Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4333/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, xx xxx 1959-cu il tarixdə Ağdam rayonunun Saybalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsi, ev 26, mənzil 50-də qeydiyyatda olmaqla yaşayan, ********** nömrəli VÖEN əsasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 04 sentyabr 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 06 iyul 2024-cü il tarixdə Astara gömrük İdarəsinin “Cənub-Astara” gömrük postundan keçməklə İran İslam Respublikasından ayrı-ayrı şəxslərə məxsus yükləri daşıyan 42BR237/42ZA525 nömrə nişanlı yük avtomaşınına Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda 08 avqust 2024-cü il tarixdə gömrük yoxlaması həyata keçirilmiş, gömrük yoxlaması zamanı yük avtomaşınında Azərbaycan Respublikasının vətəndaşı Şəxs tərəfindən ayrı-ayrı şəxslərin adına gömrük ərazisinə gətirilən malların içərisində gömrük orqanına bəyan edilməyən, heç bir mal-müşayiət sənədi olmayan netto çəkisi 3.220 kq olan 94 ədəd ceyran göbəyi yükü aşkar edilmişdir. Araşdırma zamanı İran İslam Respublikasından 42BR237/42ZA525 nömrə nişanlı yük avtomaşınında ümumilikdə 5 ayrı idxalatçının adına gətirilmiş malların “karqo daşımasının” və gömrük rəsmiləşdirilməsinin aparılmasının Şəxs tərəfindən həyata keçirildiyi və aşkar edilmiş netto çəkisi 3.220 kq olan 94 ədəd ceyran göbəyi yükünün ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən gömrük orqanına bəyan edilməli olduğu halda bəyan edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasına gəlməmişlər, məhkəmə iclasının təşkili ilə bağlı mobil telefon vasitəsi ilə əlaqə saxlanılarkən Şəxs inzibati xətanı etiraf etmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təhqiqat zamanı verdiyi izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Həmin izahatda göstərmişdir ki, o, İran İslam Respublikasından ayrı-ayrı idxalatçılara məxsus malların Azərbaycan Respublikasına gətirilməsini və gömrük rəsmiləşdirilməsindən sonra mal sahiblərinə təhvil verilməsini nəzərdə tutan karqo fəaliyyətini həyata keçirir, belə ki, İran İslam Respublikasından Azərbaycana hər hansı malı idxal etmək istəyən şəxslər ona müraciət edir, razılaşma əsasında İrandan aldıqları malları İranın Astara şəhərində yerləşən icarəyə götürdüyü anbarına təhvil verirlər, orada isə işçilər tərəfindən malların çeşidlənməsi və siyahı üzrə yoxlanması aparıldıqdan sonra İran İslam Respublikası vətəndaşları olan işçiləri tərəfindən Bakıya yola salınır, gətirdiyi mallar barədə idxalatçılarla şifahı razılaşma olur, hər hansı sənəd üzrə razılaşma aparmırlar, belə ki, mallar ölkəyə gətirildikdən sonra İran İslam Respublikasında onun anbarına təhvil verilən zaman təqdim edilmiş müşayiət sənədləri əsasında o da gömrük orqanına bəyan edib rəsmiləşdirdikdən sonra mal sahiblərinə təhvil verir, xx.xx.2024-cü il tarixdə İran İslam Respublikasından ümumilikdə 5 ayrı idxalatçı olmaqla, X3, X4, X6, X2 və X1 yüklərinin 42BR237/42ZA525 nömrə nişanlı yük avtomaşınında Azərbaycan Respublikasına gətirilməsini və həmin malların gömrük rəsmiləşdirilməsini özü həyata keçirmişdir, belə ki, həmin idxalatçıların malları X5 Astara şəhərində olan anbarına siyahı üzrə təhvil verilmiş və malların Azərbaycan Respublikasına gətirilməsi və idxalatçıların adına rəsmiləşdirilməsini həyata keçirmiş, xx.xx.2024-cü il tarixdə İran İslam Respublikasından ümumilikdə 5 ayrı idxalatçı olmaqla, X3, X4, X6, X2 və X1 adına 442BR237/42ZA525 nömrə nişanlı yük avtomaşınında gətirilmiş mallara 08 avqust 2024-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirilən zaman sözügedən malların daşındığı 442BR237/42ZA525 nömrə nişanlı yük avtomaşınında daşınan malların sayı və ceşidi çox olduğundan ceyran göbəyi yükünün bəyan edilməsi diqqətindən yayınmış, 08 avqust 2024-cü il tarixdə mallara baxış keçirilərkən netto çəkisi 3.220 kq olan 94 ədəd ceyran göbəyi yükü aşkar edilmiş, baxışın nəticəsinə dair protokol tərtib edilmiş və protokol tərəfindən imzalanmışdır, gömrük qaydalarının pozulduğunu etiraf edir. İşdə olan “İpək yolu” gömrük postununun rəisinin 10 avqust 2024-c il tarixli raportundan görünür ki, 08 avqust 2024-cü il tarixdə İran İslam Respublikasından 42BR237/42ZA525 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə idxal edilmiş yüklərə gömrük yoxlaması həyata keçirən zaman, bəyan olunmayan 1 yer brutto çəkisi 3.320 kq, netto çəkisi 3220 kq (94 ədəd) olan ceyran göbəyi adlanan yük aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin əmtəəşünaslıq ekspertizasının 26 avqust 2024-cü il tarixli 120 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd ceyran göbəyinin xx.xx.2024-cü il tarixə orta bazar qiymətinin 34.60 manat olmaqla, 94 ədəd ceyran göbəyinin ümumilikdə orta bazar qiymətinin 3252.40 (üç min iki yüz əlli iki manat, qırx qəpik) manat olduğu müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, inzibati xəta törətmiş şəxsə tənbeh qismində cərimə tətbiq olunması nəzərdə tutulduğundan inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən bəyan edilməyən 3552,40 manat məbləğində malların qırx faizi miqdarında - 1300,96 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4333/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4333/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver