Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4357/2023 15.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 01 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC mülkiyyətində olan nəqliyyat vasitəsini 23 iyun 2023-cü il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı DYPŞ-nin sorğusu daxil olduğu 05 iyul 2023-cü il tarixdən 5 gün müddətində verməmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X5 izahatında göstərmişdir ki, Nizami RPİ-nin dövlət yol polis şöbəsinin sorğusu Şəxs MMC-yə daxil olmamış, onun tərəfindən alınmamışdır. Sorğunun alınmasını göstərən poçt xəbərnaməsinə imza etmiş Əliyev Elşənin MMC ilə əlaqələri olsa da MMC-nin rəsmi işçisi deyil, MMC-yə heç bir dəxli yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, "xxxx" MMC-nin 3 saylı poçt filialının 31 saylı poçt şöbəsində poçtalyon vəzifəsində işləyir. X3 və ailə üzvlərini tanıyır, münasibətləri vardır. X2 özünün razılığı ilə onların adına poçtla gələn məktubları mənzilin qapısında quraşdırılmış poçt qutusuna atır. Nizami rayon polis idarəsindən 02 iyul 2023-cü il tarixdə göndərilmiş sifarişli xəbərnaməli məktubu da bu razılığa uyğun olaraq həmin poçt qutusuna atmış, alan şəxs kimi Əsgər müəllimin soyadını, yəni Əliyev yazmış və imzalayaraq geri qaytarmışdır. Bununla da razılığa uyğun olaraq məktub çatdırılmış hesab edilmişdir. Poçt xəbərnaməsində qeyd olunan “Elşən” sözü və telefon nömrəsi isə onun tərəfindən yazılmamışdır. Şahidin qeyd olunan izahatı verməsindən sonra, Şəxs MMC-nin qanuni təmsilçisi X5 həmin izahatda göstərilənlərlə razı olduğunu, hər hansı əlavəsinin olmadığını bildirmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Bakı şəhəri Nizami RPİ-nin DYPŞsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış bildirişdən görünür ki, MMC-yə məxsus **-AU-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius minik” markalı avtomobilin iştirakı ilə 23 iyun 2023cü il tarixdə saat 00:12-də Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş xəbərnamədən görünür ki, sözügedən sorğu 05 iyul 2023-cü il tarixdə ünvan sahibinə çatdırılmışdır, alan şəxs imza etmiş, tarixi və “Əliyev” soyadını qeyd etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC-nin 3 saylı poçt filialından daxil olmuş 13 sentyabr 2023-cü il tarixli 3PF-1-82 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən Şəxs MMC-nin ünvanına Nizami rayon DYP tərəfindən 02 iyul 2023cü il tarixdə göndərilmiş SX001736043AZ nömrəli sifarişli xəbərnaməli məktub 05 iyul 2023-cü il tarixdə 31 saylı poçt şöbəsinə daxil olmuş və həmin gün də poçtalyonun F8 çatdırma vərəqəsinə imza etdirməklə ünvana çatdırılmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, onun irəli sürdüyü dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, hüquqi şəxsi inzibati məsuliyyətdən yayındırmaq məqsədi daşıyır, işin icraatını istisna edən, xitam verilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir, ona görə nəzərə alınmır. Həmçinin, məhkəmə tərəfindən həmin hallar hüquqi şəxsin qanuni təmsilçisinin iştirakı ilə araşdırılmış və öz təsdiqini tapmamış, sonda isə həmin şəxs tərəfindən inzibati xəta etiraf edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4357/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4357/2023
15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver