Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4357/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənova Vəfa Oruc qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polis şöbəsinin YPX baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 343-1.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 343-1.1-ci maddəsi ilə tərtib olunmuş 20 avqust 2024cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola görə, 21 avqust 2024-cü il tarixdə saat 08:50-də “Mitsubishi Attrage minik” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış, lakin həmin şəxs tibbi müayinədən imtina etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polis şöbəsinin YPX baş inspektoru X2 izahatında göstərmişdir ki, sürücü Şəxs müvafiq qayda pozuntuları ilə bağlı Nizami rayonu Heydər Əliyev prospektində saxlanılmış, sonra narkoloji yoxlamadan keçirilməsi üçün Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzə aparılmış və Şəxs həmin Mərkəzdə tibbi müayinədən keçməkdən imtina etmiş, həkim də orada buna dair akt tərtib etmişdir. Sürücü Şəxs toyda olarkən narkotikdən istifadə etdiyini etiraf etmiş və onu nahaq yerə tibbi müayinəyə apardıqlarını bildirmişdir. Bunu təsdiq edən səs yazısı vardır. Həmin şəxs tibbi müayinədən imtina etdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, yol polisləri onu ödənilməyən cəriməyə görə Heydər Əliyev prospektində saxlamışlar, sonra onun içkili olub-olmadığını yoxlamışlar, bir şey aşkar olunmamışdır. Bundan sonra onun narkotikdən istifadə etməkdə şübhəli olduğunu bildirərək Maştağa qəsəbəsində yerləşən Narkoloji Mərkəzə aparmışlar. Orada isə heç bir əsas olmadan onun tibbi müayinədən keçməkdən imtina etməsi ilə bağlı sənəd tərtib etmişlər. Amma o, hər hansısa sənədi imzalamamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aidiyyət qaydaları pozulduğu üçün həmin protokola dair inzibati iş aidiyyəti məhkəməyə göndərilməlidir. Belə ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 343-1.1-ci maddəsinin mənasına görə, bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsi – istinad edilən maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Məhkəmə iclasında verilmiş izahatlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən törədilməsi ehtimal olunan inzibati xəta, yəni sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtinası, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsində baş vermişdir, həmin publik hüquqi şəxs isə Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşir. Belə olan halda, qeyd olunanlarla müşayiət olunan xəta məhz həmin ünvanda törədilmiş hesab olunmaqla, İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsində müəyyən edildiyi kimi, onun törədildiyi yerin məhkəməsində baxılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar). Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. Məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılmalı olduğundan, aidiyyət qaydalarının pozulmasına yol verilməməsi üçün, hazırkı inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə mahiyyəti üzrə baxılması üçün aidiyyəti məhkəməyə göndərilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 110, 112 və 118ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 343-1.1-ci maddəsi ilə tərtib olunmuş 20 avqust 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4357/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4357/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver