Məhkəmə qərarları › İş №3(007)-4334/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4334/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4334/2024 27.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1962-ci ildə Sabirabad rayonu, Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-190/2023 saylı icra vərəqəsindən görünür ki, Şəxs 64452.6 (altmış dörd min dörd yüz əlli iki manat 60 qəpik) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İnzibati iş üzrə materiallardan görünür ki, icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərar ilə xx.xx.2023-cü il tarixli, 2(103)-190/2023 saylı saylı icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Nizami rayon İcra Şöbəsinin icraatında olan xx.xx.2023-cü il tarixli, 2(103)-190/2023 saylı icra vərəqəsinin icrası ilə bağlı 64452.6 manat məbləğində pul vəsaitindən 32000 manat borc ödənilməmişdir. Bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X2 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatında Şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-190/2023 saylı icra vərəqəsi üzrə icra işi mövcuddur, xx.xx.2024-cü il tarixli qərarla icra sənədinin icrasına başlanılmış, borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Hal-hazırda tələbkar borcun tam şəkildə ödənilməsini tələb edir. Dəfələrlə icra sənədinin tam icrası tələb olunmuş, lakin müsbət nəticəsi olmamışdır. Bu səbəbdən protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Hazırda borclunun tələbkara 64 min 452 manat 60 qəpik borcundan 32 min manat borcu qalır. Borcunun 1000 manatını protokol tərtib olunandan sonra xx.xx.2024-cü il tarixdə, 2000 manatını isə xx.xx.2024-cü il tarixdə ödəmişdir. Bu səbəbdən protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında tələbkar Nuriyev X3 Babaşov ilə ayda 5000 manat ödənilməsi barədə razılıq olduğunu, lakin ödənişlərin vaxtı-vaxtında olunmadığı səbəbindən icra sənədi üzrə borc məbləğinin bütövlüklə ödənilməsini istəyərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, icra sənədinə əsasən tələbkara təxminən 64 min manat borcu olmuş, lakin hazırda həmin məbləğin müəyyən hissəsini ödəmişdir. Belə ki, barəsində olan sonuncu dəfə məhkəmə prosesində 5 min manat, ondan sonrakı dövrdə yenə 5 min manat, 2 min manat, xx.xx.2024-cü il tarixdə də 1000 manat və xx.xx.2024-cü il tarixdə 2000 manat ödəmiş, avqust ayında isə 800 manat pensiyasından tutulmuşdur. Maddi sıxıntıları olduğu üçün məbləği tam şəkildə birdəfəlik ödəyə bilmir. Qeyd olunanlara əsasən barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirdi ki, borclu borcunu ödəməkdən imtina etmir, sadəcə hazırki vəziyyətdə borcunu tam ödəyə bilmir, lakin ödənişi kəsmir. Hər ay 800 manat məbləğində vəsait pensiyasından tutulur. Özü Qarabağ qazisidir. Bütün bunları nəzərə alaraq məhkəmədən Şəxs barəsindəki inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclaslarında borclu tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qəbzlər ilə müəyyən olundu ki, borclu Şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-190/2023 saylı icra sənədi üzrə yaranmış borcdan 1000 manat və 2000 manat olmaqla ümumilikdə 3000 manat məbləğində tələbkara ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs tələbkara mütəmadi şəkildə 2024-cü ilin may ayında 5000 manat, iyun ayında 5000 manat, iyul ayında 2000 manat və avqust ayında isə əmək pensiyasından tutulma aparılması, hal-hazırda isə 3000 manat məbləğində ödənişin olunması icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 6 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 6 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 36 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar