Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4530/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1990-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1 və 206-cı maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 02 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 02 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 02 oktyabr 2024-cü il tarixli qərardadına əsasən həmin inzibati xəta haqqında protokollara dair işlər bir icraatda birləşdirilmiş və birləşdirilmiş işdə 3(007)- 4530/2024 nömrəsi saxlanılmışdır. 02 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Azərbaycan respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin aktına əsasən MET (metamfetamin-şüşə, patı), THC (marixuana), MTD (metadon) adlanana narkotik vasitələrdən istifadəsi aşkar olunmuşdur. 02 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 01 oktyabr 2024-cü il tarixdə ünvan 2 ünvanında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X12 protokolların məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, X6 ilə Şəxs arasında əvvəlcədən olan mübahisəyə görə sonuncunu bölməyə dəvət edib, izahatını alıb, mübahisənin mülki xarakterli olduğunu bildirib və qarşı tərəfin şəxsi mülki olduğu üçün mənzildən sakitcə çıxmalı olduğunu söyləyib. Şəxs getdikdən sonra dəfələrlə zəng edib, Aida Məmmədovanın onun suyunu, işığını kəsdiyini deyib. O isə hər dəfə mülki mübahisə olduğunu, bununla bağlı heç nə edə bilməyəcəklərini deyib. Sonradan həmin şəxsin narkotik istifadəçisi olması barədə məlumat daxil olduğu üçün şəxsi bölməyə dəvət edib, lakin Şəxs gəlməyib. İnzibati ərazidə xidmətdə olan zaman həmin ünvanda münaqişə olması barədə məlumat daxil olub, ünvana gedən zaman Şəxs da ona zəng edərək Aida Məmmədovanın onun qapısını qırdığını söyləyib. Ünvana çatıb qapını döyüb, şəxs qışqıra-qışqıra, aqresiv şəkildə qapını açıb. İctimai yerdə olduqlarını, ətrafda insanların olduğunu bildirdikləri halda şəxs buna məhəl qoymadığından, polis serjantı ona yaxınlaşıb, sakit olmağını bildirib. Bundan sonra Şəxs polis serjantını itələdiyi üçün onlar arasında mübahisə yaranıb. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsi ilə protokol tərtib edib, bölməyə aparıblar. Aidə Məmmədovanın ərizəsinə əsasən narkoloji analizdən keçirilib və onda 3 ədəd narkotik vasitə aşkar olunub. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, orta məktəbi tərk edib, işləyərək ailəsinə baxıb. Himayəsində anası, bacısı və bacısın övladı var. Ayıq sürücü olaraq restoranların qarşısında işləyir. Narkotikdən bir neçə dəfə istifadə edib. O ev axtaran zaman makler ona 500 manata Aida xanımın evin təklif edib. O maklerin yanında bildirib ki, ailə ilə yaşayacağı üçün 1,5-2 il məznildə qalacaq. Aida xanım etiraz etməyib. İki aydır, müqavilə olmadan yaşayıb, kirayə haqqını vaxtında ödəyib. Aida xanım gecə vaxtı zəng edib notariat ofisinə getməli olduqlarını bildirib. Həmin zaman anası insult keçirib. Bacısı ilə birlikdə notariat ofisinə gedərək, bacısnın adına rəsmiləşdirməni həyata keçiriblər, lakin müqaviləni 2 ay müddətinə bağlayıblar. Notariusdan səbəbini soruşduqda, hələlik 2 aylıq olduğunu, sonradan müddətini artıracaqlarını deyib. Ev sahibi ilə mübahisə etməmək üçün etiraz etməyib. 15 gün sonra makler mesaj yazaraq, Aida xanımın 1 aya evdən çıxmaqlarını istədiyini deyib. Amma Aida xanım ona zəng etməyib. Bir neçə gün sonra poçtdan məktub gəlib. Sonra anasının insult xəstəsi olduğunu bildiyi halda qazı, işığı, suyu kəsib. Aida xanım anası ilə birlikdə gəlib qapını döyüb, onları söyüb, təhqir ediblər. Lakin o polisi gözlədiyindən qapını açmayıb. Polis gəldikdən sonra qapını açıb. O, 4 dəfə əməliyyat olunub, bir böyrəyi yoxdur. Bunlara baxmayaraq 4 nəfər şəxs onu sürüyə-sürüyə evdən çıxarıb. 1 böyrəyi işlədiyi üçün ona əlillik kağızı da verilmir. O, polisinin tələblərinə qarşı tabesizlik edib, onlara müqavimət göstərməyib. Qeyd etdiklərinin nəzərə alınmasını və barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X4 izahat verərək bildirdi ki, müqavilənin qüvvədən düşdüyü tarixdən 1 gün keçmişdir. Bu qədər böyük mübahisəyə ehtiyac yoxdur. Şəxs polisin qanuni tələblərinə tabe olmaması öz təsdiqini tapmır. Qeyd etdiklərinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işin icraatına xitam verilməsini və Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə onun barəsində qanunauyğun qəraq qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X10 Patrul Bölüyü polis nəfəri, polis serjantı X8 izahatında göstərmişdir ki, xidmət aparan zaman xx.xx.2024-cü il tarixdə, saat 4-5 radələrində Rüstəm Rüstəmov küçəsində sahə rəisi 102 qaynar xəttindən məlumat daxil olduğunu bildirib, kömək istəyib. Həmin ünvana yaxınlaşan zaman səs-küy gəldiyini eşidiblər. Sahə rəisi qapını döyüb, Şəxs qapını açıb çölə çıxdıqdan sonra aqresiv şəkildə qışqırmağa başlayıb. Sahə rəisi ictimai yer olduğunu, sakit olmağını bildirib. Səs-küyə qonşular gəlib, bezdiklərini söyləyiblər. Şəxs əl-qol atmağa başladığı üçün onu polis bölməsinə aparıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X10 Patrul Bölüyü polis nəfəri, polis serjantı X5 izahatında göstərmişdir ki, onlar xidmət aparan zaman sahə rəisi ilə qarşılaşıblar, səhə rəisi 102 qaynar xəttindən məlumat daxil olduğunu bildirib, onlardan kömək istəyib. Ünvana çatdıqdan sonra səs-küy gəldiyini eşidiblər. 2-ci mərtəbəyə qalxdıqdan sonra sahə rəisi qapını döyüb, şəxs qapını açdıqdan sonra onlarla qışqıraraq danışmağa başlayıb, onu sakitliyə riayət etməyə dəvət etsələr də, onlara əl-qol ataraq onlarn qanuni tələblərə tabe olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, ona məxsus mənzili Şəxs kirayə verib, hazırda mənzildən çıxarılma ilə bağlı məhkəmədə mülki mübahisə davam edir. 30 sentyabr 2024-cü il müqavilənin son tarixi olduğu üçün anası ilə birlikdə ünvana gedib, qapını döyüblər. Təxminən 10 dəqiqə qapını döyüb, lakin qapını açmayıblar. Onlara içəridə olduqlarını bildiklərini dedikdən sonra səsləri gəlib, qışqırmağa başlayıblar. Ondan bir gün öncə Şəxsla küçədə qarşılaşıblar. Şəxs onu kameraya çəkərək, başına oyun açacağını söyləyib. Artıq bu hadisələr danışılası deyil, o, 2 aydır stress içində yaşayır. Hadisə baş verən gün isə şəxs polis gəldikdən sonra qapını açıb, aqresiv danışmağa başlayıb. Sahə rəisi sakit olmağını tələb etsə də, həmin şəxs sakitləşməyib. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında xx.xx.2024cü il tarixli 2593 nömrəli aktdan görünür ki, Şəxs tibbi müayinəsi zamanı sidiyində “MET (+)”, “THC (+)”, “MTD (+)” müsbət aşkar edilmişdir; - Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 6593 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs Kannabinoidlərin opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, iş üzrə icraata müvafiq hissədə xitam verilməli, digər hissədə isə təqsirlilik məsələsi həll edilməlidir. İnzibati xətalar qanunvericiliyinə görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Qanunun mənasına görə, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətin yaranması üçün polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra etməli, inzibati xətanın subyekti isə onların qanuni tələblərinə qəsdən tabe olmamalıdır. Hazırkı halda isə, məhkəmə tədqiqi zamanı Şəxs istinad edilən xətanı törətməsi işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunmuşdur, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin mənası baxımından inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübut etmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lakin qanunun həmin tələbinə əməl edilməmiş, Şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qeyd edir ki, hazırda Şəxs ilə X6 arasında mənzillə bağlı mübahisə mövcuddur. Şəxs Aida Məmmədovaya məxsus mənzildə kirayədə yaşasa da, sonuncu mənzilin boşaldılmasını tələb edir. xx.xx.2024-cü il tarixdə onların arasında mənzilin boşadılması ilə bağlı mübahisə olmuş, bu zaman hər ikisi DİN-in “102” xidmətinə zəng edib. Polis əməkdaşları ünvana çatdıqdan sonra Şəxs mənzilin qapısını açıb. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Bundan başqa, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuşdur, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd”inə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müayinə olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə göndərilmiş və müayinə zamanı onun sidiyində narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən və həmin məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməli olduğundan məhkəmə hesab edir ki, o, dərhal tutmadan azad edilməlidir. Məhkəmə hesab edir ki, İXM-nin 37-ci maddəsinin tələbinə uyğun olaraq, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin hüquqi yardıma görə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №3(007)-4530/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4530/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver