Məhkəmə qərarları › İş №3(007)-4373/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4373/2023

29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4373/2023 29.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X5, zərərçəkmiş şəxs X1, onun nümayəndəsi-Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxx 1985-ci il tarixdə Ermənistan Respublikası, Vedi rayonu, Xalisə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi ev 9, mənzil 29-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 16 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs ondan, 07 yanvar 2015-ci il təvəllüdlü Cavidan və 08 avqust 2016-cı il təvəllüdlü Nəriman adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 29 yanvar 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin Mürsəlova (Nəsirova) Nurlanə İsmayıl qızının xeyrinə tutulmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 2(007)-1318/2021 nömrəli icra sənədi üzrə 3150 manat borcun ödənilməsi ilə bağlı tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X7 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, əvvəllər yol polisində işləmişdir, hazırda rəsmi iş yeri yoxdur, lakin turizm işi ilə məşğul olur. Gəliri daimi olmadığına, həmçinin xəstə atasının müalicəsi ilə məşğul olduğuna görə ödənişlərdə fasilə olmuş və borcu yaranmağa başlamışdır. Aliment borcu üzrə 07 avqust 2023-cü il tarixdə 300 manat, 16 avqust 2023-cü il tarixdə 200 manat, yenə həmin tarixdə 500 manat, 28 avqust 2023-cü il tarixdə 1500 manat olmaqla cəmi 2500 manat ödəniş etmişdir, qalan borcunu isə yaxın müddətdə ödəyəcəkdir. Bundan başqa, icra sənədinin icrasının təmin edilməsi üçün icra məmurunun təqdimatına əsasən məhkəmənin qərardadı ilə ona məxsus torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. O, uşaqlarının saxlanılması üçün aliment ödəsə də, tələbkar uşaqları ona göstərmir. İcra sənədinin icrasından yayınmadığı üçün işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, ilk növbədə borclunun onun uşaqları ilə görüşməsinə maneçilik yaratması barədə göstərdiklərinin əsası yoxdur, belə ki, uşaqların özləri onunla görüşmək istəmirlər. Borclu aliment borcunu vaxtında ödəmir, gecikdirir, ona görə borcu yaranmışdır. Borcun hissələrlə ödənilməsi ilə razı deyil, tam olaraq ödəniş edilməsini tələb edir. Borcludan şikayətçidir. Barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi (vəkil) Nümayəndə göstərmişdir ki, tərəflərin birgə nikahından doğulmuş hər iki uşaq məktəblidir, onlardan biri fiziki qüsurludur. Borclu isə alimenti ödəməyə vicdanla yanaşmır, xoşluqla ödəniş etmir. Borclu barəsində axtarış elan edildikdən sonra o, icra şöbəsinə gətirilmişdir. Hesab edir ki, borclu məhkəmə qərarının icrasından qərəzli yayındığına görə barəsində 1 ay inzibati həbs tətbiq olunsa, ağlında qalar, tənbeh olunar və gələcəkdə belə hallara yol verməz. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs icra sənədi üzrə qismən ödəniş etməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. İş materiallarından görünür ki, Şəxs hazırkı iş üzrə tutulmamışdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 30 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar