Məhkəmə qərarları › İş №3(007)-4535/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4535/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4535/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X8 İdarəsinin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X8 İdarəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X8 İdarəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-də (bundan sonra "Şirkət") sürücü vəzifəsində işləyir və **-JC-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ H 100” yük markalı nəqliyyat vasitəsini (bundan sonra "nəqliyyat vasitəsi") idarə edir. xx.xx.2024-cü il tarixdə anbardan yüklənilən və şirkətə məxsus qeyri-qida mallarını “Həzi Aslanov” metrosu yaxınlığında yerləşən "xxxx" adlı şirkətə məxsus restorana apararkən Mikayıl Əliyev küçəsindəki dairənin (Neolit dairəsi) yanında **-YP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən yol patrul xidmətinin əməkdaşı onu saxlamış, sənədlərinə baxış keçirmiş və yük yerini açmağını tələb etmişdir. Nəqliyyat vasitəsinin yük yerində 1 ədəd "Volta" markalı elektrik motorlu velosiped də olmuşdur. Yol patrul xidməti əməkdaşı velosipedi nəqliyyat vasitəsinin yük yerində deyil, evakuatorda daşımalı olduğunu bildirmiş və nəqliyyat vasitəsini “Neolit” dairəsi yaxınlığında yerləşən dayanacağa aparmasını tələb etmişdir. Onun müşayiəti ilə nəqliyyat vasitəsini dayanacağa gətirmişdir. Lakin nəqliyyat vasitəsinin yük yerində elektrik motorlu velosipedlə yanaşı 6 ədəd restorana çatdırılmalı olan qeyri-qida malları da olmuşdur. Bu hal işlərinə ciddi təsir etmiş və xx.xx.2024-cü il tarixdə anbardan restoranlara çatdırılmanı həyata keçirmək üçün Şirkət məcburiyyət qarşısında qalaraq "xxxx" MMC-dən yük nəqliyyat vasitəsi sifariş verməli olmuş və bunun üçün həmin şirkətə vergi daxil 342,20 manat pul vəsaiti ödənilmişdir. Digər tərəfdən o və şirkətin hüquqşünası dəfələrlə “902” çağrı mərkəzinə zəng vuraraq baş vermiş halla bağlı şikayətlərini bildirmişlər, onlara Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə yaxınlaşmalarını bildirmişlər. xx.xx.2024-cü il tarixdə onlar idarəyə yaxınlaşmış və onları qəbul edən Emin Süleymanov adlı əməkdaşdan dayanacağa aparılmanın səbəbini soruşmuş, o da velosipedin evakuatorla aparılmalı olduğunu bildirmişdir. Onlar buna qəti şəkildə etiraz edərək nəqliyyat vasitəsinin dayanacaqdan çıxarılmasını tələb etmişlər, Emin Süleymanov dayanacaqdan çıxarılmağa etiraz etməməsinə dair onlara imzalı arayış təqdim etmiş və həmin arayışı dayanacaq əməkdaşlarına təqdim edərək və üstəlik 6 manat dayanacaq pulu ödəyərək nəqliyyat vasitəsini oradan çıxarmışlar. xx.xx.2024-cü il tarixdə isə “SMS radar” tətbiqindən mobil telefonuna “SMS” bildiriş gəlmiş və bildirişin mətnində İXM-in 327.1 -ci maddəsi ilə 40 manat cərimə edilməsi göstərilmişdir. Protokol nömrəsi olaraq “İXP 6509335” nömrəsi qeyd edilmişdir. Qərarın isə tarixi göstərilmiş və bu barədə məlumat sistemə vurulmuşdur. O, dərhal sözügedən qərardan şikayəti tərtib edərək Nizami Rayon Məhkəməsinə təqdim etmişdir. Amma məhkəmənin xx.xx.2024-ci il tarixli, 3(007)-4314/2024 nömrəli qərardadı ilə şikayət ərizəsinə barəsində çıxarılmış inzibati xəta haqqında iş üzrə qərar və həmin qərarı hansı tarixdə əldə etməsini təsdiq edən sənəd əlavə edilmədiyi üçün şikayəti geri qaytarılmışdır. Bildirir ki, həmin qərardad çıxarılandan sonra o, xx.xx.2024-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X8 İdarəsində 102-ci otağa yaxınlaşaraq xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarı əlbəəl götürmüşdür. Elə qərarın özündə, sol yuxarı küncdə qərarın Daxili İşlər Nazirliyinin DYP Web Portalından çap edilib ona təqdim edilmə tarixi qeyd edilmişdir. Digər tərəfdən sözügedən qərarın çıxarılma tarixi xx.xx.2024-ci ildir və o artıq xx.xx.2024-cü il tarixdə şikayətini məhkəməyə təqdim etmişdir. Qeyd etmişdir ki, İXM-in 327.1 -ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə 40 manat məbləğində cərimə edilir. Halbuki, o hər hansı yük daşıma qaydasını pozmamışdır, bu barədə iştirakı ilə protokol tərtib edilməmişdir, inzibati xəta haqqında iş üzrə qərar isə ümumiyyətlə ona təqdim edilməmişdir. Çox güman ki, “902” çağrı mərkəzinə zəng etdiyinə görə sonradan bir protokol tərtib edərək elektron sistemə daxil etmişlər. Halbuki, yük daşımanın hansı qaydasını pozmağı barədə onun iştirakı ilə heç bir sənəd tərtib edilməmişdir, ümumiyyətlə, o hər hansı yük daşıma qaydasını pozmamışdır. Əks halda heç bir cərimə ödəmədən, protokol tərtib olunmadan xx.xx.2024-ci il tarixdə nəqliyyat vasitəsi dayanacaqdan buraxılmamalı idi. Qeyd edir ki, hazırkı halda, ümumiyyətlə, nəqliyyat vasitəsi duracağa aparılmamalı idi. Qanunvericilikdə yük daşıma qaydalarının pozulmasına görə nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi qaydası nəzərdə tutulmamışdır. **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilini idarə edən polis əməkdaşı qanunsuz şəkildə, heç bir əsas olmadan Şirkətin nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər duracaqda saxlamışdır. Şirkətə bu səbəbdən maddi ziyan dəymişdir. TP seriyalı, ******* nömrəli qərar tam qanunsuzdur və ləğv edilərək icraata xitam verilməlidir. Bütün bunları nəzərə alaraq, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X8 İdarəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİnin X8 İdarəsinin nümayəndəsi Qanuni nümayəndə izahat verərək bildirmişdir ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki, əgər nəqliyyat vasitəsi ilə yük aparılırsa, bu zaman yükün bütün sənədləri mövcud olmalıdır. Əməkdaş tərəfindən isə nəqliyyat vasitəsinin heç bir sənədinin olmadığı müəyyən edilmişdir. Buna görə məsələni aydınlaşdırmaq məqsədi ilə nəqliyyat vasitəsini duracağa yerləşdirmişdir. Şikayətin əsassız olduğunu qeyd edərək, şikayətin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X8 İdarəsinin Yol-patrul Xidməti Alayının Yol-patrul xidməti inspektoru X3 izahat verərək bildirmişdir ki, sürücü “Neolit” dairəsində onun tərəfindən saxlanılmışdır. **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirərkən yük yerində kiçik həcmli nəqliyyat vasitəsi olduğu aşkar edilmişdir. Sürücüdən sənədlərini təqdim etməyi tələb etmiş, sürücü tərəfindən yol vərəqəsi və sürücülük vəsiqəsi təqdim edilmiş, lakin digər nəqliyyat vasitəsinin onlara aid olması barədə sənəd təqdim edilməmişdir. Buna görə də şübhələnərək nəqliyyat vasitəsini müvəqqəti olaraq duracağa yerləşdirmişdir. Bundan sonra sürücünün şikayətləri başlamışdır. Sənədlərin mövcud olmaması İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən nəqliyyat vasitəsini duracağa yerləşdirilməsi üçün əsaslardan biridir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X8 İdarəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X8 İdarəsi tərəfindən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X8 İdarəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X8 İdarəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X1 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X8 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar