Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4360/2023 16.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Qazax rayonunun Kəmərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonunun Kəmərli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində ünvansız evdə kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 15 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, “Şəxs 15 avqust 2023-cü il tarixdə narkotik vasitə istifadəçisi olduğunu X4 etiraf etmişdir.” Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X5 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 15 avqust 2023-cü il tarixdə “Koroğlu” metrostansiyasının yaxınlığında idarə etdiyi avtomobillə hərəkətdə olduğu vaxt yuxusu gəldiyindən, hadisə baş verməməsi üçün, avtomobili yolun kənarına verib saxlamış və avtomobildə yatmışdır. Nə qədər vaxt keçdiyini bilməmiş, bir nəfər şəxs avtomobilin şüşəsini döyərək onu oyatmış və nə baş verdiyini soruşmuşdur. O, yuxusu gəldiyinə görə yatdığını bildirmişdir. Sonra onu polislər saxlamışlar, həmin vaxt bilmişdir ki, onu oyadan şəxs narkotik vasitə istifadə edib yol kənarında avtomobildə yatması barədə məlumat vermişdir. Lakin o, həmin vaxt deyil, bir neçə gün əvvəl marixuanadan istifadə etmişdir və bu günlər ərzində onda narkotikin əlamətləri qalmamışdır. Saxlanılan vaxt üzərində və avtomobilində narkotik vasitə olmamışdır. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol, X6 adlı şəxsin onun 15 avqust 2023-cü il tarixdə narkotik vasitədən istifadə etdiyini etiraf etməsi barədə DİN-in 102 zəng xidməti mərkəzinə verdiyi məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair 23-cü polis şöbəsinin təhqiqatçısının 15 avqust 2023-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Təhqiqat zamanı Şəxs izahatı alınmış və ekspertizaya təqdim edilmiş, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 avqust 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, həmin şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 23-cü polis bölməsində aparılan araşdırma zamanı Şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə etməsi, saxlaması, daşıması və ya göndərməsi ilə bağlı hər hansı sübut əldə edilməmişdir. Həmin maddənin tövsifedici əlaməti olan narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq istehlakına gəldikdə isə, bunu təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Təhqiqat orqanının cinayət işinin başlanmasının rədd edilməsinə və şəxsin inzibati məsuliyyətə cəlb olunmasına dair 15 avqust 2023-cü il tarixli qərarının özündə belə, bu cür sübuta istinad edilməmişdir. Yuxarıda qeyd olunan rəydə şəxsdən götürülmüş sidik nümunəsində THC (+), AMP (+) aşkar olunduğu qeyd edilsə də, bu maddələrin adı və tərkibi açıq mətnlə qeyd edilməmişdir, sidik müayinəsinə dair tibbi müayinə cavabı (akt və ya protokol) mövcud deyildir. Hazırkı halda, məhkəmə tədqiqi zamanı Şəxs istinad edilən xətanı törətməsi, yəni narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq istehlak etməsi işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunmuşdur, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin mənası baxımından inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübut etmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lakin, qanunun həmin tələbinə əməl edilməmiş, Şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Ona görə də yuxarıda qeyd olunanlar baxımından, şəxsin özünün belə əmələ yol verməsini bildirməsi və ya belə etiraf barədə məlumatın aidiyyəti üzrə polis orqanlarına çatdırılması, xətanın törədilmiş hesab edilməsi, buna dair sübutun mövcud olması anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, həmin Məcəllənin 53.2-ci maddəsinin tələbinə uyğun olaraq onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, bundan başqa, inzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4360/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4360/2023
16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver