Məhkəmə qərarları › İş №3(007)-4543/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4543/2025

28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4543/2025 28.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, qərardan şikayət vermiş X4 nümayəndəsi “Kəngərli və partnyorları” vəkil bürosunun vəkili Vəkil, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, X4 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 01 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ASAN ödəniş mobil tətbiqinə daxil olduqda X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən 3500 manat məbləğində cərimə olunmasını öyrənmişdir. Bundan sonra X13 Xidmətinin Bakı şəhər idarəsinə müraciət etmiş və 17 sentyabr 2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərarın surətini rəsmi qaydada almışdır. İnzibati tənbeh vermə haqqında MN1870805 nömrəli 01 iyul 2025-ci il tarixli qərara əsasən “X15” MMC-nin direktoru X9 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçiləri işlərin görülməsinə cəlb edildiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 3500 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Hesab edir ki, inzibati tənbeh vermə haqqında MN1870805 nömrəli 01 iyul 2025-ci il tarixli qərar əsassızdır və bu səbəbdən qeyd olunan qərar ləğv olunaraq inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, “X15” MMC-nin direktoru kimi onun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas hüquqi şəxs (“X15” MMC) barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2339959 nömrəli inzibati xəta haqqında protokol olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(103)-2245/2025 nömrəli qərarı ilə “X15” MMC barəsində İnzibati xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməsinə dair qərar ləğv edilmişdir. Məhkəmə hesab etmişdir ki, vətəndaş X11 əmək münasibətləri “X15” MMC ilə yaranmadığından MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi yaranmamışdır və bununla əlaqədar “X16” MMC barəsində inzibati tənbeh vermək düzgün deyil. O, işin araşdırılması zamanı inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqana dəvət olunmamışdır və öz sübut və dəlilərinin təqdim edilməsindən və araşdırma iştrak etməsindən məhrum edilmişdir. Qeyd olunanlara əsasən, inzibati tənbeh vermə haqqında MN saylı ******* nömrəli 01 iyul 2025-ci il tarixli qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 nümayəndəsi Vəkil şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Əmək Müfəttişliyinin qərarı hüquqi şəxs barəsində olan protokol əsasında qəbul edilmişdir. Şirkət haqqında olan inzibati tənbeh vermə haqqında olan qərar ləğv edilmiş, yenidən araşdırılmaya göndərilmişdir. Hüquqi şəxs məsuliyyətə cəlb olunmadığından vəzifəli şəxs barəsindəki qərar ləğv edilməlidir. Apellyasiya məhkəməsi həmçinin şirkətin əməlində inzibati pozuntu olmaması qənaətinə gəlmişdir. Əmək Müfəttişliyinin qərarı əsassızdır. Qeyd edilənlərə əsasən, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X12 izahatında göstərmişdir ki, hüquqi şəxslə bağlı işin geri qaytarılması o demək deyil ki, qərar ləğv edilməlidir. Bu, onun üçündür ki, müəyyən edilsin ki, məsuliyyət hansı şirkətindir. Şirkətin təqsiri yoxdur, deyilə bilməz. Hüquqi şəxs barəsində iş ətraflı araşdırılmış və tənbeh tətbiq olunmuşdur. Həmin qərar qanuni və əsaslıdır. Apellyasiya məhkəməsində iş tam xitam olunmamışdır, şikayət qismən təmin edilərək yenidən araşdırılması üçün göndərilmişdir. X4 şikayəti əsassız olduğundan şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında iş üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Məhkəmə qeyd edir ki, “X15” MMC tərəfindən X2 18 aprel 2025-ci il tarixdə “X22 Baku” otelində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması nəticəsində həmin şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi əsası ilə “X15” MMC-nin direktoru X9 barəsində 18 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və səlahiyyətli orqanın - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 01 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə (hazırda mübahisələndirilən) X9 Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 3500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bundan başqa, X2 18 aprel 2025-ci il tarixdə “X22 Baku” otelində əmək funksiyalarını icra edən zaman xəsarət alması, araşdırma nəticəsində hüquqi ünvan üzrə ünvan 1 olan “X15” MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən onun işlərin görülməsinə cəlb edildiyi müəyyən edildiyinə görə hüquqi şəxsin barəsində 18 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli 3(007)-3013/2025 nömrəli qərarı ilə “X15” MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan X15” MMC-nin apellyasiya qaydasında verdiyi şikayətə baxan Bakı Apellyasiya Məhkəməsi özünün 10 oktyabr 2025-ci il tarixli 3(103)-2694/2025 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin 3(007)-3013/2025 nömrəli iş üzrə 12 avqust 2025-ci il qərarını ləğv etmiş, materialın əlavə araşdırmanın aparılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinə qaytarılmasını qərara almışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarla gəldiyi mövqeyə görə, “... “X15” MMC aralarında olan mülki müqavilə sayılan xx.xx.2025-ci il tarixli “Xidmətlərin göstərilməsi barədə” 14/25 saylı müqaviləyə əsasən “X14” MMC-yə “X22 Baku” otelində sifarişlərə uyğun olaraq müvafiq işlərin görülməsi üçün işçi qüvvəsi ilə təmin etmək öhdəliyini icra etmişdir. Qeyd olunan xidmətlərin göstərilməsi üçün “X15” MMC digər subpodratçısı olan fərdi sahibkar X3 ilə arasında olan “Xidmətlərin göstərilməsi haqqında” xx.xx.2024-cü il tarixli RD/10 saylı müqaviləyə əsasən sonuncu ilə qüvvədə olan əmək müqaviləsi olan X1 (ofisiant kimi) işçi qüvvəsi kimi otelə göndərmişdir. Bununla da “X15” MMC yalnız mülki müqavilə üzrə öhdəliyini icra etmişdir. X1 qüvvədə olan əmək müqaviləsi ola-ola artıq hansı işə cəlb edilməsi vəzifəsi isə işəgötürənin üzərinə düşür. Belə ki, müqavilənin bir tərəfi fiziki şəxs olan X8 ofisiant kimi şərtləşdirilmiş funksiyaları (xidmət göstərməklə) işəgötürən (“X14” MMC, “X22 Baku”) tərəfindən müəyyən edilmiş müvafiq iş yerində (oteldə) şəxsən yerinə yetirmişdir. İş yeri olmuş otel işəgötürən (“X14” MMC, “X22 Baku”) aiddir və həmin iş yerində fəaliyyət göstərən bütün şəxslər işəgötürən tərəfindən müəyyən edilmiş müəssisədaxili intizam qaydalarına və iş vaxtı rejiminə tabedir. Həmçinin ofisiant sərbəst olaraq deyil, işəgötürən oteldən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirmişdir. Belə ki, hər oteldə ofisiantın əmək fəaliyyəti otelin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi sayılır. Bundan əlavə qeyd olunmalıdır ki, otel rəhbərliyi ilə ofisiant faktiki cəhətdən bərabər olmayan subyektlər olduğundan onlar arasında yaranan münasibətlərdə daha zəif tərəf olan ofisiantın müdafiəsi, qanuni maraq və mənafelərinin qorunmasına yönələn əmək qanunvericiliyində onun iş vaxtı, istirahət vaxtı və məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı qanunlar və digər sahəvi imperativ xarakterli normalar məhz Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, otel rəhbərliyi üçün müvafiq öhdəlik və vəzifələr yaradır. Hazırki işin hallarından göründüyü kimi “X15” MMC-nin xx.xx.2025-ci il tarixli “Xidmətlərin göstərilməsi barədə” 14/25 saylı müqaviləyə əsasən “X14” MMC-yə “X22 Baku” mülki hüquqi müqavilə ilə münasibətləri rəsmiləşdirilmiş və funksiyası yalnız işçi qüvvəsi ilə təmin etmək olmuşdur. Həmin müqavilədə təchiz ediləcək işçilərin nə peşəsi, nə də hansı vəzifəyə cəlb edilməsi qeyd edilməmişdir. İşçinin hansı vəzifəyə cəlb edilməsi bu halda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək münasibətlərinin rəsmiləşdirilməsini həyata keçirən işəgötürən otelə aiddir. Bundan başqa qeyd edilməlidir ki, Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalı olduğu halda qanunvericiliyin bu tələblərinə də riayət olunub-olunmaması məsələsi də protokol tərtib edilərkən araşdırılmamışdır. Eyni zamanda, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında vurğulanır ki, “Əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi ilə bağlı norma BƏT-in “Əmək hüquq münasibətləri haqqında” 198 nömrəli Tövsiyəsinə uyğun olaraq 2021-ci il 2 aprel tarixində Əmək Məcəlləsinə daxil edilmişdir. Qeyd olunan Tövsiyə əmək münasibətlərinin xarakterik əlamətlərini fərqləndirməklə əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə pərdələnməsinin, rəsmiləşdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2-3-cü və 2-4-cü hissələr də qeyd edilən Tövsiyəyə uyğun olaraq əlavə edilmiş və 2-3-cü hissədə göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir”. İşin faktiki hallarından da göründüyü kimi (“X14” MMC, “X22 Baku”) əsas fəaliyyət sahəsi otel xidmətinin göstərilməsidir. Buna görə də həmin sahə ilə bağlı yaranan münasibətlər yuxarıda qeyd olunan hüquqi mövqeyə görə əmək münasibətləri hesab olunur. Göründüyü kimi hazırki iş üzrə X2 əmək münasibətləri “X15” MMC ilə yaranmadığından MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi yaranmadığından və barəsində vəzifəli şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən iş üzrə icraata xitam verilməli olduğu halda protokol lazımi araşdırma aparmadan həmin MMC barəsində tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırmadan, işin düzgün həlli üçün lazım olan sübutları toplamadan “X15” MMC barəsində əsassız qərar qəbul etmişdir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin “X15” MMC tərəfindən vətəndaş X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi və əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı halda tənbeh edilməsi düzgün deyil. Beləliklə də yuxarıda qeyd olunan iş materiallarına nəzər saldıqda müəyyən olunur ki, “X15” MMC tərəfindən vətəndaş X8 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Ona görə də apellyasiya qaydasında verilmiş şikayətin dəlilləri bu hissədə əsaslıdır. Məhkəmə qeyd edir ki, X2 “X15” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hər-hansı bir işlərin yerinə yetirilməsinə cəlb edilməsi mötəbər sübutlarla təsdiq olunmur. Məhkəmə həmçinin qeyd edir ki, X13 Xidməti Bakı şəhər İdarəsi bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı aktın tərtib edilib edilməməsi, tərtib edilmişdirsə İZ formalı aktın 1 nüsxəsinin zərər çəkən işçiyə təqdim olunub olunmaması ilə bağlı halları da araşdırmamışdır. Bununla da hüquqi şəxs “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsirliliyini sübut edən heç bir dəlil toplanılmamış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Belə vəziyyətdə natamam sübutlarla iş üzrə yekun nəticəyə gəlinməsi mümkün deyil və materialın inzibati orqana qaytarılması üçün əsas yaradır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən inzibati araşdırma düzgün aparılmadığından, qeyd edilən ziddiyyətli məqamlara aydınlıq gətirilməsi məqsədilə inzibati xəta haqqında materiala səlahiyyətli orqan tərəfindən yenidən baxılmalı, inzibati araşdırmanın gedişatından asılı olaraq qanuna uyğun qərar qəbul edilməlidir. Çünki hazırkı halda iş materiallarında olan sübutlar işin faktiki hallarını tam göstərmədiyi üçün konkret olaraq yekun nəticəyə gəlinməsi mümkünsüzdür...” Belə olan halda, məhkəmə hesab edir ki, hüquqi şəxsin rəhbəri, vəzifəli şəxs qismində X4 ehtimal olunan eyni inzibati xətaya görə təqsirli bilinərək tənbeh olunması barədə qərarın qüvvədə qalmasına hüquqi əsaslar yoxdur. “X15” MMC ilə bağlı aparılan inzibati araşdırma eyni həcmdə onun vəzifəli şəxsi barəsində də aparılmışdır, vəzifəli şəxs X7 münasibətdə inzibati məsuliyyətə cəlb etməni əsaslı edəcək fərqli hal aşkar olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli 3(103)- 2694/2025 nömrəli qərarı ilə gəlinmiş hüquqi mövqe baxımından, hüquqi şəxsin direktoru X9 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta üzrə ilkin araşdırma zamanı müvafiq hallar araşdırılaraq inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyri-mümkündür, inzibati araşdırma qaydasında müvafiq sübutlar tədqiq olunaraq qiymətləndirilməli, zərurət yarandıqda digər hərəkətlər həyata keçirilməli, daha sonra vəzifəli şəxsin təsirlilik məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X4 barəsindəki 01 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, 18 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 barəsindəki 01 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, 18 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar