Məhkəmə qərarları › İş №3(007)-4362/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4362/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4362/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Şəxs müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu "xxxx" MMC-nin direktoru Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1668/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X1 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Şəxs müdafiəçisi Vəkil bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsində işləmir. Hazırda "xxxx" MMC-nin direktoru başqa şəxsdir. İcra sənədində göstərilən 600, 110 və 120 manat məbləğində olan pul vəsaitləri "xxxx" MMC tərəfindən ödənilmişdir və bu barədə iş materiallarında qəbz vardır. Tikintinin maya dəyərinin bahalaşması ilə əlaqədar binanın təhvil verilməsində yubanma olmuşdur. 4 blok inşa edilməli idi. Həmin 4 blokdan 3-ü tam hazırdır, sakinlər artıq köçmüşlər. 1 blok, yəni “D” bloku hazır deyil və oraya heç kim köçməmişdir. 16 mərtəbə tam hazır edilmiş, sadəcə lift olmadığına, pilləkənlərin kənarlarına məhəccər quraşdırılmadığına, işıq, su, qaz və s. olmadığından bina təhvil verilməmişdir. "xxxx" MMCyə yeni investor cəlb olunub, yeni direktor təyin olunmuşdur. Sahibkar da binanı təhvil verməyə çalışır. Tələbkarın mənzilinin yerləşdiyi blok obyektiv səbəblərdən təhvil verilməmişdir. Dəfələrlə tələbkara müraciət edilmişdir ki, ya gözləsin, ya da evi satıb pulunu götürsün, ya da ödənilən məbləği şirkət geri qaytarsın və müqavilə ləğv edilsin. Tərəf bu halların heç biri ilə razılaşmamışdır. Məcbur qalaraq Nizami Rayon Məhkəməsinə müqavilənin ləğv olunması və tələbkarın şirkətə ödəmiş olduğu məbləğin geri qaytarılması ilə bağlı mülki iddia vermişlər. Buna görə də hesab edir ki, indiki halda icra məmuru ümumiyyətlə işə xitam verməlidir, yaxud dayandırmalıdır. Məhkəmədən göstərilənləri nəzərə alaraq Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, 2018-ci ildən bu mənzilin təhvil verilməsini gözləyir, əslində bina 2020-ci ildə təhvil verilməli idi. Halhazırda kirayədə qalır. Əvvəlcədən şirkətə bildirmişlər ki, əgər bina gec təhvil veriləcəksə bu şirkətdən mənzil almasınlar. Şirkət rəhbərliyi binanın vaxtında təhvil veriləcəyini bildirdiyinə görə müqavilə bağlayıb ödəniş etmişlər. Amma hələ də mənzil təhvil verilməmişdir. Həmin mənzili satmaq istəmiş, lakin tikinti dayandırıldığından heç kim həmin şirkətdən mənzil almaq istəməmişdir. Ödədiyi məbləğin geri qaytarılması ilə razı deyil, çünki artıq mənzilin qiyməti bir neçə dəfə qalxmışdır, hazırda həmin ərazidə olan binalarda yerləşən 3 otaqlı mənzilin dəyərini versələr razılaşar. Dəfələrlə mənzilin təhvil verilməsi ilə əlaqədar şirkətə müraciət etmişdir. İcra sənədi üzrə ödənilmiş 830 manatı almamışdır, icra məmuru ilə əlaqə saxlayıb həmin məbləği alar. O, şirkətdən pulunu ödədiyi mənzilin ona təhvil verilməsini tələb edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səhhəti ilə əlaqədar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında borclu Şəxs müdafiəçinin izahatına oxşar məzmunda izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş Nizami rayon İcra şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1668/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kvadrat metrdən ibarət D.11.6 saylı mənzil və dəymiş mənəvi ziyanın əvəzi olaraq 600 manat, vəkil haqqı qismində ödənilmiş 110 manat və 120 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-dən tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1668/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borclu "xxxx" MMC-dən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1668/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində icra etməsi xahiş olunmuş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - xx.xx.2024-cü il tarixli qəbzin kserosurətindən görünür ki, həmin tarixdə "xxxx" ASC-nin Sumqayıt filialında K0125004 nömrəli terminalda icra ödənişi təyinatı üzrə Zərərçəkmiş şəxs ödənilməsi üçün “Məhkəmə icraçıları” adlı hesaba 830 manat ödəniş edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şəxs əməlində qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırma kimi əlamətlər yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1668/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə dair sübutlar təqdim edilmədiyindən və bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mənada hazırkı qərarda gəlinmiş nəticə borclu "xxxx" MMC-ni Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1668/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasından azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar