Məhkəmə qərarları › İş №3(007)-4542/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4542/2023

29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4542/2023 29.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- “Verdiktum” vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxx 1983-cü il tarixdə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi ev 11B, mənzil 13-də qeydiyyatda olmaqla yaşayan, "xxxx" MMCnin direktoru vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 24 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Zərərçəkmiş şəxs ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC ilə aralarında Bakı şəhəri, Şirin Mirzəyev küçəsindəki “MY HOME” yaşayış kompleksində yerləşən D.7.5 saylı, 2 otaqlı, 81,8 kv.m sahəli mənzilin alqısatqısına dair bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə əsasında axırıncıya ödədiyi 69.673 manat vəsaitdən 40.000 manat vəsaitin xx.xx.2023-cü il tarixdə, qalan 29.673 manatın xx.xx.2023-cü il tarixində "xxxx" MMC tərəfindən geri qaytarılacağına dair üzərinə götürdüyü öhdəliyi qəbul etməsi və bunun qarşılığında Bakı şəhəri Nizami Rayon Məhkəməsində "xxxx" MMC-yə qarşı qaldırdığı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin qoyulmasına” dair tələbindən imtina edəcəyinə dair üzərinə öhdəlik götürməsi, həmin mənzilə dair tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi, mənzilin "xxxx" MMC-yə geri qaytarılmasına etiraz etməməsi; qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Zərərçəkmiş şəxs ilə aralarında Bakı şəhəri, Şirin Mirzəyev küçəsindəki “MY HOME” yaşayış kompleksində yerləşən D.7.5 saylı, 2 otaqlı, 81.8 kv.m sahəli mənzilin alqı-satqısına dair bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə əsasında axırıncı tərəfindən "xxxx" MMC-yə ödənilmiş 69.573 manat vəsaitindən 40.000 manat vəsaitin xx.xx.2023-cü il tarixdə, qalan 29.673 manatın xx.xx.2023-cü il tarixində "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs geri qaytarılacağına dair üzərinə öhdəlik götürməsi və bunun qarşılığında iddiaçı Zərərçəkmiş şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsində MMC-yə qarşı qaldırdığı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin qoyulmasına” dair tələbindən imtina etməsini və həmin mənzilin "xxxx" MMC-yə qaytarılmasını qəbul etməsindən ibarət, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 2(007)-450/2023 nömrəli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə əməl etmədiyinə görə Zərərçəkmiş şəxs müraciəti əsasında həmin iş üzrə 12 iyul 2023-cü il tarixdə verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini borclu "xxxx" MMC-nin vəzifəli şəxsi, rəhbəri kimi yerinə yetirməmiş, icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X2 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin verilməsinə əsas olmuş barışıq sazişinin şərtlərinin yerinə yetirildiyini, tələbkara olan 29.650 manat borcun ona ödənildiyini göstərmiş və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil qeyd olunan əsasla iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, borclu "xxxx" MMC-nin ona borclu olduğu 29.650 manat borc ona tam ödənilmişdir, hər hansı şikayəti və tələbi yoxdur. Həmin əsaslarla işin icraatına xitam verilməsinə etirazı yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, baxılan iş üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb, "xxxx" MMC-nin vəzifəli şəxsi, rəhbəri Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 2(007)-450/2023 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin icrasını təmin etməməsi olmuşdur. Hansı ki, hazırda tələbkara olan 29.650 manat borc tamamilə ödənilmişdir, bu, tərəflərin məhkəmə iclasında verdikləri izahatlar, eyni zamanda 29 sentyabr 2023-cü il tarixli aktla öz təsdiqini tapır və zərərçəkmiş şəxs (tələbkar) iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Göründüyü kimi, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı artıq aradan qalxmışdır, ona görə şəxsin həmin əmələ görə inzibati qaydada tənbeh edilməsinə əsas qalmamışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar