Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4480/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə ünvan 1 ünvanında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Baş Polis İdarəsi X2 İdaərsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs olaraq nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati tənbeh almış şəxs kimi bir il ərzində təkrarən, xx.xx.2024-ci il tarixdə saat 09:06-da Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində “Changan F70 minik” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil izahatında bildirmişdir ki, Şəxs hadisə günü içkili olmamışdır. Ümumiyyətlə alkotesterin üzərində qeyd edilən saatda orada olmamışdır. O, saat 9 yox 10-a qalmış orada olmuşdur. Həmçinin həmin inzibati xəta haqqında protokol hadisə baş verən gün deyil 13-ü tərtib edilmişdir. Əgər hadisə baş verən günü tərtib edilsə idi, o zaman 2023-cü ildə tərtib edilmiş protokolda olduğu kimi GPS qeyd edilərdi. Qeyd edilənlər ilə əlaqədar TŞ kamerasının saxlanılma müddətinin keçsədə, hazırda patrul avtomobilində olan video yazılar onlara hazırki işin ədalətli həlli üçün vacibdir. Yol patrul xidməti haqqında təlimatın 4.7-ci bəndinə əsasən, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Alkotester cihazının üzərindəki rəqəmlər, ad, soyad dəyişdirilə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şirkət təsisçisi, direktordur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən həkimə ehtiyac olmaması ilə bağlı qeyd ona görə edilib ki, alkotesterin nəticələrində o sərxoş çıxmamışdır. Şəxsin içkili olmasını təsdiq edən rəsmi sübutlar yoxdur. Alkotesterin keçirilməsi ilə bağlı akt tərtib olunmalı idi. Ola bilər ki, başqa alkotesterdən istifadə edərək, digər bir alkotesterin cavablarını yaza bilərlər. Hesab edir ki, patrul avtomobilində olan video görüntü tam şəkildə təqdim edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, polis əməkdaşları onu aldatmışlar, video yazının qısa bir hissəsi təqdim edilmiş, hamısı təqdim edilməmişdir. Polis əməkdaşları ona sual vermiş, o, da yeyib-içməyi xoşladığını bildirmişdir. O, müxtəlif içkilər tekila, viski içməyi xoşladığını söhbət gedişində bildirmişdir. Onu alkotesterdan keçirtmiş, alkotesterin nəticəsində onun sərxoş olduğu çıxmamışdır. Polis əməkdaşları ona “həkimə ehtiyac yoxdur”-deyə yazmağını xahiş etmiş, xahiş etmələrinin səbəbi kimi onlara bundan faiz gəldiyini bildirmişlər. Onun maşınını polis əməkdaşı götürüb sürmüş, “nə gözəl maşındır, sürə bilərəmmi?”-deyə soruşmuş, Şəxs da sürə biləcəyini bildirmişdir. Maşını cərimə meydançasına sürüb aparmışlar. Sonra onun taksi pulunu da verib yola salıb polsi bölməsinə getməli olduğunu bildirmişlər. O, oradan polis bölməsinə gəlmiş orada bilmişdir ki, onu aldadıblar. Aldadıldığını bildikdən sonra həmin gün DİN 102 xidmətinə zəng edib şikayət etmişdir. Həmin gün nə üçün həkimə getmədiyi ilə bağlı isə izahatında qeyd etmişdir ki, o, içkili olmadığı üçün həkimə gedib yoxlanılmamışdır. İş materialları : I. Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs AR İXM-nin 333.2-ci maddəsi ilə nəzərədə tutulan inzibati xətanı törətmişdir. II. xx.xx.2024-cü il tarixli 08:58-də keçirilmiş ACEZ-Series tipli, 642042 seriyalı alkotesterin nəticəsindən görünür ki, 77AU388 nömrəli avtomobilin sürücüsü Necmeddinovda alkoqolun miqdarı 0.492% müəyyən edilmişdir. III. Sabunçu rayon DYPİ tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs AR İXMnin 327.2 və 333.1-ci maddəsi ilə nəzərədə tutulan inzibati xətanı törətmişdir. IV. xx.xx.2024-ci il tarixli ******* nömrəli “sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan görünür ki, həmin tarixdə Şəxs spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İXM-nin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “Ace-Z” markalı, İN-642042 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitələrdən istifadə edilmişdir. Müayinə nəticəsində vətəndaş Şəxs, saat 09:04-də spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmin potokolda Şəxs tərəfindən “həkimə ehtiyac yoxdur. Xahiş edirəm məni nəzərə alın DYPİ-nin alkotesterindən qanuni şəkildə testdən keçdim, heç bir narazılığım yoxdur” məzmununda qeyd aparılmışdır. V. xx.xx.2024-cü il tarixli, “nəqliyyat vasitəsinin mühafizə duracağa yerləşdirilməsi barədə akt”dan görünür ki, Şəxs tərəfindən İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş, beləliklə də nəqliyyat vasitəsi dayandırılmış, İXM-nin 96.1.4-cü maddəsi ilə nəqliyyat vasitəsi öz hərəkəti ilə duracağa gətirilmişdir. VI. Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş GP 25544717 nömrəli xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardaddan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib olunmuş İXP6552651 nömrəli inzibati xəta haqqında protokol və digər materialların baxılması üçün aidiyyəti üzrə Nizami rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. VII. “Asan Pay” Ödəniş Portalından çıxarışdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən təyin olunmuş cərimə məbləğini ödəmişdir. VIII. Azərbaycan Respublikası DİN X1 Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, arxivlərin saxlanma müddəti bitdiyi üçün məhkəmə sorğusu əsasında istənilən informasiyanın təqdim edilməsi mümkün olmamışdır. IX. “Ölçmə vahidlərinin yoxlanılması haqqında” şəhadətnamədən görünür ki, ACEZ- Series tipli, 642042 seriyalı alkotesterin növbəti yoxlama tarixi xx.xx.2025-ci il müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək o nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333.1-ci maddəsində qeyd edilir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İşin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə növündə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində tətbiq edilmiş cəriməni ödəmişdir. Daha sonra inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar eyni inzibati xətanı törətməyə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş ACEZ-Series tipli, 642042 seriyalı alkotesterin nəticəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs alkoqolun miqdarı 0.492% müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi həmin alkotesterin nəticəsinin düzgün olmadığını, ona aid olmadığını bildirsələrdə, məhkəmə iclasında həmin alkotesterin nəticəsini şübhə altına alan hallar müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş ACEZ-Series tipli, 642042 seriyalı alkostesterin yoxlanılmasına dair şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, həmin alkotester xx.xx.2024-cü il tarixdə yoxlanılmış və növbəti yoxlama tarixi xx.xx.2025-ci il müəyyən edilmişdir. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş, araşdırılmış xx.xx.2024-ci il tarixli ******* nömrəli “sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokola əsasən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən həmin protokolda “həkimə ehtiyac yoxdur. Xahiş edirəm məni nəzərə alın. DYPİ-nin alkotesterindən qanuni şəkildə testdən keçdim, heç bir narazılığım yoxdur” məzmununda qeyd aparılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatda həmin qeydi aldanma nəticəsində yazmasını qeyd etsədə, məhkəmədə Şəxs uzun müddət ərzində nəqliyyat vasitəsindən istifadə etməsi, əvvəllər də barəsində sərxoş vəziyyətində nəqliyyat vasitəsi idarə etməyə görə inzibati xəta haqqında protokol tərtib edilməsinə baxmayaraq “sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokol tərtib edilərkən sərxoş olmadığı halda belə bir protokolun tərtib edilməsi zərurəti hissəsində aldanması sual yaratmış və barəsində inzibati xəta haqqında icraata aparılan şəxsin verdiyi izahatı isə məhkəmə məsuliyyətdən yayınmaq üçün verilmiş izahat olaraq qiymətləndirilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi Şəxs uzun müddət ərzində nəqliyyat vasitəsindən istifadə etməsi, əvvəllər də barəsində sərxoş vəziyyətində nəqliyyat vasitəsi idarə etməyə görə inzibati xəta haqqında protokol tərtib edilməsinə baxmayaraq işin gedişatı, yəni onun barəsində “sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokol tərtib edilməsi, onun avtomobilinin əlindən alınaraq, onun özünün isə taksi ilə göndərilməsi qeyd edilən kimi onda sual yaratmalı olan və qeyd etdiyimiz kimi aldanılması ilə bağlı verdiyi izahatın məhkəmə tərəfindən onun məsuliyyətdən yayınmaq üçün verilmiş izahat olaraq qiymətləndirilməsi üçün əsas olan haldır. Həmçinin izahatında qeyd etmişdir ki, o həmin gün polis şöbəsinə gedərkən aldadıldığını bilmiş və şikayət etmişdir. Belə olan halda nə üçün həkimdən keçmədiyi ilə bağlı məhkəmənin sualına isə əsaslı izahat verə bilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisinin vəsatəti əsasında işin hallarının tam və obyektiv araşdırılmasının təmin edilməsi üçün Azərbaycan Respublikası DİN Təhlükəsiz Şəhər Xidmətinə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsinın Koroğlu m/s hissəsində quraşdılılmış olan TŞ4-009 və TŞ 4- 163 nömrəli təhlükəsiz şəhər nəzarət (müşahidə) videokamerasından xx.xx.2024-cü il tarixə saat 08:40-dan 10:00-dək olan videogörüntülərin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim edilməsi üçün müraciət etmişdir. Lakin arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən informasiyanın təqdim edilməsi mümkün olmamışdır. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yuxarıda qeyd olunan normalarla üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli və hüquqa zidd əməl törətmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisinin məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, belə ki, həmin şəxsin alkoqoldan istifadə etməsi və bunun nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı yerində olmaqla xüsusi texniki vasitənin vasitəsi ilə müəyyən olunmuşdur, bu nəticənin şübhə altına alınması üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair 8 iyun 2022-ci il Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 333.2-ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır. Həmin Qərarda həmçinin qeyd edilir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərar). Məhz bu prinsipdən çıxış edərək qanunverici İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində müəyyən etmişdir ki, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (31.1 və 31.2-ci maddələr). İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halları nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. İnzibati xətalar qanunvericiliyində müəyyən edilmiş bu qayda inzibati məsuliyyətə cəlbetmənin tərbiyəedici, xəbərdaredici məqsədlərinə nail olmağa yönəlmişdir. Belə ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin bu müddət ərzində təkrarən eyni pozuntunu törətməsi halı inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir və bu, hüquqpozuntusuna təkrarən yol vermiş şəxs üçün hüquqi xarakterli mənfi nəticələrə, yəni inzibati məsuliyyətin ağırlaşdırılmasına və daha ciddi inzibati tənbehin tətbiq olunmasına səbəb olur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, qeyd edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməli, o cümlədən nəqliyyat vasitələrini idarə etmə hüququ sanksiya həddində məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhər Nizami rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Starə Əliyeva
Məhkəmə qərarları › İş №3(007)-4480/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4480/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver