Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4473/2023 11.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, xx.xx.1977-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuş, Ağdam şəhəri, Füzuli küçəsi ev 33-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər BPİ X9 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:25 radələrində idarə etdiyi “Mercedes Benz E220 CDİ” minik markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində hərəkətdə olan zaman saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bu barədə Bakı şəhər BPİ DYPİ Yol-patrul xidməti baş inspektoru, polis leytenantı X5 tərəfindən xx.xx.2023-cü il tarixdə İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin Yol patrul xidmətinin əməkdaşı polis leytenantı X5 tərəfindən tərtib olunmuş İXP seriyalı, ******* nömrəli protokolu qanunsuz hesab edir. İlk növbədə həmin protokol üzrə göstərilmiş saat vaxtı doğru deyildir və hansısa məqsədlər üçün həmin saat vaxtı ən azı 1 saat tez göstərilmişdir. Çünki o, həmin vaxt ona məxsus olan **- HP-*** dövlət qeydiyyat nişanlı avtomobildə bəzi təmir işlərinin aparılması məqsədilə ilə bağlı Babək prospektində yerləşən köhnə “maşın bazarı” kimi adlanan bazarın ərazisində olmuşdur. Daha sonradan, təxminən 25-30 dəqiqədən sonra məlum ünvana getmişdir. Bir qədər orada olduqdan sonra ona yaxın olan adamın dostunun anasının dünyasını dəyişməsi səbəbindən həmin ərazini tərk etmişdir. Bu təxminən 21:30 radələrinə təsadüf etmişdir, 21:45 radələrində DYP əməkdaşları ona saxla əmri vermiş, 22:00 radələrində isə avtomobilinin yerləşdirildiyi Nizami rayonundakı cərimə meydançasından ayrılaraq yenidən Qara Qarayev metrostansiyasına getmişdir. Buradan aydın şəkildə müəyyən etmək olar ki, onun polis əməkdaşları ilə qeyd etdikləri vaxtdan sonra 1 saat 30 dəqiqə çərçivəsində birlikdə olmaqları qətiyyən mümkün deyil və tərtib edilmiş protokolda saat vaxtı doğru qeyd edilməmişdir. Bundan əlavə DYP-nin saxla əmrinə tabe olduğu andan üzərinə düşən öhdəlikləri yerinə yetirdiyi halda ona məxsus olan avtomobil cərimə meydançasına yerləşdirildiyi zamana qədər ona qarşı göstərilən rəftarı Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab general-polkovnik Vilayət Eyvazova etdiyi rəsmi müraciətdə olduğu kimi göstərmişdir. Həmin müraciətin bir nüsxəsini məhkəməyə təqdim etmişdir. Hadisə baş verdiyi zaman sərxoşluq dərəcəsini müəyyən edən alkotesterə üfürmədən onu çox və kobud şəkildə cərimə meydançasının ətrafına gətirmələri və bir neçə dəqiqə sonra steril olması məlum olmayan və sanitariya-gigiyena qaydalarına riayət olunması kifayət qədər onda şübhə doğuran və bundan əlavə iki hal şahidinin iştirakı olmadan onu həmin alkotesterə üfürtməklə nəticə ona göstərilmədən 0.6 promil dərəcəsində sərxoş olmasını qeyd etmələri çox ciddi qanun pozuntusudur. Polis əməkdaşlarına dəfələrlə sərxoş olmadığını, 50 mq-dan da az miqdarda ağız boşluğuna qarqara məqsədilə qəbul etdiyini bildirsə də həmin polis əməkdaşı tərəfindən sözlərinə məhəl qoyulmamışdır. Bundan sonra onun iştirakı olmadan ona məxsus olan avtomobili həmin cərmə meydançasına gətirən digər YPX əməkdaşı isə tərbiyəli insan olduğunu və onları incitmədiyini nəzərə alaraq protokolu “yüngül dərəcəli sərxoşluq” əsaslarına uyğun olaraq yazacaqlarını vəd verərək məcburi qaydada həmin sənədə imza atmağına nail olmaları isə bir daha qanun pozuntusudur. Çünki bundan 10 dəqiqə əvvəl isə şər-böhtan xarakterli çıxışlar edərək, ayaqüstə dura bilmədiyini və ciddi şəkildə sərxoş olduğunu boynuna qoymağa çalışmışlar. Onlarla razılaşmadığını və onlara inanmadığını bildirərərk, həkim müayinəsindən fərdi qaydada keçəcəyini bildirdikdə isə onu xoş dilə tutaraq buna heç bir ehtiyacın olmadığını bildirməklə səhər saat 09:00 radələrində ona məxsus avtomobilə aid olan sənədləri və buraxılış vərəqəsini Bakı şəhər Yol Polis İdarəsinin xidməti otaqlarının birindən asanlıqla götürə biləcəyinə söz vermələri ilə yanaşı, həmin ərazidən marşrut xəttinin keçməməsi ilə bağlı ona 5 AZN məbləğində taksi pulu vermələri isə ümumi prinsiplərlə ziddiyyət daşıyır. O, həyatında belə bir hadisə ilə ilk dəfə qarşılaşdığından yerində donub qalmışdır. O, özünü sanki girovluqdan qismən azad olunmuş kimi hiss etmişdir. Bundan sonra özünü mənəvi-psixoloji cəhətdən alçaldılmış hiss etdiyindən yuxuya gedə bilməmiş və gecə saatlarında yaşadığı Xətai rayonundakı ünvandan taksi sifariş edərək sərxoşluğun müəyyən olunması üçün testdən keçmək məqsədi ilə 1 saylı Mərkəzi Şəhər Xəstəxanasına getmişdir. Lakin oradan ona həmin müayinənin orada keçirilməsinin imkanları xaricində olması bildirilmişdir. Yol boyu sifariş etdiyi taksinin sürücüsü bununla bağlı testin başqa ünvanda götürüldüyünü bildirmişdir. Onu öz istəyi ilə həmin ünvana aparmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında Respublika Narkoloji Mərkəzində təxminən 03:10 radələrində aparılan yoxlama zamanı onda sərxoşluğun dərəcəsinin 0 promil olması məlum olmuşdur. Aparılan yoxlamadan bir neçə dəqiqə sonra DİN-nin 102 qaynar xəttinə məlumat verərək ona köməklik göstərilməsini xahiş etmişdir. Qaynar xəttin əməkdaşı ilə 5 dəqiqəyə yaxın aparılan danışıq zamanı əməkdaşdan onu danışığında, səs tembrində doğma dilimizdə fikirlərini səlist şəkildə ifadə etməyə mane olan hər hansı bir xırda sərxoşluq əlamətlərinin olub-olmadığını soruşmuş, əməkdaş isə “xeyr” demişdir. Buradan belə bir sual ortaya çıxır ki, DYP əməkşdaşları tərəfindən ona göstərilməyən irəli sürülən 0.6 promil sərxoşluq dərəcəsi haradan götürülmüşdür və ona hansı hüquqlar şamil edilmişdir. Eyni zamanda Bakı şəhər DYPİ-nin növbətçi hissəsinə məlumat verərək yaranmış xoşagəlməz halın aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Ən dəhşətlisi isə YPX-nin gizli şəkildə xidmət apardığı yer xidmət aparmağa uyğun məkan deyildir və kənardan verilən böhtan xarakterli məlumatlar əsasında qərar qəbul etmək ədalətsiz olmaqla yanaşı həm qeyri-peşəkarlıq nümunəsi hesab oluna bilər. Səhər saatlarında təxminən 08:15 radələrində DYP-nin inzibati binasında olan zaman barəsində tətbiq olunan məlum inzibati protokolu tərtib edən YPX əməkdaşlarının kimliyi barədə ona heç bir məlumat verilməmiş və bu təxminən 3 saat sonra 30 nömrəli inzibati otaqda məlum olmuşdur. Məlum gecikmənin qarşı tərəfin iradəsindən asılı olduğunu və bilərəkdən baş verdiyini diqqətə çatdırmaq istədikdə isə onun indiki halda da sərxoş olduğu kobud şəkildə bildirilmişdir. Yorğun olduğunu və səhərə qədər yatmadığını qarşı tərəfə bildirməklə yanaşı ayrıca komissiya təşkil ediləcəyi halda yenidən kompleks şəkildə analizlər verməyə hazır olduğunu bildirsə də bu qarşı tərəfin mənafeyini ifadə etməmişdir. Qarşısına cərimə tərkibli sənəd qoyularaq imza atması tələb olunsa da həmin sənədə imza atmaqdan imtina etmişdir. Hər fürsətdə ona böhtan atmağa çalışan və eyni zamanda mənəvi-psixoloji cəhətdən onu sarsıdan DYP əməkdaşlarının hər ikisi barəsində ədalətli qərar qəbul edilməsini və barəsində tərtib edilən İXP seriyalı, ******* nömrəli protokolun əsassız olduğunu nəzərə alaraq ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, Bakı şəhər BPİ-nin DYPİ-nin əməkdaşları tərəfindən hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:25 radələrində “Mercedes Benz E220 CDİ” minik markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilli idarə edərkən saxlanılmış, saxlanıldıqdan sonra onun spirtli içki qəbul etdiyi müəyyən edilmişdir. Alkotester vasitəsilə müayinə keçirilmiş və nəticədə onun qanındakı spirtin miqdarının 0,566 olduğu müəyyən olunmuşdur. Qandakı spirtin miqdarı müəyyən olunmuş normadan yüksək olduğu üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxsin özü də protokolu imzalamış və öz əli ilə izahat yazaraq qeyd etmişdir ki, həqiqətən də spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etmişdir, həkimə getməyə ehtiyac yoxdur və bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəyinə söz vermişdir. Daha sonra ona məxsus nəqliyyat vasitəsi ondan alınaraq duracağa yerləşdirilmişdir. İnzibati xəta haqqında protokolun tərtib edilməsində hər hansı qanuna zidd hərəkətlərə yol verilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin özü də izahatında spirtli içki qəbul etdiyini etiraf etmişdir, spirtli içki qəbul etməmişdirsə içkili olduğunu yazmazdı. Şəxs məhkəməyə akt təqdim etmişdir ki, burada vaxt məsələsinə diqqət yetirmək lazımdır. O, ilk alkotester müayinəsindən saat 20:28-də keçmiş, həkim müayinəsindən 03:20-də keçmişdir. Yəni ilk müayinədən 6 saata yaxın müddət keçdikdən sonra keçmişdir. Bu məsələ ilə bağlı Respublika Narkoloji Mərkəzin məhkəmələrə ünvanlanmış rəyi vardır. Orada qeyd edilir ki, qanda spirtin miqdarı 1 saatda 0.2 promil aşağı düşə bilər. Bu isə orqanizmin sağlamlığından asılıdır. 4-5 saatdan sonra şəxsdə alkoqolun miqdarı aşağı düşərək sərxoş olmadığı müəyyən oluna bilər. Eyni zamanda şəxs tərəfindən qandakı spirtin miqdarı süni şəkildə müəyyən yollarla da aşağı salına bilər. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahat verərək bildirmişdir ki, İmranla birlikdə “Maşın bazarı” kimi tanınan ərazinin yaxınlığında yerləşən qəbirstanlığın içəri tərəfində olan prafilaktoriyada avtomobili təmir etdirmişlər. Təxminən 21:20 radələrində yemək üçün kafeyə getmişlər, onların masalarında içki olmamışdır, yəni içki içməmişlər. 10-15 dəqiqə sonra dostu ona zəng vuraraq anasının vəfat etdiyini bildirmiş və onlar yeməyi yarımçıq qoyaraq çıxıb getmişlər. Hər kəs öz avtomobilinə əyləşib hərəkət etdikdən bir müddət sonra o, İmrana zəng vurmuş, məlum olmuşdur ki, İmranı DYP əməkdaşları saxlamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” xx.xx.2023-cü il tarixdə saat 20:30-da tərtib olunmuş protokoldan görünür ki, müayinə olunan Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin protokolda sürücü “ spirtli içki qəbul etmişəm (az miqdarda), təcili sürətdə yas yerinə getməliyəm, zərurət yarandı və bu halı məqbul hesab etmirəm. Üzərimə düşən öhdəliyi yerinə yetirdim və həkimə getməyə ehtiyac yoxdur” məzmunda qeyd etmiş və protokolu imzalamışdır. - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokola əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:28-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,566 %0 olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair 2/26236 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 03:20-də müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:28-də alkotesterlə müayinə olunduqdan sonra xx.xx.2023-cü il tarixdə saat 03:20-də Narkoloji Mərkəzə müraciət etmiş və müayinə zamanı sərxoş olmaması müəyyən olunmuşdur. Müayinələr arasında olan müddət sərxoşluq vəziyyətinin aradan qalxması üçün yetərli hesab oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə işin faktiki hallarına və Şəxs izahatında göstərdiyi dəlillərə qiymət verərək hesab edir ki, onun göstərdiyi hallar özünümüdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin müəyyən edilmiş hallarına əsasən Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Onun törətdiyi qayda pozuntusu xarakterinə görə diqqəti və çevikliyi azaldan, özü və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə törədən qayda pozuntusudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid olmadığından məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-4473/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4473/2023
11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver