Məhkəmə qərarları › İş №3(007)-4329/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4329/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4329/2024 18.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin təsisçisi X2, MMC-nin nümayəndəsi-“Ədalət” Vəkil Bürosunun vəkili Vəkil2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş 06 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, 1-ci Köndələn, ev 1, mənzil 1 olan Şəxs MMC tərəfindən Zərərçəkmiş şəxs 2023-cü ilin aprel, iyun, iyul, avqust, sentyabr aylarında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Vəkil2 iş üzrə yazılı ərizə vermiş, ərizəni onunla əsaslandırmışdır ki, X5 Xidməti tərəfindən Zərərçəkmiş şəxs əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə Şəxs MMC barəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmiş, xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərardadla protokol və digər materiallar aidiyyətı üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Əvvəla, MMC tərəfindən 2024-cü il yanvar-aprel aylarını əhatə edən - 4 aylıq ödənişli təcrübə proqramı təşkil edilmişdir. Təcrübi biliklər qazanmaq və iş prosesi ilə tanış olmaq məqsədilə Zərərçəkmiş şəxs və bir neçə şəxs həmin təcrübə proqramında iştirak etmişdir. Zərərçəkmiş şəxs X5 Xidmətinə verdiyi izahatında bildirmişdir ki, həmin vaxt direktor olan Murad Əlili tərəfindən “narahat olma, səni işə düzəldəcəm” vədi verilmişdir. Lakin tərəflər arasında bunu təsdiq edən hər hansı yazılı razılaşma və ya müəyyən edilmiş öhdəlik mövcud deyil. Təcrübə proqramında iştirakla bağlı isə ödənişlər rəsmi qaydada Zərərçəkmiş şəxs ödənilmişdir. Eyni zamanda, həmin şəxslərə qarşı MMCdə işçi kimi rəftar olunmamışdır, iş saatları konkret olaraq, müəyyən edilməmişdir. Bu, Zərərçəkmiş şəxs izahatında “iş rejiminin həftənin 6 günü sərbəst iş qrafikinin olduğunu və konkret iş saatının müəyyən edilmədiyini” qeyd etməsi ilə də öz təsdiqini tapmışdır. Digər tərəfdən o, izahatında bildirir ki, “SOCAR” şirkətinin süni intellekt çat botunun front-end hissəsini hazırlamış və bir sıra digər işlərlə məşğul olmuşdur. Həmin məsələyə gəldikdə isə real proyektlərin bir hissəsi məşğul olmaq üçün təcrübəçilərə verilmiş, lakin onların tamamladığı heç bir proyekt olmamışdır. Zərərçəkmiş şəxs hazırladığı proyektlərin heç biri “SOCAR”a və ya başqa bir yerə satılmayıb. Onun fəaliyyətindən şirkətin heç bir maddi qazancı olmamışdır. Qeyd olunanlar göstərir ki, izahatda qeyd edilənin əksinə onun əməyi istismar olunmamışdır. Həmçinin, şirkət tərəfindən təcrübə proqramında iştirak edən şəxslərə hörmət kimi ofisə gəlib-getməklərinə, iş prosesində və pulsuz təlimlərdə iştirak etmələrinə, coworkingdən istifadəyə də hər cür şərait yaradılmışdır. Zərərçəkmiş şəxs izahatında qeyd etdiklərini təsdiq edən heç bir sübut mövcud deyil. Qeyd olunanları nəzərə alaraq, Şəxs MMC tərəfindən hər-hansı inzibati xəta törədilmədiyindən, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X9 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, müəssisənin özünün yazılı mövqeyi ilə vətəndaşa əmək müqaviləsi bildirişi qüvvəyə minmədən ödəniş edilmişdir. Bunun özü sübut edir ki, Səid orada işlərə cəlb edilmişdir. Protokolda texniki səhvə yol verilib, ayın, ilin səhv yazılması mahiyyəti dəyişmir. Protokol tərtib edilib ki, bu vətəndaş həmin bu müəssisədə əmək müqaviləsi qüvvəyə minmədən işə cəlb edilmişdir. Hər hansı bir şəxsə motivasiya xarakterli pul verilmir. Protokol əsasında Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Vəkil2 yuxarıda istinad olunan ərizəsinin dəlillərini müdafiə etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, tərtib edilmiş protokolun müəyyən etdiyi əsas odur ki, Səid 2023-cü ilin aprel, iyun, iyul, avqust, sentyabr ayları üzrə əmək müqaviləsi olmadan işlədilmişdir. Ancaq şəxsin özü bildirir ki, 2024-cü ilin yanvar, fevral, mart, aprel aylarında işləmişdir. Hüquqi şəxsin möhürü sənəd üçün kifayət etmir, qanunvericiliklə müəyyən edilmiş qaydada imza olmalıdır. Şəxs hal-hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə çevrilmişdir. Şəxsnin iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə çevrilməsi üçün MMC tərəfindən inzibati xəta hadisəsi törədilməlidir. Bu əməlin törədilməsini sübut etmək vəzifəsi inzibati orqanın üzərinə qoyulmuşdur. Şəxsnin Səidə maaş verib-vermədiyini sübut etmək onların vəzifələri deyil. İnzibati orqan ödəniş cədvəllərinə istinad edir. Ali Məhkəmənin mülki, kommersiya işlərində tələbi milyonlarla olan işlər üzrə məhkəmə təcrübəsi var ki, müəssisənin möhürü kifayət etmir. Müəssisənin möhürü ilə yanaşı imza olmalıdır. Adama pul verilməsini maaş kimi yozmaq olmaz. Ödəniş qəbzində yazılan məbləğin Səidə verilməsi tərəflərindən inkar edilmir. Ancaq bu, maaş deyil. Tərəfin məhkəmədə verdiyi izahatla yazılı izahat arasında ziddiyyət var. Səid məhkəmə iclaslarında bildirmişdir ki, o, orada işləmişdir. Proqramlar həyata keçirmişdir. Əgər Şəxs “SOCAR” və digər proqramları yazmaqla gəlir əldə etməyibsə Səidə necə pul verə bilər. Bu gün qarşı tərəfin vəzifəsi odur ki, sübut etsin ki, Şəxs onun əməliyyatı sayəsində proqramlardan gəlir əldə etmiş, amma ona pul verilməmişdir. Akademiyanın məqsədi təlim-tədrisdir, əgər gəlir əldə etmirsə, necə pul verə bilər. Səid deyir ki, onun qrafiki sərbəst qrafik olub. Əmək müqaviləsində iş vaxtı müəyyən edilməlidir. Bunların heç birinə əməl edilməyib. Şəxs korporativ şirkət deyil, ASC, QSC deyil. Şəxs MMC gəlir əldə etmək üçün deyil, təlim-tədris keçmək üçün yaradılmışdır. Onda olan məlumata əsasən “Justina və Gustavo” proqramlarında Zərərçəkmiş şəxs iştirakı olmamışdır. Şəxsin layihəsi yoxdursa, ona necə “SOCAR”ın layihəsini hazırlamağa verirlər. “SOCAR”ın proqramında müəyyən işlərə cəlb edilə bilər, təcrübəçi kimi köməklik göstərib öyrənə bilər. Ödənişsiz olanda kursda olan tələbələrdə 6 saat işləmək üçün motivasiya olmur, buna görə də gəlmirlər. Tələbələrə işçi kimi ödəniş edilmir. Zərərçəkmiş şəxs Şəxs MMC-də işləməmişdir, Şəxs MMC-nin barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin təsisçisi X6 nümayəndə Vəkil2 izahatına oxşar məzmunda izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, Şəxs MMC-də 6 ay kursda olmuş, 2024-cü ilin yanvar, fevral, mart, aprel aylarında işləmişdir. Ona bir dəfə 300 manat pul verilmişdir. Pul yarı-yarıya verilmiş, qalan verilən pul isə onun Akademiyaya olan borcu ilə kompensasiya edilmişdir. Müqaviləni “X7” ilə bağlamışdır. X3 qol çəkmişdir. O, orda olduğu zaman Nicat bəy Akademiyanın təsisçisi idi. Əgər, bu iş real iş deyildisə, niyə görə təlim-tədris müddətinin sonunda 4 nəfərdən 2 nəfər işləmiş, maaş almışlar. O, 4 ay müddətində təcrübə, yəni real iş mühitində real layihələr yerinə yetirmişdir. Həmin müddətdə maaş almışdır, buna dair əlində etdiyi ödənişlərə dair yekun qəbz və onun aldığı maaşla bağlı sübutları var. Bunlar ona Şəxs tərəfindən göndərilmişdir, eyni zamanda onda “WhatsApp” yazışmaları da mövcuddur. “SOCAR” ilə bağlı layihə tamamlanmış, tamamlanandan sonra satılmışdır. “SOCAR” layihəsinin satılmasına dair sübut təqdim edə bilmir, çünki o, orada işçi olmuşdur. Şəxs MMC-yə reklamlar vasitəsilə getmişdir. O, Şəxs MMC-yə işçi kimi qəbul edilməmiş, ilk öncə 6 ay təlim-tədris prosesi olmuşdur. Təlim-tədris məqsədi ilə akademiyaya getmişdir, ancaq sonradan işlə təmin edilməli idi. 6 ay müddətində təlim-tədris prosesi baş tutmuşdur. İlk öncə sırf informasiya texnologiyaları sahəsini, proqramlaşdırmanı öyrənmişdir. Təlim-tədris prosesində may ayından noyabr ayına qədər işi öyrətmişlər, yanvar ayında onları real layihələr üzərində işə götürmüşlər. O, komputer mühəndisliyi ixtisasını bitirmişdir, əvvəllər bu sahə üzrə çalışmamışdır, ilk olaraq burada işə başlamışdır. Sərbəst iş qrafiki ilə işləmişlər. İş saatı minimum 6 saat olaraq nəzərdə tutulmuşdur. Məxfilik müqaviləsi bağlanmışdır, belə ki, müqaviləyə əsasən orada işləyən şəxslər minimum 6 saat olmaqla ofisdə işçi kimi olmalı idilər. Onun orada 6 saat işləməyinə dair şahidi vardır. X11 ilə ofisdə birlikdə olmuşlar. Lakin konkret bununla bağlı sənəd təqdim edə bilmir. O, həftənin 5 günü işləmişdir. Sərbəst iş qrafiki olduğuna görə bəzən işə saat 12:00-da, bəzən isə 13:00 da getmişdir. İşə boş olduğu zaman getmiş, verilən tapşırıqları yerinə yetirmişdir. Saat 13:00-da işə gedəndə elə olmuşdur ki, artıq saatlarda da işdə qalmış, əlavə işlər də görmüşdür. Ancaq əsas olaraq ona verilən tapşırıqları yerinə yetirmək üçün işə getmişdir. Ona bildirilmişdir ki, kurs bitəndən sonra 4 aylıq real iş mühiti və real iş rejimi veriləcək. Onun əmək müqaviləsindən xəbəri olmamışdır, çünki halhazırda əmək müqaviləsi elektron olur, buna görə də bununla bağlı məlumatı olmamışdır, bilmədiyi üçün də tələb edə bilməmişdir. O, 4 ay ərzində işlədiyi zaman 2 proyekt yox, başqa proyektlər də həyata keçirmişdir. Bir neçə lahiyə təqdim etmişdir. “SOCAR” layihəsini özü işləmişdir. “Justina və Gustavo” layihələrini də özü işləmiş, proyektləri hazırlayıb təhvil vermişdir. Onlarda kodlar kitab proqramında olmuşdur. Onlar işlərini bitirib yükləyəndən sonra məlumat verirlər ki, layihə hazırdı, keçib baxa bilərsiniz. Əgər problem olurdusa, onlara yenidən tapşırıq verilirdi ki, müəyyən hissələrdə problem var, onları həll edin. O, şirkətin ona ödəməli olduğu pulu tələb etmişdir, onlar isə ona bildirmişlər ki, borcu olduğuna görə ona ödəyəcəkləri məbləği onun onlara olan borcu ilə kompensasiya edəcəklər. O da bununla razılaşmışdır. Yanvar, fevral, mart, aprel ayları təcrübə keçmişdir. May ayından noyabr ayına qədər kursda olmuş, 6 ay kurs keçmişdir. Noyabr-dekabr ayları gözləmişlər, onlara bildirilmişdir ki, yanvar ayından işlə təmin edəcəklər. 2024-cü ilin yanvar ayından real işə, real proyektlər üzərində başlamışlar. Verdikləri tapşırıqları yerinə yetirmişlər. Yanvardan aprelə qədər real qaydada işləmişdir. Hər ay şirkətə 300 manat ödəniş etmişlər. İşlədiyi dövrdə də şirkətin ona borcu qalmış, maaşı tam verilməmiş, 350 manat pul almışdır. O, 6 ayda 4200 manat ödəniş etmişdir, borclu qalmışdır, şirkət pulu tələb edəndə bildirmişdir ki, o, işləyib pulu onlara qaytaracaq. O, ayda 500 manata işləməli idi. Şirkətin ona hal-hazırda borcu yoxdur, 1650 manatı onun onlara ödəyə bilmədiyi borcla əvəzləşdirmişlər. Aylıq əmək haqqını Nicat Zeynalov ona əlbəəl vermişdir. Orada direktor idi, hal-hazırda oradan ayrılmışdır. Nicat Zeynalov onlara proyektləri ötürürdü. Kursda oxuduqları müddət ərzində 10 nəfər olmuşlar. Onların hamısı kursu axıra kimi davam etdirə bilməmişdir. Sonda 4 nəfər qalmışlar, o və Azad yüksək nəticə göstərmişlər. Murad Əlili onlara demişdir ki, 6 aydan sonrakı 4 ay işlədiyi müddət real iş stajı hesablanacaq. Proqramların yazılmasında o, Azad, Sərxan, Elmir iştirak etmişlər. O, Elmir və Azad oranın tələbəsi olmuşlar. Ona “ödəniləcək maaş ilə kompensasiya edilmişdir” yazısını əhatə edən məktubu Namiq bəy vermişdir. Təhsil aldığı vaxt proyektlərlə işləməmişdir. Gündəlik olaraq onlara akademiyada layihə meneceri olan Nərmin xanım nəzarət etmişdir. Şəxs MMC-də əmək müaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Zərərçəkmiş şəxs “142” çağrı mərkəzi vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı DOST Mərkəzində qeydə alınmış 18 iyul 2024-cü il tarixli müraciətindən görünür ki, o, Şəxs tərkibində “X8”də əmək müqaviləsi bağlanılmadan əmək fəaliyyətinə cəlb edilmişdir. Əmək haqqı ödənilsə də, əmək müqaviləsi bağlanılmamışdır. Vətəndaş bu haldan narazıdır. Müraciətinin araşdırılmasını xahiş edir; -Zərərçəkmiş şəxs X1 Bakı şəhər idarəsində verdiyi yazılı izahatın surətindən görünür ki, o, göstərmişdir ki, “...xx.xx.2023-cü ildə Şəxs MMC kursunda Front-end dekeloper təliminə başlamışdır. 6 aylıq kurs noyabr ayında bitdikdən sonra 2024-cü ilin yanvar ayında onu 4 aylıq ödənişli (əmək haqqı) təcrübə proqramına çağırmışlar. 4 aylıq təcrübə proqramı ərzində ona ödənilən əmək haqqı geciksə də, onunla əmək müqaviləsi bağlamamışlar. 4 ay müddətində aylıq 500 AZN olmaqla 2000 AZN verməli idilər. Ancaq onlara 1650 AZN borcu olduğu üçün ona veriləcək olan maaşın 1650 AZN-i kompensasiya etmişlər. Şikayəti budur ki, 4 ay müddətinə əmək haqqı alsa da, əmək müqaviləsi bağlanmamış, istismar olunmuşdur...” Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, vətəndaş Zərərçəkmiş şəxs Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə məlumatı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati araşdırma aparılaraq məsuliyyətə cəlb edilmişdir. İnzibati araşdırma orqanının mövqeyinə görə, Şəxs MMC tərəfindən Zərərçəkmiş şəxs 2023-cü ilin aprel, iyun, iyul, avqust, sentyabr aylarında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Lakin məhkəmə tədqiqi zamanı işin faktiki halları, o cümlədən əmək hüquqlarının pozulması barədə məlumat vermiş Zərərçəkmiş şəxs özünün istər inzibati araşdırma zamanı, istərsə də məhkəmə iclasında verdiyi izahatlarla müəyyən edilmişdir ki, həmin şəxs Şəxs MMC-də 2023-cü ilin may ayından noyabr ayınadək təlim xidmətlərində kurs iştirakçısı kimi iştirak etmişdir. Zərərçəkmiş şəxs kurs iştirakçısı olaraq xidmət haqqı, müqavilə dəyəri qismində razılaşdırılmış məbləği ödəmişdir. İşdə olan, Zərərçəkmiş şəxs qeyd olunan dövr üçün Şəxs MMC-yə etməsi nəzərdə tutulan ödənişlərin qrafikində “Geri qalan 1650 AZN ödəniş təcrübə müddətində ödəniləcək maaş ilə kompensasiya edilmişdir” qeydli sənəd qanunla müəyyən olunmuş qaydada təsdiqlənmədiyi üçün, yəni müvafiq səlahiyyətli şəxs (mühasib, müəssisə rəhbəri və s.) tərəfindən imzalarla təsdiq olunmadığından, ciddi mühasibatlıq sənədi qismində qəbul edilməsi, mötəbər sübut qismində qiymətləndirilməsi üçün hüquqi əsaslar yoxdur. Zərərçəkmiş şəxs həmin təlimtədris proqramını bitirdikdən sonra, 2024-cü ilin yanvar, fevral, mart, aprel aylarında Şəxs MMC-də işə cəlb edilməsi, əmək haqqı ödənilsə də, onunla əmək müqaviləsinin bağlanılmadığı ilə bağlı aidiyyəti üzrə şikayət etmişdir ki, həmin məsələnin araşdırılaraq hüquqi qiymət verilməsi və ya hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin əsasını təşkil etməsi hazırki icraatın predmeti deyildir. Bir sözlə, həmin fakt üzrə inzibati araşdırma aparılmamış və inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Belə olan halda, X5 Xidmətinə əmək hüquqlarının pozulması ilə bağlı müraciət etmiş Zərərçəkmiş şəxs 2023cü ilin aprel, iyun, iyul, avqust, sentyabr aylarında Şəxs MMC-də işə cəlb edilməsi, lakin onunla əmək müqaviləsi bağlanmaması barədə qənaətə gəlinməsi üçün əsaslar yoxdur, həmin dövr üçün Şəxs MMC-nin mübahisələndirilən xarakterli inzibati xəta hadisəsini törətməsi birmənalı olaraq istisna edilir, işin faktiki mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində isə təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bir sözlə, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, baxılan işə münasibətdə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və MMC inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi müəyyən edilmədiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və məhdud məsuliyyətli cəmiyyət inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar