Məhkəmə qərarları › İş №3(007)-4400/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4400/2025

16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4400/2025 16.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1991-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami rayonu, C.ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 16 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs, 07 sentyabr 2011-ci il təvəllüdlü X5, 23 fevral 2013-cü il təvəllüdlü X8 və 10 mart 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 14 avqust 2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,28 misli həddində sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, e-2(007)-227/2025 nömrəli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə 4368 manat borcu tələbkara ödəməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X3 protokolun məzmununa uyğun izahat vermiş və borclu Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, uşaqlar əvvəl onunla qalmışlar. Bir gün işdən çıxıb evə gələn zaman görmüşdür ki, Məhəmməd uşaqları aparmışdır. Daha sonra Məhəmməd ondan şikayət etmişdir ki, uşaqlara işgəncə verir. Amma onun tərəfindən belə bir şeyə O, "xxxx" MMC-də satıcı işləyir. Uşaqlar rəsmi olaraq Məhəmmədin himayəsində deyildir. Onun ünvanına bildirişlər gəlməmişdir. Tələbkar qəsdən onun telefon nömrəsini və ünvanını məhkəməyə səhv vermişdir. O, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində olan məhkəmə iclaslarının hər birində iştirak etmişdir. Aliment məsələsi barədə yalnız bu gün bilmişdir. Məhəmməd məhkəməyə onun əvvəlki telefon nömrəsini və keçmiş kirayə qaldığı ünvanı vermişdir. Bu səbəbdən də məhkəmə iclaslarından xəbəri olmamış və iştirak edə bilməmişdir. İcra məmuru tərəfindən axtarılmasını da bilməmiş, icra sənədinə dair izahatı alınmamış, ona bildiriş və ya vaxt verilməmişdir. O, ayın axırı maaş alacaq və ödənişi həmin vaxt ödəyə biləcəkdir. Başqa ödəniş yeri də yoxdur. Aliment ödəməkdən boyun qaçırtmır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, onun məhkəmələri Bakı şəhəri Nizami Rayon Məhkəməsində hakim Ülkər Yusifovanın sədrliyi ilə keçirilmişdir. Borclu heç bir məhkəmə iclasında iştirak etməmişdir. Borcluya dəfələrlə zəng etmişlər, lakin iştirak etməmişdir. Uşaqlar il yarımdır ki, onunla yaşayırlar. Məhkəmədə uşaqlara psixoloq təyin olunmuş, uşaqlar orada anaları tərəfindən işgəncəyə məruz qaldıqlarını bildirmişlər. Borclu bir dəfə polislə birləşib ona hədə-qorxu gəlmişdir. O, bununla bağlı 102 qaynar xəttinə zəng vurmuşdur. Bundan sonra həmin polis əməkdaşı öz cəzasını almışdır. Uşaqların heç biri analarına yaxın getmirlər. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında verilən izahatlar və məhkəmə araşdırması zamanı tədqiq olunmuş materiallarla müəyyən edilmişdir ki, 18 aprel 2025-ci il tarixli, e-2(007)-227/2025 nömrəli icra sənədi 02 may 2025-ci il tarixdə verilmiş, 02 may 2025-ci il tarixdə də icra sənədi üzrə icraata başlanılmış, icra tədbirləri zamanı borclu Şəxs yeri müəyyən edilmədiyindən 08 iyul 2025-ci il tarixdə onun axtarılması haqqında qərar qəbul olunaraq icra olunması üçün Nizami rayon polis idarəsinə göndərilmiş, 16 sentyabr 2025-ci il tarixdə onun yeri müəyyən edilərək icra şöbəsinə gətirilmiş, həmin gün icra sənədinə münasibətinə dair izahatı alınmış və dərhal da protokol tərtib olunmaqla baxılması üçün məhkəməyə göndərilmişdir. Buradan da görünür ki, 02 may 2025-ci il tarixdə başlandıqdan sonra borclunun 16 sentyabr 2025-ci il tarixədək olan müddətdə icra sənədinin mövcudluğundan məlumatı olmamış, onun icra sənədinə münasibəti ilə bağlı izahatı alınmamış, icra sənədinin icrası təmin edilmədiyi halda məsuliyyəti barədə xəbərdar edilməmiş və bu kimi digər icra hərəkətləri həyata keçirilməmişdir. Lakin Şəxs əməlində inzibati xəta tərkibi olmadığı halda, onun icra sənədini üzürsüz səbəbdən icra etməməsi səbəbi ilə Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən barəsində əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Halbuki, həmin maddənin tələbinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Belə olan halda, borclunun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar mövcud olmamaqla yanaşı, borclu qətnamənin icrasını həyata keçirməli olan icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmamışdır, onun hərəkətləri icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir, o cümlədən borclunun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə bağlı icra məmurunun özü də konkret sübut təqdim edə bilməmişdir. Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, ümumiyyətlə, onun əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət (iş saatları) üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 33 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar