Məhkəmə qərarları › İş №3(007)-4433/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4433/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4433/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəziliyi Agentliyinin Bakı regional bölməsinin məsləhətçisi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4 və 544.2-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 08 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 29A olan Şəxs MMC tərəfindən, 12 may 2023-cü il tarixli İD********** nömrəli müraciətlə idxal olunan qida məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatı alınmamış və “Malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi)”nə dair Azərbaycan Respublikası Qida Təhlükəziliyi Agentliyinin Bakı regional bölməsinin 12 iyul 2023-cü il tarixli 285/FN nömrəli qərarı 10 gün müddətində icra edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəziliyi Agentliyinin Bakı regional bölməsinin məsləhətçisi X2 protokolun məzmununa uyğun izahat vermiş və inzibati xəta haqqında protokol əsaslı olduğundan Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS məlumatla) dəfələrlə bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və ya vəkili, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəziliyi Agentliyinin Bakı regional bölməsinin 12 iyul 2023-cü il tarixli 285/FN nömrəli qərarından görünür ki, xx.xx.2023-cü il tarixli AZ-23010485/QZL9Q-230S7-T-Q87 nömrəli sınaq protokola əsasən, Şəxs MMC tərəfindən edilmiş xx.xx.2023-cü il İD********** nömrəli müraciət əsasında İran İslam Respublikasından idxal olan 4070 kq badımcan, 7000 kq bibər (dolma) və 3820 kq bibər (rəngli) məhsulunun (** AA ***/** AA *** nönrəli nəqliyyat vasitəsi ilə gətirilmiş) analiz zamanı məhsulda karantin tətbiq olunan zərərli orqanizm “Tomato brown rugose fruit virus”u aşkar olunduğundan məhsul partiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarının tələblərinə cavab vermir. “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 31.9-cu maddəsinə əsasən aparılan nəzarət tədbirləri nəticəsində Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə cavab vermədikdə və təhlükəli hesab edildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin qida və yem məhsulunun, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların utilizasiyası, Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi haqqında qərar qəbul edilir və idxalatçıya və ya onun səlahiyyətli nümayəndəsinə, habelə gömrük orqanına bu barədə bir gün müddətində kağız və ya elektron formada məlumat verilir. Həmin Qanunun 31.10-cu maddəsinə əsasən Qanunun 31.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilmiş qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar 10 gün müddətində idxalatçı tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmalıdır. Bununla bağlı yaranan xərclər idxalatçı tərəfindən ödənilir. Həmin Qanunun 31.11-ci maddəsinə əsasən 31.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilmiş təhlükəli qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmadıqda, həmin qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların məhv edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qərar qəbul olunur və bu qərar əsasında həmin qida və yem məhsulları habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar 10 gün müddətində məhv edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 saylı qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın 2.1-ci bəndinə əsasən ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Həmin Qaydaların 2.21.3-cü yarımbəndinə əsasən yeyinti məhsulları təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilir. Göstərilənlərə əsasən və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsi, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli 1681ci nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 3.0.11-ci yarımbəndi rəhbər tutularaq, qərara alınmışdır: Şəxs MMC-nin xx.xx.2023-cü il İD********** nömrəli müraciəti əsasında İran İslam Respublikasından idxal olan 4070 kq badımcan, 7000 kq bibər (dolma) və 3820 kq bibər (rəngli) məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilsin. Həmin məhsul partiyası qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması təmin edilsin. Bu qərarın 2-ci bəndi icra edilmədiyi təqdirdə məhsul partiyası Agentliyin əməkdaşlarının iştirakı ilə 10 gün ərzində məhv edilsin. Qərar rəsmi formada qarsı tərəfə təqdim olunduğu gündən qüvvəyə minir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 12 iyul 2023-cü il tarixli 3-44-1/2- 6831/23 nömrəli məktubdan və poçt qəbzindən görünür ki, 12 iyul 2023-cü il tarixli 285/FN nömrəli qərar sürətli poçt vasitəsi ilə göndərilmiş, 20 iyul 2023-cü il tarixdə ünvan sahibi Şəxs MMC-nin nümayəndəsi tərəfindən imza edilərək alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.4 və 544.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 447.0.4 və 544.2-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddələrlə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127- 4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətaların xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikası İXM-nin 447.0.4 və 544.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli, İXM-nin 34.3cü maddəsinin tələbinə əsasən və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına uyğun olaraq, daha ciddi xəta hesab olunan İXM-nin 447.0.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 447.0.4 və 544.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 447.0.4-cü maddəsi ilə barəsində 4500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar