Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4496/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, Ocaqverdiyev Tahir Bayram oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 18 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 18 sentyabr 2025-ci il tarixdə, saat 09:00-09:30 radələrində Bakı şəhəri Nizami rayonu M.S.Ordubadi küçəsində yerləşən Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin inzibati binasında nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X3 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsində səs-küy salaraq xuliqanlıq hərəkətləri etməsi barədə məlumat daxil olmuş, gedib həmin şəxsi gətirmişlər, barəsində protokol tərtib etmişlər. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, İT mühəndisidir. Dostu Müşfiq ona zəng etmişdir ki, özünü piss edir, Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinə gəlsin. O, saat 09 radələrində dövlət yol polis şöbəsinə getmişdir. Şöbənin qarşısındakı çayxanada 2 polis əməkdaşı ilə görüşmüşdür. Onlar çay içəndən sonra içəridə danışmalarını demişlər. Fərid adlı polis əməkdaşının otağına getmişlər. Polis əməkdaşları ona demişlər ki, şəxsin barəsində avtoxuliqanlığa görə İXM-nin 511-ci maddəsi ilə protokol yazacaqlar. Maddənin sanksiyasında 2 il sürücülük hüququnun məhdudlaşdıprılması və 2000 manat cərimə gözlənilir. O da polis əməkdaşlarına demişdir ki, “xarab maşındır, yaşlı da adamdır, o, yəni Müşfiq avtoxuliqanlıq etməz”. Daha sonra bayıra çıxmış, Müşfiqə yaxınlaşaraq demişdir ki, “qoy məhkəməyə göndərsinlər işi”. Heç demə polis əməkdaşları onun arxasında imişlər. Ona demişlər ki, “niyə onun işinə müdaxilə edirsən? paqonlarımızı sökdürəcəksən”. Ona əl-qol atmışlar və köynəyini cırmışlar. Qolunu burmuş və içəri aparmışlar. Onu təhqir eləməyə başlamışlar ki, o, polislərə qarşı nəsə etsin. Ancaq onun atası Qarabağ döyüşçüsü, keçmiş polis əməkdaşı olmuşdur. O, polis çörəyi yemişdir. Onlara qarşı belə hərəkətə yol verməz. Polislərə nalayiq ifadələr işlətməmişdir. Müşfiq şəkər xəstəsi olduğu üçün taleyindən narahat olaraq şöbəyə getmişdir. Raportda yazılan hərəkətləri etməmişdir, ancaq demişdir ki, iş yoldaşına görə gəlmişdir, vəziyyəti izah edib gedəcəkdir. Əsl dostluq edib oraya getmişdir. İş durumunun, ailə vəziyyətinin, bir azyaşlı uşağının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin YPX inspektoru Vüsal Hüseynovun 18 sentyabr 2025ci il tarixli raportundan görünür ki, 18 sentyabr 2025-ci il tarixdə xidmətdə olan zaman **- DM-*** dövlət qeydiyyat nişanlı avtomobil yerdəyişmə, manevr etmə qaydasını pozduğuna görə tərəflərindən saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim edib qayda pozuntusunu izah etmişdir. Sürücü görüntülərlə tanış olmaq üçün DYPŞ-nə yaxınlaşmışdır. Bu zaman özünü həmin şəxsin dostu kimi təqdim edən Şəxs DYPŞ-də səs-küy salıb nalayiq ifadələr işlədərək mobil telefonla çəkiliş aparmışdır. Onu nizamintizama dəvət edərək sakitləşdirib 25-ci polis şöbəsinə dəvət etmiş, barəsində qanuni tədbir görülməsi üçün raportla müraciət etmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş X1 izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, həmin dəlillər məhkəmə tədqiqi zamanı toplanaraq tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur, ona görə nəzərə alınmır, işin icraatını istisna edən, icraata xitam verilməsinə əsas verən hallar iş üzrə müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməli olduğundan məhkəmə hesab edir ki, o, dərhal tutmadan azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, barəsində nzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işə baxılarkən müdafiəçinin xidmətindən istifadə etməmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4496/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4496/2025
18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver