Məhkəmə qərarları › İş №3(007)-4481/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4481/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4481/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4 və 333.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, məhkəmə Müəyyən Etdi: Bakı şəhər BPİ-nin DYPİ-dən daxil olmuş 13 iyun 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 13 iyun 2023-cü il tarixdə saat 01:05də “Ravon Nexia R3 minik” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.4 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir; 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır; 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır; 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Qeyd edilməlidir ki, inzibati xəta haqqında protokol inzibati xətalar qanunvericiliyinin tələblərinə cavab vermir, inzibati xətanın mahiyyəti, Şəxs İXM-nin 327.4 və 333.3-cü maddələrində göstərilən məhz hansı inzibati xətanı törətməsi göstərilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquq və vəzifələrin izah edilməsi protokolla öz təsdiqini tapmamışdır, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokolla tanış edilməmiş, surəti ona verilməmiş və ya poçt vasitəsi ilə göndərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Şəxs barəsindəki sözügedən inzibati xəta haqqında protokol 13 iyun 2023-cü il tarixdə tərtib edilsə də, bundan başqa müvafiq şəxslərin izahatı alınsa da və müvafiq materiallar toplansa da, İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsində nəzərdə tutulan qaydada, törədilməsi ehtimal edilən inzibati xətaya görə inzibati həbs nəzərdə tutulduğu halda, tərtib edilməsindən dərhal sonra protokolun məhkəməyə göndərilməsi və ya təqdim olunması təmin edilməmişdir. Bu zaman nəzərə alınmalıdır ki, məhkəmənin 06 noyabr 2023-cü il tarixli 3(007)- 5634/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli 3(007)-6038/2023 nömrəli, 16 iyul 2024-cü il tarixli 3(007)-3466/2024 nömrəli və bir çox qərardadları ilə eyni nöqsanlarla material geri qaytarılsa da, nöqsanlar aradan qaldırılmadan yenidən material məhkəməyə göndərilmişdir ki, bunlar məhkəmənin iş yükünün əsassız artmasına səbəb olmuşdur. Əlavə olaraq qeyd edilməlidir ki, inzibati xəta haqqında protokolun və materialların əsli deyil, kserosurətləri məhkəməyə göndərilmiş, protokolun tərtib olunduğu müddətdən keçən 1 ildən artıq müddətdə inzibati iş üzrə icraat dayandırılmamışdır ki, bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, törədilməsi ehtimal edilən inzibati xətaya görə inzibati həbs nəzərdə tutulduğu halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə gətirilmədiyi, o cümlədən inzibati araşdırma və protokolun tərtib olunması zamanı inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar sənədlərin əsli olmamaqla, natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına uyğun olaraq nəzərə alınmalıdır ki, İXM-nin 327.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə həmin hissədə materialın məhkəməyə göndərilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.4 və 333.3-cü maddələri ilə tərtib edilmiş 13 iyun 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar