiriş vərəqəsi adı ilə heç bir test etmədən, aldadaraq, şərləyərək imza atdırmışlar və özü gedib həkimdən keçib, nəticəsini arayışla təsdiq etdirib, həmin arayışı həm onlara, həm də müvafiq orqanlara, əlaqədar qurumlara təqdim edəcəkdir. Cavabında Anar müəllim ona bildirmişdir ki, yaxşı, gedib 500 manat gətirsin, maşını aparsın. O, təkrar etmişdir ki, zəhmət olmasa, test aparatını gətirsinlər, üfürsün, nəticəyə görə qanunvericiliyə nəzərən cəriməni tətbiq etsinlər və imzanı da atsın, gedib qanuni cəriməni də ödəsin. Bu sözündən sonra Anar müəllim onu otağından qovmuşdur. O, dərhal taksiyə minərək, tibbi müayinədən keçmək üçün Respublika Narkoloji Mərkəzinə yollanmışdır. Narkoloji Mərkəzdə tibbi müayinə nəticəsində onun içkili və sərxoş vəziyyətdə olmadığı və spirtin heç bir göstəricisi olmadığı aşkar olunmuş, bu barədə akt tərtib olunaraq (AKT № ******* ) ona təqdim edilmiş və o, həmin aktı aparıb şəhər DYP idarəsində 30-cu otaqda Anar müəllimə təqdim etmişdir. Anar müəllim əsəbləşərək bildirmişdir ki, onu bir il müddətinə sürücülük hüququndan məhrum edəcək ki, ağlı başına gəlsin. Anar müəllimə demişdir ki, elə isə göndərsin məhkəməyə və ona məhkəmənin qərarına qədər maşını idarə etmək üçün müvəqqəti talon versin. Anar müəllim bildirmişdir ki, bu gün vaxtı yoxdur, gedib sabah gələr. Səhəri gün, xx.xx.2023-cü il tarixdə təkrar getmişdir Anar müəllimin yanına ki, talonu versin, işindən məhrum olmasın, ailəsini o maşınla dolandırır. Anar müəllim demişdir ki, gedib sürücülük vəsiqəsi olan bir adam gətirsin, talon versin. Gedib sürücülük vəsiqəsi olan adam və sürücülük vəsiqəsi də gətirmiş, bu dəfə də gülümsəyərək demişdir ki, sürücülük vəsiqəsinə ehtiyac yoxdur, gözləsin, onun özünə buraxılış vərəqəsi verəcəkdir. Bu minvalla Anar müəllim bu dəfə də onu saat 18:00-dək kabinetinin önündə gözlətmişdir. Nəhayət, hətta iş vaxtı bitdikdən sonra onu çağıraraq qeyd etmişdir ki, “sənin rəftarından və yola gəlməməyindən dünən xoşum gəlmədi deyə, dünən sənə buraxılış vərəqəsi vermədim, al bunu get maşını sox gözünə”. Heç bir qayda pozuntusu və xüsusən də içkili olmadığı halda, Rüfət və Anar “dostları” əlbir olduqları sövdələşmə, süründürməçilik nəticəsində iki gün o, şirkətə, iş yerinə gedə bilməmiş, onlar ona mane olub və istəmədən, məcburi qaydada işdən yayındığına görə iş yerində şirkət rəhbərliyi də onu işdən azad edib. Onun evdə xəstə atası, anası var və o, həmin maşınla gecə-gündüz işləyib ailəsini dolandıırdı, çünki onlar onun himayəsindədirlər. O, Anar müəllimə də bunu dəfələrlə bildirsə də, heç bir məhəl qoymamışdır. Çiyinlərinə paqon taxıb, etimad edilmiş, dövlətin keşiyində, haqqədalətin qorunması adı ilə hüquqi savadı olmayan vətəndaşları şərləyərək, aldadaraq başlarına oyun açan Rüfət və Anar kimi etimaddan, vəzifədən, güvəndən sui-istifadə edən, Ölkə Başçısının bu tip neqativ hallara və əməllərə qarşı apardığı mübarizəyə kölgə salan şəxslərin barəsində tədbir görülməsini xahiş edir. Qeyd edilənləri nəzərə alaraq, vətəndaşların hüquqlarını pozaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edən, eyni zamanda hüquq-mühafizə orqanlarını, qanunun aliliyini gözdən salan, polisə olan güvəni ləkələyən Anar və Rüfətin dələduzluq və böhtan əməllərini, göstərilən tarixlərdə onun nahaq saxlandığını və haqsız süründürməçiliyi sübut edən müvafiq ərazilər üzrə kamera görüntülərinin çıxarılmasının təmin edilməsində ona köməklik göstərilməsini və xidməti fəaliyyətini yoxlayaraq, onların qabaqcadan əlbir olmaqla saxtakarlığa yol verdikləri halların aşkar edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yazılı etirazında göstərilənlərə uyğun izahat vermiş və qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün istifadə edilmiş xüsusi texniki vasitənin nəticəsindən görünür ki, Şəxs 11 iyul 2023-cü il tarixdə saat 09:25-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0.418% olmuşdur. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə olunmasına dair 11 iyul 2023-cü il tarixli protokolda Şəxs tərəfindən yazılmış izahatından görünür ki, o, bir daha araq içib avtomaşın idarə etməyəcəyinə söz verdiyini, alkotestrin nəticəsi ilə razı olduğunu, həkimə getməyə ehtiyac olmadığını göstərmişdir. Şəxs məhkəməyə təqdim etdiyi “Sərxoşluq vəziyyətinin tibbi müayinə”sinə dair 11 iyul 2023-cü il tarixli 2/17732 nömrəli aktın surətindən görünür ki, Şəxs həmin tarixdə saat 12:10-da keçirilən tibbi müayinəsi zamanı onun ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Sözügedən maddənin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, belə ki, həmin şəxsin alkoqoldan istifadə etməsi və bunun nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı yerində olmaqla xüsusi texniki vasitənin vasitəsi ilə müəyyən olunmuşdur, bu nəticənin şübhə altına alınması üçün əsaslar yoxdur. Sərxoşluq faktı xüsusi texniki vasitə ilə 11 iyul 2023-cü il tarixdə saat 09:25-də yerində aşkar olunmuş, Şəxs isə saat 12:10-da tibbi müayinədən keçmişdir. Aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qaldırılmasına yetərli hesab oluna bilər. Bundan başqa inzibati araşdırma zamanı, 11 iyul 2023-cü il tarixdə Şəxs yazılı izahat verib həmin göstərici ilə razılaşaraq, həkim müayinəsindən keçməyə ehtiyac olmadığını göstərmişdir. Ona görə məhkəmə Şəxs hazırda irəli sürdüyü dəlilləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar