Məhkəmə qərarları › İş №3(007)-4340/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4340/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4340/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-ci ildə Zaqatala rayonu, Çardaxlar kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 nömrəsiz fərdi yaşayış evində yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən vəzifəli şəxs Şəxs “Bakı İnşaat Sənaye" ASC-də ustanın vəzifə təlimatının 2.1 və 2.2-ci bəndlərinin tələblərinə uyğun olaraq “Bakı İnşaat Sənaye" ASC-də usta vəzifəsində işləyən zaman ASC-nin fasonlu hissələrinin metaltökmə sahəsində iş yerinin vəziyyətini, təhlükəsizlik tələblərinə cavab verməsini, işin təhlükəsizliyini təmin edən avadanlıqların, alətlərin və digər qurğuların yoxlanılmasını mütəmadi olaraq həyata keçirib aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər görməli olduğu halda bunları etməməsi nəticəsində xx.xx.2024cü il tarixdə, saat 18 radələrində ünvan 3 ünvanında yerləşən “Bakı İnşaat Sənaye" ASC-yə məxsus zavodun fasonlu hissələrin metaltökmə sahəsində işləyən Zərərçəkmiş şəxs iş prosesi zamanı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən xx.xx.2024-cü il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X4 inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarın məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, 2007-ci ildən "xxxx" ASC-nin ünvan 3 ünvanında yerləşən zavodunda işləyir. Bir neçə ildir ki, o, zavodun fasonlu hissələrin metaltökmə sahəsində növbə ustası vəzifəsində işləyir. Növbə ustası kimi vəzifəsi zavodun fasonlu hissələrin metaltökmə sahəsinin sex rəisinə aid olan səlahiyyətləri gecə vaxtı, yəni 20:00dan saat 06:00-dək olan dövr ərzində icra etməkdir. xx.xx.2024-cü il tarixdə sex rəisinin növbəti əmək məzuniyyətinə buraxılması səbəbindən onun vəzifələri ona həvalə edilmiş, həmin tarixdən də o, sex rəsinin vəzifələrini icra etməyə başlamışdır. Sex rəisinin vəzifə təlimatına uyğun olaraq işlərin düzgün təşkili və təhlükəsiz aparılmasını, avadanlıqların, mexanizmlərin, alətlərin, mühafizə vasitələrinin istismarını və iş yerlərinin lazımi vəziyyətdə saxlanılmasını və.s. təmin və bunlara nəzarət etməli, iş prosesində aşkar edilmiş pozuntuları növbətçinin, manqanın və briqadanın gücü ilə operativ aradan qaldırmalı, pozuntunu aradan qaldırmaq mümkün olmadıqda rəhbərliyə bu barədə məlumat verməli, iş yerlərində materialların, ehtiyyat hissələrinin detalların, alətlərin, tərtibatların yerləşdirilməsini və saxlanılmasını təmin etməli, keçid və yolların lazımsız əşyalarla tutulmasına yol verməməli və.s. işləri görməlidir. xx.xx.2024-cü il tarixdə iş qrafikinə uyğun olaraq saat 20:00-da işə gəlmişdir. İşə gəldikdə ona bildirilmişdir ki, iş zamanı təxminən saat 18 radələrində onun işdə olmadığı vaxtda ərinti dəmirin qəlibdən tökülərək qəlibçi Zərərçəkmiş şəxs yandırması nəticəsində Zərərçəkmiş şəxs ciddi bədən xəsarətləri almış və xəstəxanaya aparılmışdır. Hadisənin hansı şəraitdə baş verməsini soruşduqda hadisənin şahidləri ona bildirmişlər ki, Nurəli içərisinə 1700 dərəcədə qızmış dəmirin ərinti materialları tökülmüş qəliblərdən birinin üzərinə dağılmış ərintinin bərkimiş halını əlindəki lom dəmirlə təmizləyərkən bu zaman digər qəlibin hissəvi birləşmə yerinə qaynaqla bərkidilmiş armatur qaynaqdan qopduğu üçün ərinti metal qəlibin hissəvi birləşmə yerindən çıxaraq Zərərçəkmiş şəxs üzərinə tökülmüş və Nurəli aldığı xəsarətlərə görə xəstəxanaya aparılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasına səhhəti ilə əlaqədar olaraq gəlməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X7 canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 694 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs – qarnın sağ yarısının və belin sağ hissəsini əhatə edən İİ dərəcəli (9%), sağ yuxarı ətrafın İİİ dərəcəli (3%), sağ budun yuxarı 1/3-nin ön bayır səthinin İİ dərəcəli (3%), sol budun və baldırın yuxarı 1/3-nin arxa iç səthinin və sağ sağrının aşağı iç kvadrantının İİİ dərəcəli (7%), cinsiyyət üzvünün İİİ dərəcəli (1%), hər iki pəncənin ayaqaltı nahiyələrinin və sağ pəncənin üst səthinin İV dərəcəli (1+2%) ümumilikdə İİ dərəcəli (12%), İİİ dərəcəli (11%), İV dərəcəli (3%) termiki yanıqları-yüksək hərarətə malik ərimiş metalın təsirindən törənə bilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları istisna olunmur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/5925 saylı rəyinin nəticə hissəsindən görünür ki, “Bakı İnşaat Sənaye" ASC-nin fasonlu hissələrin metaltökmə sahəsində qəliblərin sonluqlarının etibarlı və kip şəkildə birləşdirilməsinin təmin olunmaması hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Bakı İnşaat Sənaye" ASC-də ustanın vəzifə təlimatının 2.1 və 2.2-ci bəndlərinin tələbləri pozulmuşdur. “Bakı İnşaat Sənaye" ASC-nin fasonlu hissələrin metaltökmə sahəsində iş yerinin vəziyyətini, təhlükəsizlik tələblərinə cavab verməsini, işin təhlükəsizliyini təmin edən avadanlıqların, alətlərin və digər qurğuların yoxlanılmasını mütəmadi olaraq həyata keçirib, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər görmədiyinə görə “Bakı İnşaat Sənaye" ASC zavodunda növbə ustası işləyən X2 tərəfindən vəzifə təlimatının 2.1 və 2.2-ci bəndlərinin tələbləri pozulmuşdur. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-in 162 və 222-ci maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. "xxxx" ASC-nin ünvan 3 ünvanında yerləşən zavodun fasonlu hissələrin metaltökmə sahəsində növbə ustası vəzifəsində işləyən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan həmin fakt üzrə inzibati xəta haqqında iş üzrə inzibati icraatın başlanması məsələsinə baxılması üçün toplanmış material üzrə müvafiq sənədlərin rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda- min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla texniki təhlükəsizliyə riayət edilməsinə cavabdeh olan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar