Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4339/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi-prokuror köməkçisi X1, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1987-ci il tarixdə Naxçıvan MR Şərur rayonunun Cəlilkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi ev 27Q-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokurorluğunun 16 sentyabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, fiziki şəxs Şəxs (FİN xxxxxxx) ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2024-cü il tarixədək olan son bir il ərzində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyu talaması nəticəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-də Nizami rayon sukanal idarəsinə ümumilikdə 4656 manat məbləğində olmaqla az miqdarda ziyan vurmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulması inzibati xətasını törətmişdir. Qeyd olunanlar X7, X8 və barəsində inzibati icraat başlanılan şəxs Şəxs izahatları, hadisə yerinə baxış keçirilməsi barədə protokol, mütəxəssis rəyi və video görüntü ilə sübut olunur. Araşdırma zamanı izahatı alınmış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-də Nizami rayon sukanal idarəsinin Abonentlərlə iş şöbəsinin İş əmrlərinin icrasına nəzarət qrupunun mühəndisi vəzifəsində işləyən X7 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs adlı şəxsin su istehsalı fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsində sayğacdankənar su xəttindən istifadə etməsi barədə məlumata əsasən Nizami rayon sukanal idarəsinin əməkdaşları həmin obyektə gedərək obyektin zirzəmisinə, obyektin su sayğacına və su təchizatına baxış keçirmişlər. Obyektin zirzəmisində su sayğacından keçməyən d=20 mm olan ana su xəttinə qoşulmuş əlavə xətt aşkar edilmiş, əlavə xidmət də qəza xidməti tərəfindən ləğv edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin əlavə xətt Şəxs fəaliyyət göstərdiyi obyektə yaxın məsafədə binanın birinci mərtəbəsinə daxil olmuşdur. Bu səbəbdən hesablanma nəticəsində müəyyən edilmişdir ki, Şəxs sudan sayğacdankənar istifadə etməsi nəticəsində ödəməli olduğu borc məbləği 7024 manat təşkil edir. “Sudan istifadə qaydaları haqqında” Qanuna əlavədə nəzərdə tutulmuş qaydalara əsasən hesablanma aparılmışdır. Hesablama zamanı Şəxs konkret fəaliyyət göstərdiyi iş günlərinin sayı nəzərə alınmamışdır. Qanunsuz sərfiyyatın müddəti, nə vaxt başlandığı və nə vaxtadək davam etdiyi dəqiq müəyyən olunmadığından, 1 il kimi nəzərə alınmışdır. Sonuncu baxış tarixini dəqiq deyə bilməmiş, hər ay qeyd edilən ünvana su sərf edən sayğaca su idarəsinin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Araşdırma zamanı barəsində inzibati icraat başlanılan şəxs Şəxs izahatında bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən “Lallar cəmiyyəti”nə məxsus doqquzmərtəbəli binanın birinci mərtəbəsində yerləşən təxmini sahəsi 80 kv.m-lik qeyriyaşayış sahəsini icarəyə götürmüşdür. Həmin yerin icarə müqaviləsini qohumu X2 adına fiziki şəxs kimi “Lallar Cəmiyyəti” ilə bağlamışdır. Lakin, faktiki sahibkar o olmuşdur. xx.xx.2024-cü il tarixdə ona əvvəlcədən xəbərdarlıq olunmadan Nizami rayon sukanal idarəsinin əməkdaşları obyektə gələrək binanın zirzəmi hissəsinə baxış keçirmiş və bu zaman ana xəttə qoşulmuş boru xəttinin olmasını və həmin boru xəttinin birinci mərtəbəyə daxil olmasını müəyyən etmişlər. Ona bildirmişlər ki, həmin xətt guya onun tərəfindən qoşulmuş və sayğacdankənar olaraq sudan istifadə edilmişdir. Ancaq tərəfindən hər hansı qanunsuz su xəttinə qoşulmamışdır. Bu səbəbdən də orada akt tərtib edilsə də, o, həmin aktı imzalamaqdan imtina etmişdir. ünvan 4 ünvanında yerləşən “Lallar Cəmiyyəti”nə məxsus doqquzmərtəbəli binanın birinci mərtəbəsindəki 80 kv.m-lik qeyri-yaşayış sahəsində işlədiyi müddət ərzində Nizami rayon sukanal idarəsinin əməkdaşları tərəfindən istifadə etdiyi obyektə baxış keçirilənədək, yəni xx.xx.2024-cü il tarixədək son bir il ərzində obyektdə o, qeyri-iş günləri, yəni həftənin şənbə və bazar günləri, bayram günləri istisna olmaqla mütəmadi qaydada hər gün 2 ton sudan istifadə etmişdir. Belə ki, o, 2 ton çirkli suyu təmizləyərək qalan suyun satışını həyata keçirmişdir. Belə olan halda isə xx.xx.2024cü il tarixədək il ərzində olan 74 gün qeyri-iş günü nəzərə alınmadan o, 286 gün fəaliyyət göstərmiş və gündəlik 2 ton sudan istifadə etmişdir. Suyun 1 tonunun qiyməti 8 manatdır. Araşdırma zamanı izahatı alınmış X8 izahatında bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən “Lallar cəmiyyəti”nə məxsus doqquzmərtəbəli binanın birinci mərtəbəsində yerləşən təxmini sahəsi 80 kv.m-lik qeyri-yaşayış sahəsini icarəyə götürməyi ilə əlaqədar həmin yerin icarə müqaviləsi fiziki şəxs kimi “Lallar Cəmiyyəti” ilə bağlanmışdır. Lakin, faktiki sahibkar o olmamış, həmin qeyri-yaşayış sahəsindən qohumu Şəxs istifadə etmişdir. O, uzun müddətdir ki, həmin qeyri-yaşayış sahəsinə getmədiyini, sonuncu dəfə həmin obyektə təxminən 2-3 il bundan əvvəl getdiyini, ora gedəndə də məqsədinin yalnız qohumu Eminlə görüşmək olduğunu, həmin qeyri-yaşayış sahəsində Eminin hansı qaydada sudan istifadə etməsi, hansı xəttə qoşulması və s. barədə heç bir məlumatı olmadığını bildirmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən doqquzmərtəbəli binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsidir. Baxış iştirakçısı Şəxs bildirmişdir ki, qeyriyaşayış sahəsinin təxmini sahəsi 80 kv.m-dir. Orada həyata keçirdiyi sahibkarlıq fəaliyyəti su istehsalından ibarətdir. Obyektin içərisində hər biri 2 ton su tutumu olan 2 ədəd plastmas çən vardır. Su sayğacına baxış keçirilərkən müəyyən edilmişdir ki, sayğacdan sonuncu dəfə 2022-ci ildə su keçmişdir. Sayğacın giriş-çıxış xətləri kəsilmişdir. Baxış iştirakçısı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-də Nizami rayon sukanal idarəsinin Abonentlərlə iş şöbəsinin iş əmrlərinin icrasına nəzarət qrupunun mühəndisi vəzifəsində işləyən X7 bildirmişdir ki, abonent su təchizatı sisteminə sayğacdankənar qoşulduğu üçün bir neçə gün əvvəl sayğacın girişçıxış su xətlərini kəsmişdir. xx.xx.2024-cü il tarixdə obyektə keçirilmiş baxışla zirzəmidə abonent Şəxs su təchizatı sisteminə kənar xətlə qoşulması müəyyən edilmişdir. “Videoçəkilişə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-də Nizami rayon sukanal idarəsinin əməkdaşları tərəfindən ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsində su təchizatı sisteminə iç diametri 15 mm olan boru ilə qanunsuz qoşulma halı müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, sudan xammal kimi istifadə edilən istehlakçılarda 1 kubmetr suyun qiyməti ƏDV ilə birlikdə 8 AZN-dir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavəsinə uyğun olaraq sudan xammal kimi istifadə edən istehlakçıların su təchizatı sisteminə 15 mm-lik boru ilə qanunsuz qoşulmaları aşkar edildikdə, yəni su təchizat sisteminə qanunsuz qoşulmuş borunun iç diametri 15 mm olduqda (D=15mm), borunun su buraxma qabiliyyəti 1 kubmetr/saat=0,61 kubmetr, günlük istifadə müddəti 4 saat, qanunsuz istifadə müddəti isə son 1 il olaraq hesablanır. Şəxs ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2024-cü il tarixədək qeyri-iş günləri istisna olmaqla hər gün mütəmadi şəkildə son bir il ərzində günlük 2 ton su sərf etməsini bildirmişdir. Şəxs izahatında qeyd etdiyi formada istifadə etdiyi suyun dəyərinin hesablanması ilə əlaqədar bildirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixədək olan müddət ərzində sərf etdiyi suyun miqdarı barədə izahatında qeyd etdiyi xüsusatların doğruluğu araşdırmanı aparan orqan tərəfindən təsdiq olunduqda, xx.xx.2024-cü il tarixədək olan son bir il ərzində X11 tərəfindən istifadə olunmuş suyun dəyəri 365 (il ərzində olan günlərin sayı) - 74 (qeyri-iş günləri) x 2 (günlük istifadə edilmiş suyun miqdarı kubmetrlə) x 8 (qanunvericiliklə suyun 1 m3 üçün müəyyənləşdirilmiş tarif) düsturu ilə hesablana bilər. Belə hesablama apardıqda Şəxs tərəfindən su təchizatına qanunsuz qoşulmaqla sərf edilmiş suyun dəyəri 4656 manat müəyyənləşdirilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası İXM-nin 99.1.2-ci maddəsinə əsasən Nizami rayon prokurorluğunda toplanmış material olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Aparılmış araşdırma nəticəsində Şəxs tərəfindən az miqdarda suyun talanması faktı üzrə əməldə cinayət tərkibi olmadığından xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, qərarın və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Bakı şəhəri Nizamı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi-prokuror köməkçisi X5 qərarın dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, araşdırma zamanı şəxsin qeyri-iş günləri işləyib-işləmədiyini sübut edə bilməmişlər, buna görə əsaslı şübhələri əməli törətmiş şəxsin xeyrinə həll edərək cinayət işi başlamaqdan imtina etmişlər, inzibati xəta törədildiyinin sübuta yetirildiyini nəzərə alaraq, inzibati icraat başlamışlar. Mütəxəssisin müəyyən etdiyi ziyanın həcmini və məbləği qəbul edirlər. Fiziki şəxs qismində Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, su idarəsindən hər gün gəlib yoxladılar, bir şey tapa bilmədilər. Sonra qərara gəldilər ki, protokol yazsınlar. Gəlib sayğacı sökdülər, səhər gəldilər ki, sənin orada qeyri-qanuni xəttin var. O da demişdir ki, özü burada yaşayır. Araşdırıb baxsınlar, qeyri-qanuni qoşulma varsa, nə lazımdırsa ödəyər. O, həmin yerdə 5 il işləyib, belə çıxır ki, qeyri-qanuni işlətdiyini bu müddətdə görmürlər, 5 ildən sonra rəisləri dəyişəndən sonra ona deyirlər ki, qeyri-qanuni suyu istifadə edib. O xətt ona gəlmir, su idarəsinin işçiləri bir xətt tapıblar, heç bilmirlər ki, həmin xətdən su haraya gedir. İnzibati protokol düzgün tərtib olunmamışdır. O, aldığı suyun mənbəyini göstərə bilər, o, suyu su idarəsindən alır. Hər gün gəlib yoxlama aparırdılar. Arxiv otağı var, sədrin otağı var, istehsala aid olmayan otaqlardı, gedib orada nə axtaracaqdılar. Həmin binanın iki su gələn yeri var, onların su istehsal etdikləri yerə nəinki o, işçidən başqa heç kim girə bilməz, ayaqları palçıqlı gəlib içəri keçmək istəyirlər. İki xətt onların binasına gedir, demişdir ki, gedin, oradan baxın, bu otağa girməyin mənası nədi. Əməkdaşlar gələndə demişdir ki, onlarda ən yaxşı başı çıxan kimdirsə o gəlsin girsin, 40 dəqiqə baxsın. Hər gün bir adam gəlməsin, orada qida istehsal olunur. Gedib xətlərə baxsınlar. Özünü təqsirli bilmir, hesab edir ki, inzibati xəta törətməmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon prokurorluğunda aparılan araşdırma ilə inzibati xətanın törədildiyi və bunda Şəxs təqsirli olması sübuta yetirilmişdir. Mütəxəssis tərəfindən verilmiş rəyi mübahisələndirmirlər, qəbul edirlər. Onun barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 qərarda göstərilən qaydada izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o və bir neçə əməkdaşları yoxlama üçün getmişlər, Şəxs onlara baxış üçün şərait yaratmamışdır, onlar bununla bağlı qeydiyyat aparmışlar. Orada otaq olmuşdur, xahiş etmişlər ki, qapını açsın, lakin Şəxs demişdir ki, olmaz, oranın qapısını aça bilməz. Şəxs su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyu talamışdır. Onlar məhz həmin xətlərin çıxdığı otağın qapısını açmasını tələb etmişlər. Şəxs açarın onda olmadığını, sədrin otağı olduğunu demişdir. Sədrdən açarı istəmişlər, o da demişdir ki, açar onda yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 qərarda göstərilən qaydada izahat vermiş, əlavə olaraq göstərmişdir ki, şübhəli sərfiyyatla bağlı dəfələrlə getmişlər, amma Şəxs onlara köməklik etməmişdir. Sayğacın quraşdırılmasına baxılsa, məlum olar ki, bu, quraşdırıldığı vaxtdan istifadə edilməyib. Baxış keçirdikdə, görmüşlər ki, qeyriqanuni sudan istiadə edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 qərarda göstərilən qaydada izahat vermiş, əlavə olaraq göstərmişdir ki, yoxlama aparanda görmüşlər ki, sayğac işləmir, amma obyekt fəaliyyət göstərir. İstehsal sahəsi olduğu üçün onlara ora daxil olmağa icazə verilməmişdir. Sonra yenə sayğac sönülü olmuş, məcbur olmuşlar ki, baxış keçirsinlər. Müəyyən etmişlər ki, əlavə xətlər var, Şəxs fəaliyyət göstərdiyi obyektə daxil olur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 qərarda göstərilən qaydada izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, təhsil sahəsində işləyir, oraya heç gedibgəlmir. Su ilə olan problem nədir, bilmir. 5 ildir bu istehsal gedir, əgər, bir idarə 5 ildir nə isə araşdırıb tapa bilmirsə, gülüncdür. Məhkəmə iclasına mütəxəssis qismində dəvət olunmuş X4 göstərmişdir ki, o, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nizami rayon sukanal idarəsinin abonentlərlə iş şöbəsinin rəisi vəzifəsində işləyir. Baxılan iş üzrə 07 sentyabr 2024-cü il tarixli rəy onun tərəfindən verilmişdir. Belə ki, sudan xammal kimi istifadə edilən istehlakçılarda 1 kubmetr suyun qiyməti ƏDV ilə birlikdə 8 AZN-dir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavəsinə uyğun olaraq sudan xammal kimi istifadə edən istehlakçıların su təchizatı sisteminə 15 mm-lik boru ilə qanunsuz qoşulmaları aşkar edildikdə, yəni su təchizat sisteminə qanunsuz qoşulmuş borunun iç diametri 15 mm olduqda (D=15mm), borunun su buraxma qabiliyyəti 1 kubmetr/saat=0,61 kubmetr, günlük istifadə müddəti 4 saat, qanunsuz istifadə müddəti isə son 1 il olaraq hesablanır. Təqdim edilmiş materialların öyrənilməsi ilə müəyyən etmişdir ki, Şəxs ünvan 6 ünvanında yerləşən qeyriyaşayış sahəsində 24 iyul 2024-cü il tarixədək qeyri-iş günləri istisna olmaqla hər gün mütəmadi şəkildə son bir il ərzində günlük 2 ton su sərf etməsini bildirmişdir. Şəxs izahatında qeyd etdiyi formada istifadə etdiyi suyun dəyərinin hesablanması ilə əlaqədar, onun 24 iyul 2024-cü il tarixədək olan müddət ərzində sərf etdiyi suyun miqdarı barədə izahatında qeyd etdiyi xüsusatların doğruluğu araşdırmanı aparan orqan tərəfindən təsdiq olunduqda, 24 iyul 2024-cü il tarixədək olan son bir il ərzində X11 tərəfindən istifadə olunmuş suyun dəyərinin 365 (il ərzində olan günlərin sayı) - 74 (qeyri-iş günləri) x 2 (günlük istifadə edilmiş suyun miqdarı kubmetrlə) x 8 (qanunvericiliklə suyun 1 kubmetri üçün müəyyənləşdirilmiş tarif) düsturu ilə hesablana bilər. Belə hesablama apardıqda X11 tərəfindən su təchizatına qanunsuz qoşulmaqla sərf edilmiş suyun dəyərinin 4656 manat müəyyənləşdirilməsinə dair rəy vermişdir. Hazırda da həmin rəyi müdafiə edir. Rəy veriləkən qeyri-iş günləri, həftə sonları hesablanmamış, humanist mövqe göstərmişlər. Məhkəmə iclasında tərəflərin iştirakı ilə iş materiallarına əlavə edilmiş diskdə olan videogörüntülərə baxış keçirilmiş, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair qərarda əksini tapan və məhkəmə iclasında işin faktiki müəyyən edilmiş hallarının öz təsdiqini tapdığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz Şəxs tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xəta haqqında işin icraatını istisna edən və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməklə işin icraatına xitam verilməsi üçün əsas hesab olunacaq hallar müəyyən edilməmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Maddənin “Qeyd”inə əsasən bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı tələb olduğu halda mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş hüquqi şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4339/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4339/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver