Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4348/2023 25.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Rusiya Federasiyasının Yaroslavl şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2022-ci il tarixdə saat 16 radələrində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Nissan Qashqai” markalı, AZ **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektinin əsas yolunun ikinci zolağı ilə şəhərin mərkəzi istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olması barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub idarə etdiyi avtomobili həmin vaxt onunla eyni istiqamətdə hərəkətdə olan və zolağı dəyişən X2 idarə etdiyi “BMW” markalı, Az **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobildən yayındırmaq məqsədilə avtomobilin sükanını yolun sol zolağına, daha sonra yenidən sağ zolağına doğru istiqamətləndirdikdə idarəetməni itirib birinci zolaqdan dördüncü zolağa keçməklə yolun genişlənmiş hissəsində dayanmış vəziyyətdə olan Azərbaycan Respublikası DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil təsərrüfatının balansında olan “BMW” markalı, Az **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşduqdan sonra sonuncu avtomobilin qarşısında dayanmış Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Corolla” markalı, Az **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, bundan sonra idarə etdiyi avtomobilin sol təkəri ilə həmin vaxt xidməti fəaliyyəti ilə bağlı “Toyota Corolla” markalı avtomobilin sürücü tərəfdən dayanmış vəziyyətdə Bakı şəhər BPİ-nin DYPİ-nin YPX-nin MEB-in baş inspektoru, polis kapitanı X1 ayağının üzərindən keçmiş, nəticədə ehtiyatsızlıqdan sonuncunun sağ pəncənin İİ, İİİ, İV və V daraq sümüklərinin yerdəyişmiş sınıqlarından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, “Toyota Corolla” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayiət olunan sol alın-təpə sərhədinin şişkinlik halında əzilməsi və sıyrığından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, həmin avtomobildə olan sərnişinlər X3 baş beyin silkələnməsi ilə müşayiət olunan sol təpə nahiyəsinin şişkinlik halında əzilməsindən ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, X4 baş beyin silkələnməsi ilə müşayiət olunan sağ ənsə nahiyəsinin dəri altı hematomasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almalarına səbəb olmuşdur. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ YNH üzrə inspektoru, polis leytenantı T.M.Kamranzadə tərəfindən xx.xx.2023-cü il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsi və zərərçəkmiş şəxslər X9, X10 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 29 avqust 2022-ci il tarixdə saat 16 radələrində idarə etdiyi “Nissan Qashqai” markalı, Az **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu körpüsü istiqamətindən Heydər Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətinə doğru soldan ikinci hərəkət zolağı ilə hərəkətdə olarkən “Bravo” marketin qarşısından keçən hissəsində onunla eyni istiqamətdə sağ hərəkət zolağı ilə hərəkət edən “BMW” markalı avtomobil onun hərəkətdə olduğu zolağa keçmişdir. Həmin avtomobildən yayınmaq üçün sükanı sola çəkərək sol hərəkət zolağına keçmiş, hərəkət axımını iki hissəyə ayıran bardyura dəyməmək üçün yenidən həmin zolaqdan sükanı sağa çəkdikdə idarəetməni itirib yolun sağ kənarında dayanmış DYPİ-nin xidməti avtomobilinin sol yan tərəfinə idarə etdiyi avtomobilin sağ yan hissəsi ilə sürtüb onun qarşısında dayanmış “Toyota Corolla” markalı avtomobilin arxa hissəsinə dəymişdir. Zərbənin təsirindən “Toyota Corolla” markalı avtomobil aşmış, onun avtomobili isə daş bardyurdan köməkçi yola keçmişdir. Hadisə baş verən zaman YPX-nin əməkdaşı “Toyota Corolla” markalı avtomobilin yanında dayanıb sürücü ilə söhbət etmişdir. İdarə etdiyi avtomobillə DYPİ-nin xidməti avtomobilinə dəydikdən sonra “Toyota Corolla” markalı avtomobilin yanında dayanan polis əməkdaşına da avtomobillə dəyib xəsarət yetirmiş, polis əməkdaşı yerə yıxılmışdır. Yol nəqliyyat hadisəsi zamanı özünün də xəsarət almağına, qolunun və ayaqlarının əzilməsinə baxmayaraq özünü itirməmiş, “103” xidmətinə zəng edib təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardımı zərərçəkmiş Zərərçəkmiş şəxs və onun uşaqları üçün çağırmışdır. İlham müəllimin və onun uşaqlarının vəziyyəti yaxşı olduğundan təcili tibbi yardım xidmətinin əməkdaşları birinci ona tibbi yardım göstərmək istəmişlər, lakin o razı olmamış, birinci İlham müəllimə və onun uşaqlarına tibbi yardım göstərmələrini təklif etmişdir. Hadisə baş verən günün axşamı Rahib Əliyevin və Zərərçəkmiş şəxs yanına gedib onlara baş çəkmişdir. Bundan sonra 2-3 dəfə onların yanına getmişdir. Daha sonra səhhəti ilə bağlı problem yarandığından zərərçəkmiş şəxslərlə valideynləri maraqlanmışlar. DYPİ-nin xidməti avtomobilinə dəymiş ziyan onun tərəfindən ödənilmişdir. DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı tərəfindən bu barədə arayış verilmiş və həmin arayışı sığorta şirkətinə təqdim etmişdir. Bundan başqa sığorta şirkətindən ona zəng edərək Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən sağlamlığına dəymiş ziyanın ona ödənilməli olduğunu bildirmişlər. O, həmin puldan imtina edərək ona ödənilməli olan 2250 manat məbləğində pulun Zərərçəkmiş şəxs ödənilməsi barədə ərizə yazaraq sığorta şirkətinə təqdim etmişdir. Zərərçəkmiş şəxs 4000 manat pul ödənilmiş, əlavə pul ödəməyə maddi imkanı yoxdur. Hadisə nəticəsində ona da ciddi ziyan dəymişdir, 400 manat əmək haqqı alır. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, 29 avqust 2022-ci il tarixdə saat 16 radələrində idarə etdiyi “Toyota-Corolla” markalı, Az **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Koroğlu” körpüsü istiqamətindən H.Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətinə doğru köməkçi yolla hərəkət etmişdir. “Alov” parkının qarşısından keçib əsas yola çıxarkən arxasında hərəkət edən YPX-nin avtopatrulu ona işarə edib saxlamağını bildirmişdir. Avtomobili H.Əliyev prospektində “Bravo” marketin qarşısında genişlənmiş sahədə, yəni yolun dördüncü zolağında, sağ kənarında saxlamışdır. Həmin YPX avtomobili ondan arxada dayanmış və inspektor düşüb ona yaxınlaşmışdır. Avtomobildən düşməmiş, inspektora sənədlərini təqdim etmişdir. Elə bu zaman Sabunçu körpüsü istiqamətindən Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətində hərəkət edən “Nissan Qashqai” markalı avtomaşın idarəetməni itirib birinci zolaqdan onlara tərəf gəlib arxasında dayanmış avtopatrulu vurub onun avtomobilinin arxa sol hissəsinə çırpılmış, zərbədən avtomobili aşmış, hadisəni törədən “Nissan Qashqai” markalı avtomobil isə inspektora dəyib daş bardyuru aşıb köməkçi yola düşmüşdür. Hadisə nəticəsində özü, avtomobilində olan iki azyaşlı övladı xəsarət aldıqları üçün xəstəxanaya gedib müayinədən keçmişlər. Yol nəqliyyat hadisəsi zamanı o və azyaşlı övladları yüngül bədən xəsarəti almışlar. Onlara maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi oğluna xüsusilə pis təsir etmişdir. Avtomobilinin təxminən 18000 manat qiyməti olmuş, hadisədən sonra avtomobilini 5000 manata satmışdır. Təqsirləndirilən şəxslə ona dəymiş ziyana görə 5000 manatın ödənilməsi barədə razılığa gəlmişlər, ona 4000 manat pul ödənilmiş, 1000 manat ödənilməmiş qalmışdır. İbtidai istintaq zamanı işin uzanmaması və Şəxslə 1000 manatın da ödənilməsi barədə razılığa gəldikləri üçün ziyanın tam ödənilməsi barədə ərizə yazmışdır. Bu günə kimi Şəxs ona dəymiş ziyandan qalan 1000 manatı ödəməmişdir. Dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir, şikayətçidir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X16 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 849 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayiət olunan sol alın-təpə sərhədinin şişkinlik halında əzilməsi və sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X16 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 847 saylı rəyin nəticə hissəsindən görünür ki, X5 baş beyin silkələnməsi ilə müşayiət olunan sağ ənsə nahiyəsinin dərialtı hematoması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X16 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 848 saylı rəyin nəticə hissəsindən görünür ki, X6 baş beyin silkələnməsi ilə müşayiət olunan sol təpə nahiyəsinin şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 27 sentyabr 2022-ci il tarixli, 8/2384 nömrəli rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən “BMW X-5” markalı, Az **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluq olmuş, lakin hadisə zamanı “BMW X-5” markalı avtomobil ilə “Nissan Qashqai” markalı avtomobil arasında toqquşma baş vermədiyindən “BMW X-5” markalı avtomobilin sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən olunması üçün xüsusi texniki bilik tələb olunmur və yol nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyil. Hüquqi məna kəsb etdiyindən həmin hal təhqiqat orqanları və məhkəmə tərəfindən qiymətləndirilə bilər. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Nissan Qashqai” markalı, Az **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-333/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs, X3 və X4 sağlamlıqlarına yüngül zərərvurmaya aid epizod ittihamdan xaric olunmuş, Şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Şəxs əməlində Zərərçəkmiş şəxs, X3 və X4 sağlamlıqlarına yüngül zərərvurmaya aid hissədə inzibati xəta tərkibinin əlamətləri olduğundan, qərarın surəti müvafiq materiallarla birlikdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X14 göndərilmiş, Şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyana görə 4000 manat ödəməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs inzibati xətanın törədildiyi zaman qüvvədə olan Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan məbləğdə inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-4348/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4348/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver