Məhkəmə qərarları › İş №3(007)-4445/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4445/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4445/2023 04.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs Əsəm oğlunun iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Qırğızıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonunun Aşağı Daşağıl kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 3, nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 11 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 04 iyul 2023-cü il tarixdə saat 14 radələrində Şəxs idarə etdiyi “Mercedes Benz E220” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə 25-ci polis şöbəsi istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi ilə M.Gəncəvi küçəsi istiqamətinə doğru 20-30 km/saat surətlə hərəkət edib, həmin küçələrin kəsişməsinə çıxdıqda “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanının) tələblərini pozaraq M.Gəncəvi küçəsi ilə R.Rüstəmov küçəsinə doğru 50 km/saat surətlə düzünə hərəkət edən X1 idarə etdiyi “Mercedes Benz 180” markalı **-DE- *** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcısında toqquşmuş, nəticədə həmin avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 04 iyul 2023-cü il tarixdə saat 14 radələrində təxminən 20-30 km/saat surətlə idarə etdiyi “Mercedes” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə 25-ci polis şöbəsi istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi ilə Çobanzadə küçəsi istiqamətinə doğru hərəkət etmişdir. Yolun M.Gəncəvi küçəsi ilə kəsişməsində onun hərəkəti üçün “Yol ver” nişanına fikir verməyib yolayrıcısına daxil olmuş və M.Gəncəvi küçəsi ilə R.Rüstəmov küçəsinə doğru hərəkət edən “Mercedes-C” markalı avtomobili buraxmayıb həmin avtmobillə yolayrıcısında, yol kəsişməsindən təxminən 4 metr digər kəsişməsinə doğru məsafədə toqquşmuşdur. Zərbədən onun avtomobili yolun solundaki bardurun üstünə qalxıb dayanmışdır. Toqquşma onun avtomobilinin qabaq sağ qanadı ilə həmin avtomobilin qabaq hissəsi arasında baş vermişdir. Hadisə nəticəsində digər avtomobildə sərnişin olan şəxs, sonradan tanıdığı Zərərçəkmiş şəxs əzildiyini bildirmişdir. O, dostunu çağırmış və zərərçəkmiş şəxsi xəstəxanaya aparmışlar, MRT etdirmiş, onun və tikiş xərclərini çəkmişdir. Hazırda zərərçəkmiş ondan 1500 manat pul tələb edir, lakin onun bu pulu ödəmək fikri yoxdur, yalnız 300-400 manat könüllü ödəniş edə bilər. Hadisə nəticəsində dəymiş ziyanları sığortası ödəyəcəkdir. Nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmamasını, cərimə olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Əsəm oğlu izahatında göstərmişdir ki, 04 iyul 2023-cü il tarixdə saat 14 radələrində dostu Əlimədətin idarə etdiyi “Mercedes-C” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobildə Nizami rayonu, M.Abbasov küçəsi istiqamətindən Nizami rayonu, M.Gəncəvi küçəsi ilə R.Rüstəmov küçəsi istiqamətinə doğru sol hərəkət zolağı ilə hərəkət etmişlər. O, sərnişin kimi qabaq oturacaqda Əlimədətin yanında oturmuşdur. Yolun Ə.Əzimzadə küçəsi ilə kəsişməsinə çatdıqda qəflətən sol tərəfdən yolayrıcısına çıxan gümüşü rəngli “Mercedes” markalı avtomobil onların getdikləri avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində o, xəsarət almış və xəstəxanaya aparılmışdır. Yolda təcili yardımla getdikləri vaxt hadisəni törədən, sonradan tanıdığı Şəxs zəng etmişdir ki, düşsün, özləri hər şeyi həll edəcəklər. Onu polisdən gizlətmiş, özləri xəstəxanaya aparmışlar, başına 17 tikiş vurulmuşdur. Həmin vaxt Ruslan həkimə 425 manat pul ödəmişdir. Sonra onun dostları həkimdən 100-150 manat pulu alıb geri qaytarmışlar. O, Ruslana demişdir ki, ona nəsə etməsin, Əlimədətə kömək etsin, avtomobili pis günə düşmüşdür. Ruslan da demişdir ki, narahat olmasın. Təhqiqatçının yanında olarkən yazmışdır ki, şikayəti yoxdur. Lakin bununla da aldadılmışdır. Ruslana bir neçə dəfə zəng etmiş, lakin o, zənglərinə cavab verməmişdir. Cavab verəndə isə demişdir ki, pulu yoxdur. Aldığı xəsarətlər görə artıq neçə aydır ki, küçəyə çıxa bilmir, Ruslan isə ona dəymiş 1500 manat ziyanı ödəmir. Ona görə Şəxs şikayətçidir, onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasını, ciddi tənbeh olunmasını məhkəmədən xahiş etmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 11 iyul 2023-cü il tarixli 624 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sol alın nahiyəsinin hematoması və əzilmiş-cırılmış yarası, sol alın-təpə nahiyəsinin sıyrıqları və sol diz nahiyəsinin şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində alınmaıarı mümkündür və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 iyul 2023-cü il tarixli 8/2012 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes Benz E220” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən göstərilən şəraitdə “Mercedes Benz 180” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqtəyinəzərdən tədqiq etməyə lüzum yoxdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, HK/1-450 nömrəli araşdırma materialında cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü toplanmış material Nizami Rayon Məhkəməsinə təqdim edilməsi üçün Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs zərərçəkmiş şəxsin müalicəsi üçün qismən maddi köməklik göstərməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs tərəfindən tələb irəli sürülməmişdir, lakin müəyyən olunmuşdur ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə vardır, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 128 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar