Məhkəmə qərarları › İş №3(007)-4545/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4545/2025

16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4545/2025 16.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Vəliyeva Nazlı Eldar qızının katibliyi, qərardan şikayət verən X4 və qərarından şikayət verilən orqanın - Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X5 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul olunmuş, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul olunmuş, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X6 şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, AR DİN Bakı şəhər DYPİ Müşayiət-Eskort Bölüyü YPX Baş inspektor Polis X3 tərəfindən barəsində xx.xx.2025 cı il tarixli, İXP ******* saylı protokol tərtib edilmişdir. Polis əməkdaşı onu saxlayarkən qayda pozduğunu bildirmiş, lakin o, öz növbəsində heç bir qaydanı pozmadığını bildirmiş, xx.xx.2025-ci il tarixində, təqribən saat 18:54 radələrində yol polisi onu saxlayaraq svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirdiyini bildirmişdir. O, dərnal polis əməkdaşına izah etmişdir ki, svetoforun qadağanedici işarəsi qüvvədə olarkən o, hərəkət etməmişdir. Həmçinin qeyd etmişdir ki, həmin yerdə foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələr mövcuddur və bu vasitələrə baxış keçirilməsi ilə onun hərəkəti asanlıqla təsdiqlənə bilər. Buna baxmayaraq, yol polisi əməkdaşı xx.xx.2025-ci i tarixli, İXP ******* nömrəli protokol tərtib etmişdir. O, polis əməkdaşına bildirmişdir ki, onun qanunsuz hərəkətini mübahisələndırəcəkdir. Bu zaman polis əməkdaşı ona bildirmişdir ki, o, qeyd olunan pozuntu ilə razı deylsə, onun barəsində protokol tərtib olnacaq və bu barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayet verə bilər. Həmin qərarda göstərilmişdir ki, guya onun tərəfindən Yolayrıcını keçmə qaydalarının pozulması tələblərinin pozulması halına yol verilmiş, nəticədə AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə həmin qərarda yekun olaraq qeyd olunmuşdur ki, AR İXM-nın 377.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətann törədilməsinə görə onun barəsində 100 manat məbləğində və 3 bal inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qeyd olunanlarla bağlı bildirir ki, o, barəsində tərtib olunmuş göstərilən qərarla razı deyil və hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati iş üzrə icraat başlanıla bilməzdi, başlanmış icraata isə xitam verilməli idi. Belə ki, həmin qərarda göstərilən tarixdə həqiqətən də qeyd olunan istiqamətdə hərəkətdə olmuş, lakin qərarda göstərilənin əksinə onun tərəfindən yolayrıcını keçmə qaydalarının tələblərinin pozulması halına yol verməmişdir. Ona görə ki, o, mütəmadi olaraq göstərilən yoldan istifadə edir və həmin yolda olan qaydaların tələblərinə riayət edir. Eyni zamanda o, hazırda mübahisələndirilən qərarı Bakı şəhər DYPİ-dən götürərkən də onun inzibati xəta törətməyisini təsdiq edən mötəbər sübutu tələb etsə də, ona onlarda ona təqdim ediləcək foto və video görüntünün olmamasını bildirmişlər. Beləliklə qərarda göstərilən xüsusiatlar- yəni onun tərəfindən yolda müəyyən edilmiş Yolayrıcını keçmə qaydalarının tələbinin pozulması, AR İXM-nın 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetmir. Qüvvədə olan inzibati qanunvericilikdə mötəbər sübutlara əsasən müəyyən edilmiş təqsirə görə məsuliyyətin müəyyən olunması nəzərə alaraq, hazırki halda barəsidə AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində və 3 bal inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qanunsuz və əsassızdır. Buna gorə də hesab edir ki, DYPİ tərəfindən onun vətəndaş kimi qanunla qorunan hüquqları kobud şəkildə pozulmuş, heç bir inzibati xəta törətmədiyi halda məsuliyyətə cəlb edilmişdir. Qeyd olunanlara əsaslanaraq, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqanın - Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X7 məhkəmə iclasında bildirdi ki, məhkəməyə təqdim edilmiş videogörüntüdən də görünür ki, şikayətçinin idarə etdiyi nəqliyyat vasitəsinin qarşısındakı nəqliyyat vasitəsi svetoforun yaşıl işığında keçir, lakin şikayətçi svetoforun qırmızı işığında keçərək hərəkətini davam etdirir. Belə ki, şikayətçinin hərəkət istiqamətindəki svetoforda dəqiq görünməsə də, artıq digər svetoforda yaşıl işığın yanması həmin svetodorda qırmızı işığın yanmasını bildirir. Bu səbəbdən qərar qanuni və əsaslı, şikayət əsassızdır. . Məhkəmə iş materiallarını nəzərdən keçirərək və tərəflərin izahatını dinləyib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı qərarından şikayət verilən orqan tərəfindən məhkəməyə təqdim edilmiş video görüntüyə baxış keçirilmiş, lakin şikayətçi tərəfindən inzibati xəta hadisəsinin törədib-törədilməməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait edilməlidir. 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması. 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. İş materiallarına əsasən müəyyən edilmişdir ki, X6 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Lakin protokol və qərar tərtib olunan zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar kifayət qədər araşdırılmamışdır. Həmçinin məhkəmə iclası zamanı qərarından şikayət verilən orqan tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə, iş üzrə bütün hallar araşdırılmadan X6 barəsində inzibati xəta haqqında protokol və qərar çıxarılmışdır. Qeyd olunan halların araşdırılması məqsədilə xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilməli və yenidən araşdırılması məqsədilə Bakı şəhər DYPİ-yə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində İXM-nin 327.2-ci maddəsi ilə Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında işə yenidən baxilması üçün Bakı şəhər DYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar