Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4401/2025 16.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin polis sahə rəisi X2, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsindən daxil olmuş 16 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, “xx.xx.2025-ci il tarixdə Nizami rayonu B.Nuriyev küçəsi 221-də yerləşən “Bizim Məkan” adlı “playstation” klubunda Şəxs tərəfindən X5 məxsus bir ədəd “Rayban” markalı eynək, 105 manat pul oğurlanmışdır”. İşdə olan Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin təhqiqatçısının 16 sentyabr 2025-ci il tarixli qərarına görə, qeyd olunan əməl nəticəsində zərərçəkmiş şəxs X5 cəmi 455 manat məbləğində maddi ziyan dəymişdir. Ona görə material üzrə cinayət işinin başlanması rədd edilmiş, xırda talamanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qərar aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 verdiyi izahatında dəymiş maddi ziyanın məbləğini mübahisələndirərək, göstərmişdir ki, 12 sentyabr 2025-ci il tarixdə törədilən oğurluq əməli nəticəsində ona 900 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, hadisədən bir neçə gün əvəvl özünə 700 manat dəyərində eynək almışdır, həmin eynəkdə videoregistrator funksiyası olduğuna görə qiyməti baha olmuşdur. Çantası, 700 manat dəyərində eynəyi, 105 manat nağd pulu oğurlandığlna görə ümumilikdə ona 900 manat məbləğində ziyan dəymişdir. Eynəyi həmin qiymətə aldığına dair qəbzi təqdim edə bilər. Anar adlı əməliyyatçının sözü ilə hadisənin görüntülərini telefonundan silmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq, hesab edir ki, inzibati xəta haqqında protokol üzrə işə mahiyyəti üzrə baxılıb yekun verilməsi mümkün deyildir, əlavə araşdırma aparılması üçün material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Maddənin “Qeyd”inə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Maddənin “Qeyd”inin 1-ci hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Göründüyü kimi, iş üzrə zərərçəkmiş şəxs oğurluq əməli nəticəsində ona beş yüz manatdan yuxarı məbləğdə maddi ziyan vurulduğunu, ziyanın məbləğinə dair isə sübutunun olduğunu qeyd edir, hansı ki, bu hal sübuta yetirildiyi halda şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İXM-nin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətləri aşkar edilsə də, bu halların hazırkı halda inzibati orqan tərəfindən təkrarən yoxlanılmasına və dəqiqləşdirilməsi və qərar qəbul edilməsi daha məqsədəuyğundur, ona görə material geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnzibati xətalar qanunvericiliyi Konstitusiya, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. Bu qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati xətalar qanunvericiliyinin prinsiplərini nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, nə qədər ki, yuxarıda qeyd olunan nöqsanların bir daha araşdırılaraq aradan qaldırılması, sübutların əldə edilməsi və qiymətləndirilməsi imkanı itirilməmişdir, inzibati araşdırma və protokolun tərtib olunması zamanı inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, inzibati əməl nəticəsində zəymiş zərərin məbləği düzgün müəyyən olunmadığı, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Material araşdırmaya geri qaytarıldığı üçün şəxsin inzibati qaydada tutulmasının davam etdirilməsinə əsaslar yoxdur, ona görə o, dərhal azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, məhkəmə xərcinin tutulmasına əsas olan ekspertiza keçirilməmişdir. Bundan başqa, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət (iş saatları) üçün (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən) hüquqi yardım haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 16 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə geri qaytarılsın. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 33 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4401/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4401/2025
16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver