Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4432/2024 27.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1975-ci ildə Cəlilabad rayonu, Alqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:20 radələrində polisin qanuni tələbləri pozaraq, onlara qarşı tabesizlik edərək nalayiq ifadələr işlətmişdir. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsini təmsil edən polis sahə inspektoru, polis mayoru X6 protokolun məzmununa uyğun məhkəməyə izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, etdiyi əmələ görə peşmandır. xx.xx.2024-cü il tarixdə, saat 19:20 radələrində “Səma” mebel salonunun yaxınlığında özünə məxsus nəqliyyat vasitəsində oğlu ilə bərabər hərəkət edərkən YPX əməkdaşı tərəfindən saxlanılmış, oğlunun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığından polis əməkdaşı cərimə yazacağını bildirmiş, o isə İİ Qarabağ müharibəsi iştirakçısı olmasını, maddi vəziyyətinin ağır olmasını nəzərə almasını xahiş etmişdir. Polis əməkdaşı onun xahişlərinə məhəl qoymayaraq cərimə yazmış, o da bundan əsəbləşərək polis əməkdaşına qarşı kobudluq etmişdir. Lakin onun tərəfdən polisin qanuni tələbinə tabe olmamaq halı mövcud olmamış, dərhal polis əməkdaşı ilə birlikdə Nizani rayon 25-ci PŞ-nə gəlmişdir. Törətdiyi əməldən peşman olduğunu, polis əməkdaşından üzr istədiyini bildirmişdir. Qeyd olunanlara əsasən, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil məhkəmə iclasında çıxış edərək bildirdi ki, Şəxs Qarabağ qazisidir, 33 il polisdə xidmət etmişdir. Qeyd olunanlara əsasən, barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən YPX alayının YPX inspektoru, polis baş serjantı X7 raport və protokolda qeyd olunanları təsdiq edərək, Şəxs onu təhqir etdiyini bildirdi. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə sadalananlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, raport, şahid ifadələri və digər sübutlarla tam sübuta yetirilir. Lakin Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokolda qeyd olunan hərəkətlərin şəxs tərəfindən törədilməsinə dair hər hansısa sübut məhkəməyə təqdim edilməmişdir. Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru polis mayoru X1 Habil Ağamalı oğlu tərəfindən polisin qanuni tələblərinə tabesizlik göstərilməsini bildirsə də, bununla bağlı sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, vətəndaş Şirəliyev polis əməkdaşının tələbinə tabe olmuş və dərhal onunla birgə polis şöbəsinə yaxınlaşmışdır. Beləliklə qeyd olunanlara əsaslanaraq onun əməlində İXM-nin 535-ci maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Lakin şəxsin təqsirləndirildiyi əməl kimi göstərilmiş və şəxsə qarşı İXM-nin 535.1-ci maddəsi üzrə tərtib edilmiş protokolda, göstərilmiş əməldə inzibati xəta tərkibinin mövcud olması sübut olunmur. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmin maddə ilə tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclası zamanı Şəxs əməlindən peşman olması və İİ Qarabağ müharibəsi iştirakçısı olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmiş, onun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, İXM-nin 510-cu maddəsi ilə isə inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 19:30-da tutulmuşdur. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-4432/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4432/2024
27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver