Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-445/2023 19.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Füzuli rayonunun Şəkərcik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonunun Şəkərcik kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ş.Xəlilov küçəsi, ev 35-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsindən daxil olmuş 19 yanvar 2023-cü il tarixli, MN seriyalı, 168843 nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 19 yanvar 2023-cü il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə rəisi X7 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 19 yanvar 2023-cü il tarixdə saat təxminən 12 radələrində idarə etdiyi “Hyundai yük” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Neolit” şadlıq evi istiqamətində öz yolu ilə hərəkətdə olarkən qəflətən yük avtomobili qarşısına çıxdığına görə qəza işıqlarını yandırıb sola çıxmışdır. Bununla əlaqədar yol polisi onu saxlamış, guya manevr qaydalarını pozduğunu bildirmiş və barəsində protokol tərtib ediləcəyini bildirmişdir. O, yolda baş vermiş həmin vəziyyəti yol polisinə izah etmiş və qayda pozuntusuna yol vermədiyini bildirmişdir. Qayda pozuntusuna yol vermədiyinə görə sənədlərini təqdim etməyə zərurət olmadığını hesab etmişdir. Həm də şəxsiyyət vəsiqəsi üstündə olmamışdır. İnzibati xətaya yol vermədiyinə görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞnin YPX inspektoru X6 izahatında göstərmişdir ki, 19 yanvar 2023-cü il tarixdə saat 12:30 radələrində Nizami rayonu, H.Əliyev prospektində “Hyundai yük” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün ötmə, manevr qaydalarını pozduğunu müəyyən edib M.Əliyev küçəsində nəqliyyat vasitəsini saxlamışdır. Yaxınlaşıb özünü sürücüyə təqdim etmiş, qayda pozuntusunu izah edərək sənədlərini təqdim etməsini təklif etmişdir. Lakin sürücü heç bir əsas olmadan sənədlərini təqdim etməkdən imtina etmişdir. O, əlavə izahedici söhbət aparıb sənədləri təqdim etməyin onun vəzifəsi olmasını sürücünün nəzərinə çatdırsa da, sürücü Şəxs sənədləri verməkdən imtina etmişdir. Buna görə məcbur olub efir vasitəsi ilə post-patrul xidmətindən naryad çağırmışdır. 5959 saylı patrul naryadı həmin yerə yaxınlaşmış, o, vəziyyəti izah etdikdən sonra patrul naryadının da qanuni tələb etmədiyinə görə Şəxs məcburi qaydada ərazi üzrə 25-ci polis şöbəsinə aparılmışdır. Şöbə rəhbərliyinə raportla məruzə edərək həmin şəxsin barəsində müvafiq tədbir görülməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXBnün polis nəfəri X1 izahatında göstərmişdir ki, 19 yanvar 2023-cü il tarixdə saat təxminən 12:30 radələrində xidmətdə olarkən 275 çağırışlı yol patrul xidməti avtomobilində xidmət aparan əməkdaşın çağırışı ilə Nizami rayonu, M.Əliyev küçəsində həmin əməkdaşa yaxınlaşmışlar. Orada “Hyundai yük” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmışdır və onlara məlum olmuşdur ki, sürücü ötmə, manevr qaydalarını pozduğuna görə saxlanılmışdır, lakin sürücü YPX əməkdaşının tələbi üzrə sənədlərini təqdim etməkdən imtina etmişdir. Onlar da özlərini sürücüyə təqdim edərək sənədlərini təqdim etməsini tələb etmişlər. Lakin sürücü onların qanuni və təkrar tələblərinə baxmayaraq, heç bir səbəb göstərmədən sənədlərini təqdim etməkdən imtina etmişdir. Buna görə həmin şəxsi məcburi qaydada ərazi üzrə 25-ci polis şöbəsinə aparmış, şöbə rəhbərliyinə raportla məruzə edərək barəsində müvafiq tədbir görülməsini xahiş etmişlər. Müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs izahatında göstərilənləri onun inzibati məsuliyyətdən yayınmağa cəhdi kimi qiymətləndirir və qeyd edir ki, onun inzibati xəta hadisəsi ilə bağlı irəli sürdüyü dəlillər məhkəmə iclasında toplanaraq tədqiq olunmuş sübutlarla təkzib olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. İş materiallarından görünür ki, Şəxs hazırkı ilə bağlı tutulmamışdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X5 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-445/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-445/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver