Məhkəmə qərarları › İş №3(007)-440/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-440/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-440/2025 22.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 nümayəndəsi “Fortiori” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24427270 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24427270 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 30 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24427270 nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə görə, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa sürücü nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə - altmış manat məbləğində cərimə edilir. Tərtib edilmiş qərar ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Avtomobilin qeyd olunan vaxtda dayanmış olduğu ərazi nə səki hesab edilə biləcək bir sahə, nə də piyada hərəkətinə maneə törədən bir yerdir. Bu sahə faktiki olaraq yolkənarı obyektlərin, ticarət və ya xidmət müəssisələrinin fasadına bitişik bir ərazidir. Həmin ərazinin eni təxminən 10 metrdir və bu sahə yolun səthindən ayrılmış, lakin “səki” funksiyası daşımayan bir yerdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, səki anlayışı (yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulanan hissəsidir) yalnız piyada hərəkəti üçün nəzərdə tutulmuş xüsusi əraziləri əhatə edir. Bu isə yalnız yolun bir hissəsi olaraq nəzərdə tutulan səthlərdə piyada hərəkəti üçün ayrılan sahələrdir. Onun avtomobilinin dayanmış olduğu ərazi isə, ümumiyyətlə, səki anlayışına uyğun gəlmir. Onun avtomobili dayandığı yerdə piyada hərəkətinə maneə yaratmır, piyada və ya digər hərəkət iştirakçılarının keçidinə heç bir məhdudiyyət gətirmir. Belə olan halda ərazinin “səki” kimi qiymətləndirilməsi əsaslı deyil. Ərazi yolun kənarında, obyektə bitişik olduğundan burada nəqliyyat vasitələrinin giriş-çıxışı üçün yer qoyulmuşdur. Bu isə göstərir ki, həmin sahə məqsədli olaraq yol obyektinə bitişik bir parklanma, yük boşaltma, ya da digər oxşar funksiyalar üçün nəzərdə tutulmuşdur və səki hesab edilməməlidir. Bundan əlavə, avtomobilin dayandığı yer direktoru olduğu şirkətin avtosalonun tam önüdür. Burada küçəboyu avtosalonlar mövcuddur və hər birinin işçiləri, habelə müştəriləri öz nəqliyyat vasitələrini bu ərazidə saxlayırlar. İllərdir bu işgüzar adətə uyğun olaraq, nəqliyyat vasitələrinin həmin ərazidə dayanması adi və qəbul edilmiş bir praktika olmuşdur. Habelə, inzibati tənbeh vermə haqqında qərar hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə ziddir. Belə ki, hüquqi müəyyənlik prinsipinə görə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin. Hazırkı işlə bağlı qeyd edir ki, həmin ərazidə avtomobilin park edilməsinin qanunazidd olduğu hər hansı norma və ya hüquqi əsasla müəyyən edilməmişdir. Hüquqi cəhətdən hər hansı qadağanedici norma olmadığı üçün sürücülərin, eləcə də onun belə bir ərazidə avtomobil saxlanılmasının qanunsuz olduğunu əvvəlcədən bilməsi qeyri-mümkündür. Odur ki, barəsində tərtib edilmiş qərar əsassız hesab edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda sadalananlara əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24427270 nömrəli qərar əsasında inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 nümayəndəsi “Fortiori” Vəkil Bürosunun vəkili Vəkil şikayətin məzmununa uyğun izahat vermiş və məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24427270 nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 məhkəmə iclasına gəlməmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24427270 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 11:33-də idarə etdiyi “Jetour T2” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində nəqliyyat vasitələrinin səkilərdə dayanma və ya durma qaydalarını pozmuşdur. Nəticədə X2 Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9-cu maddinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şəxsin inzibati xəta törətməsini sübut etmək vəzifəsi qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, inzibati orqana məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, lakin X1 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən əməlində inzibati xətanın olub-olmamasının, inzibati xəta törədən şəxsin təqsirinin və işin düzgün həlli üçün əhəmiyyətli olan halların müəyyən edilməsi üçün hansı sübutlara istinad edilməsinə dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, bu cür sübutlar əldə edilmədən şəxs inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz və tənbeh edilə bilməz. İş üzrə sübutlar qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən toplanılmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 təqsirlilik məsələsini mübahisələndirir və özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübut toplanılmamışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bildiyi sübutları əldə etməli, onları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirməli, bu zaman şəxsin təqsirli olmasına dair yaranmış şübhələri onun xeyrinə həll etməli olduğu halda, qeyd edilən halları ümumiyyətlə müəyyən etmədən X1 Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli olması qənaətinə gəlmişdir. Göründüyü kimi X1 təqsirliliyi sübuta yetirilmədiyi halda onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə iş üzrə icraata başlanılmış və nəticədə X2 xx.xx.2024cü il tarixli, EQ seriyalı, 24427270 nömrəli qərarla təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Həmin Məcəllənin İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24427270 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24427270 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar