Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-441/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 20 avqust 1997-ci il tarixdə Xocalı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xocalı rayonunun Kosalar kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Kəpəz rayonu, yeni qəsəsbə 2 ünvanda yaşayan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən tərtib edilmiş 15 fevral 2022-ci tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 fevral 2022-ci il tarixdə saat 00:30-da yol hərəkəti qaydalarını pozduğuna görə YPX əməkdaşları tərəfindən saxlanılmış, sənəd təqdim etməmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törtəmişdir. Şəxs barəsində tərtib olunmuş 15 fevral 2022-ci tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru X2 izahatında göstərmişdir ki, Şəxs 15 fevral 2022-ci il tarixdə saat 00:30da idarə etdiyi avtomobillə Babək prospekti ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğuna görə YPX əməkdaşları tərəfindən saxlanılmış və ona sənədləri təqdim etməsi bildirilmişdir. Lakin, Şəxs imtina edərək sənəd təqdim etməmiş və polis əməkdaşları ilə mübahisə edərək polisin qanuni tələblərinə tabe omamışdır. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək göstərmişdir ki, 15 fevral 2022-ci il tarixdə saat 00:30-da idarə etdiyi avtomobillə Babək prospekti ilə hərəkətdə olarkən “Sokar” yanacaqdoldurma məntəqəsinin yanında YPX əməkdaşları tərəfindən saxlanılmış və yol hərəkəti qaydalarını pozduğu üçün sənədləri təqdim etməsi bildirilmişdir. Üzərində sənəd olmadığı üçün təqdim edə bilməmiş, buna görə 23-cü polis bölməsinə və tibbi müayinəyə dəvət olunmuşdur. Tibbi müayinədən keçməkdən imtina etmiş və içkili olduğunu bildirmişdir. Əməlindən peşmandır. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdırıb, iş üzrə icraatda iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs təqsiri tam sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, Şəxs törətmiş olduğu inzibati xəta onun etirafı ilə yanaşı raportla, izahatlarla, inzibati xəta haqqında protokolla və işin digər halları ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş halların müəyyən olunmadığını nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini müzakirə edərkən, törətdiyi xətanın xarakterini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, əmlak vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə, məhkəmə işin hallarını nəzərə alaraq, Şəxs törətdiyi xətanı nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tədbirini təyin etməklə tənbehin məqsədlərinə nail olmağı mümkün sayır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə ilə tənbeh edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-441/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-441/2022
15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver