Məhkəmə qərarları › İş №3(007)-4474/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4474/2023

15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4474/2023 15.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi ev 18, mənzil 55-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 07 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 07 avqust 2023-cü il tarixdə saat 12:24-də Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində “BMW 528 minik” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 07 avqust 2023-cü il tarixdə saat 12:20 radələrində Nizami rayonu, M.Əliyev küçəsində “BMW” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol polisi onu saxlamışdır. O, avtomobili idarə edərkən hər hansı qayda pozuntusuna yol verməmişdir. Yol polisi alkotestrlə onun içkili olub-olmamasını yoxlamış, nəticədə guya içkili olmasını müəyyən etmişdir. O, etiraz etmişdir, belə ki, saxlanılan vaxt içkili olmamışdır və demişdir ki, üç gün əvvəl içki içmişdir. Lakin içkili olmadığına, özünə əmin olduğuna görə alkotestrin nəticəsinə baxmamış, tanış olmamışdır. Yol polisi əməkdaşı ona demişdir ki, məzmununu deyəcəyi formada izahat yazsın, onu buraxacaqdır. O da qeyd etdiyi kimi, avtomobili idarə edərkən içkili olmasa da onu tez buraxmaları üçün yol polisinin sözü ilə izahat yazmışdır. Buna baxmayaraq avtomobilini duracağa aparmışlar, barəsində isə protokol tərtib etmişlər. Bunu biləndən sonra tələb etsə də onu həkim müayinəsinə aparmamışlar. Bundan sonra özü gedib tibbi müayinədən keçmiş və ayıq olması barədə tibbi sənəd verilmişdir. Əməlində inzibati xəta tərkibi olmadığına görə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi-həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Sözügedən maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2014-cü il tarixli qərarına əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, YPX əməkdaşında Şəxs içkili olmasına şübhə yarandığından o, yerində xüsusi texniki vasitədən keçirilməklə yoxlanılmışdır, bu zaman Şəxs texniki vasitənin göstəricisi ilə tanış edilməmişdir. Şəxs xüsusi texniki vasitənin göstəricisi ilə razılaşmayaraq onun tibbi müayinədən keçirilməsini tələb etmişdir. Lakin həmin şəxsin tibbi müayinədən keçirilməsi qanunla müəyyən olunan qaydada təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz; 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər; 69.3-cü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. İnzibati xətalar qanunvericiliyinin tələbinə görə, sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Sərxoşluq vəziyyətinin olmasının və onun dərəcəsinin müəyyən edilməsi məhz yerində xüsusi texniki vasitə ilə və ya nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxsin tibbi müayinəyə göndərilməsi yolu ilə müəyyən olunmalıdır. Sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirak etməli olması imperativ qaydada, məcburi hal kimi müəyyən edilmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin yerində müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə olunmalıdır, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Hansı ki, bu faktın təsdiqi üçün iş materiallarında belə sübut yoxdur, sübut qismində təqdim edilmiş xüsusi texniki vasitənin hesabatı isə ümumiyyətlə oxunmur, üzəri də şəffaf yapışqanlı lent vasitəsi ilə yapışdırılmışdır. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin mənası baxımından inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübut etmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lakin dəfələrlə rəsmi və şifahi qaydada müraciətlər edilməsinə baxmayaraq qanunun həmin tələbinə əməl edilməmiş, həmin orqanın nümayəndəsi və ya inzibati xəta haqqında protokolu tərtib edən şəxs məhkəməyə gəlməmiş, zəruri sübutları təqdim etməmişlər. Əksinə, Şəxs özü həmin gün müstəqil olaraq həkim müayinəsindən keçmiş və bu zaman onun ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, hazırkı icraat zamanı yuxarıda qeyd edilən qaydada pozuntulara yol verilmiş, sərxoşluq vəziyyətinin yerində müayinəsi aparılarkən hal şahidlərinin məcburi iştirakı təmin olunmamış, habelə, sərxoşluq vəziyyətinin olmasının və onun dərəcəsinin müəyyən edilməsi məqsədi ilə yerində xüsusi texniki vasitə ilə aparılmış yoxlamanın nəticələri təqdim edilməmiş, habelə Şəxs xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduğu və tələb etdiyi halda onun tibbi müayinəyə göndərilməsi təmin olunmamışdır, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı müəyyən edilir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar