Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4497/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin sahə inspektoru, polis kapitanı X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Ələkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 127 inzibati binada qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 01 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 01 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış material ilə birlikdə baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 01 oktyabr 2024-cü il tarixli qərardadına əsasən həmin inzibati xəta haqqında protokollara dair işlər bir icraatda birləşdirilmiş və birləşdirilmiş işdə 3(007)- 4497/2024 nömrəsi saxlanılmışdır. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* və ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, vətəndaş Şəxs və E.N.Osmanov xx.xx.2024-cü il tarixdə C.Naxçıvanski 51 ünvanında yerləşən №1 kafesinin qarşısında bir-birlərinin ünvanına nalayiq ifadə işlətməklə xırda xuliqanlıq etmiş, eyni zamanda ÇPA-nın əməkdaşları onları PŞ-nə dəvət edərkən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin sahə inspektoru, polis kapitanı X3 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, tərəfindən Şəxs barəsində İXM-ın 510 və 535-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. X4 və digər şəxs səhər saat 5-ə işləmiş Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 1 nömrəli kafenin arxasında mübahisə ediblər. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol üzrə zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, 01 oktyabr 2024-cü il tarixində gecə növbədə olduqları və ətrafda gəzdikləri zaman səhər saat 5-ə işləmiş Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 1 nömrəli kafenin arxasında iki nəfərin mübahisə etdiyini görmüş və onlara yaxınlaşmışlar. Şəxs ona müqavimət göstərmiş, maşına minməkdən imtina etmiş və başını maşına vurmuş, onun yaxasından tutmuşdur. O izahatında qeyd etmişdir ki, onlar mübahisə edən zaman onların ətrafında heç kim olmasa da, həmin kafe bazarın ərazisində olduğu üçün 15 metr məsafadə başqa şəxslər var idi. Şəxs əməlində AR İXMnin 510-cu maddəsinin tərkibinin onun X4 ilə bir-birinə qarşı nalayiq ifadələr işlətməsi ilə bağlı yarandığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, o, X4 mübahisə etmiş, aralarında mübahisə olduğuna görə ona söyüş söymüşdür. Polislərə qarşı söyüş söyməmişdir. O, polisə qarşı müqavimət göstərib onun yaxasından tutmamışdır. Polis onu tutub maşına əyləşdirmişdir. Onların mübahisəsi 1-2 dəqiqə çəkmiş, bu zaman onların yanında kimsə olmamış, kimsə onları sakitləşdirmək, aralamaq üçün yaxınlaşmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil izahatında bildirmişdir ki, Şəxs əməlindən peşmandır. Himayəsində azyaşlı övladı var. Onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməli və onun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğu üçün həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Hazırkı iş üzrə isə görünür ki, Şəxs tərəfindən məhz qeyd olunan inzibati xəta tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Belə ki, polis əməkdaşları tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən xırda xuliqanlıq hərəkətinə yol verilməsi bildirilməsinə baxmayaraq məhkəmə iclasında Şəxs qeyd edilən əmələ yol verməsi müəyyən edilməmişdir. Həmçinin polis əməkdaşlarının məhkəmə iclasında verdiyi izahatlardan da Şəxs əməlində qeyd edilən tərkibin olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında verilən izahatlar və iş materialları ilə müəyyən edilmişdir ki, Şəxs ilə X4 arasında 2-3 dəqiqəlik mübahisə olmuş, həmin mübahisə zamanı tərəflər birbirinə nalayiq ifadələr işlətmiş, lakin bu zaman tərəflərin ətrafında başqa şəxslər olmamış, qeyd edillən hərəkətlər ictimai qaydanın kobud surətdə pozulması ilə nəticələnməmişdir. Belə ki, əks halda həmin mübahisə uzun müddət davam edər və ətrafdakılar həmin şəxsləri sakitləşdirmək üçün onların ətrafına toplaşardı. Müəyyən edilmiş hal isə ondan ibarətdir ki, tərəflər arasında mübahisə 2-3 dəqiqə davam etmiş, artıq bir-birinə nalayiq ifadələr işlədərək kənarlaşan zaman polis əməkdaşı yaxınlaşmışdır. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə isə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri isə cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə qanunun tələbləri və işin həqiqi halları baxımından belə qənaətə gəlir ki, Şəxs əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmamışdır. Bununla yanaşı, məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh təbiq edilməlidir. Polis əməkdaşlarının izahatları və Şəxs özünün verdiyi izahata əsasən müəyyən edilmişdir ki, o polis əməkdaşlarının tələblərinə tabe olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşaq olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkaloji Mərkəzi” Publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 2/53845 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”dən görünür ki, Şəxs hadisə baş verən zaman orta dərəcəli alkoqol sərxoşluğunda olmuşdur. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanın törədildiyi zaman sərxoş halda olmasını Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Şəxs şəxsiyyətini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmin maddənin tələbini, Şəxs baxılan işlə bağlı 01 oktyabr 2024-cü il tarix, saat 05:30-dan hal-hazıradək tutmada saxlanıldığını nəzərə alaraq, qeyd edir ki, ona İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat cərimə məbləğinin dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməli və o, dərhal tutmadan azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 6 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 150 manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 6 saat hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 36 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhər Nizami rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim tarə Əliyeva
Məhkəmə qərarları › İş №3(007)-4497/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4497/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver