Məhkəmə qərarları › İş №3(007)-434/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-434/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-434/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şəxs, xx xxxxxx 1985-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs, xx xxxxxx 2020-ci il tarixdə, saat 08:58-də idarə etdiyi “Opel Vectra” markalı, az ** DU *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə yol-patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış və məlum olmuşdur ki, sürücü nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında protokolda göstərilən xüsusatları inkar edərək, bildirdi ki, yol-patrul xidməti hadisə vaxtı onu aldatmış və izahat yazdırmışdır ki, guya o, içkili olub. Lakin bütün bunlar həqiqəti əks etdirmir. Həmin vaxt, inspektor onu arxayın etmişdir ki, izahat yazsa heç bir problem olmayacaqdır və ona kömək ediləcək. Sonda o, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Bakı şəhər Baş Polis İdarəsi Dövlət X2 nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə haqqında xx xxxxxx 2020-ci il tarixli, ******* saylı protokoldan görünür ki, polis əməkdaşı tərəfndən həmin tarixdə, saat 08:53-də Şəxs sərxoşluq vəziyyəti “ACE-Z” markalı, İN-642175 nömrəli xüsusi texniki vasitə ilə yoxlanılmış və nəticədə onda sərxoşluq dərəcəsi 1,607 % müəyyən edilmişdir. Bundan əlavə, həmin protokolda Şəxs, “Mən, Şəxs, söz verirəm ki, bir daha axşamlar likor spirtli içkisi qəbul edib avtomobil idarə etməyəcəm. Alkotestrdən keçdim, həkimə getməyimə ehtiyac yoxdur, hal-hazırda özümü yaxşı hiss edirəm, təkrar olmaz” məzmunlu izahat yazmış və öz şəxsi imzası ilə təsdiq etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə tövsif olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrin səlahiyyətinə aid edilmədiyindən, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılması növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasının həddi daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, onun 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılsın. AC seriyalı, 728041 saylı sürücülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar