Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4361/2025 30.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Qəbələ rayonunun Böyük Pirəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonunun Böyük Pirəli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 09 sentyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 20 avqust 2025-ci il tarixdə, saat 22 radələrində idarə etdiyi “VGV U70 Pro minik” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq ara məsafəsini düzgün saxlamadığı üçün “Şaurma N1” adlı obyektin qarşısında svetoforun qırmızı işığında dayanmış “Toyota Prius minik” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, daha sonra geriyə hərəkət etmək istəyən zaman arxada dayanmış “Toyota Camry minik” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi hissəsi ilə toqquşmuş, nəticədə həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs 29 sentyabr 2025-ci məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə ilə müraciət edərək, Şəxs ona dəymiş ziyanı ödədiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 20 avqust 2025-ci il tarixdə, saat 22 radələrində idarə etdiyi “VGV U70 Pro” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektinə dönmək istəyərkən “Şaurma N1” adlı obyektin qarşısında svetoforun qırmızı işığında dayanmış “Toyota Prius” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla düzgün ara məsafəsi saxlamadığı üçün arxadan həmin maşına dəymiş, daha sonra geriyə hərəkət etmək istəyən zaman arxada dayanmış “Toyota Camry” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə dəymişdir. Hadisədən sonra qarşıda dayanmış “Toyota Prius” avtomobilinin sürücüsü və atası onunla mübahisə etməyə başlamışlar. O, vəziyyətin gərginləşməsini görmüş, hadisə yerindən uzaqlaşmaq qərarına gəlmişdir. Həmçinin, həmin vaxt maşınında olan övladı yüksək tempuraturdan əziyyət çəkdiyi üçün onu təcili xəstəxanaya çatdırmalı olmuş, ona görə də hadisə yerində çox qala bilməmiş və oradan uzaqlaşmışdır. “Toyota Prius” markalı avtomobilin sürücüsünün xəsarət alması barədə həmin vaxt məlumatı olmamışdır. Bu barədə sonradan bilmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Əməlindən səmimi peşmandır. Qeyd etdiklərini nəzərə alaraq barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 25 avqust 2025-ci il tarixli, 913 nömrəli rəydən görünür ki, X1 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar olunmuş - sağ əlin ovuc səthində V barmağın bayır səthinin əzilmiş yarası; sol əlin V və sağ əlin İV barmaqlarının arxa səthlərinin sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-cü il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan 27 avqust 2025-ci il tarixli qərardan görünür ki, HK-1/505 nömrəli araşdırma materialı üzrə cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə inzibati xətalara dair qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli Qərarı ilə gəldiyi hüquqi mövqeyə əsasən qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.6-cı maddəsi nəzərdə tutulmamışdır. Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, şəxsin barəsində sözügedən maddə ilə inzibati məsuliyyət məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə inzibati məsuliyyət məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4361/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4361/2025
30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver