Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4547/2025 22.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsindən daxil olan işin materiallarını nəzərdən keçirərək, müəyyən etdim: Azərbaycan Respublikası DİN Bakı şəhər Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati material toplanılaraq baxılması üçün Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta ilə bağlı toplanmış materiallardan görünür ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, inzibati materiala baxılarkən inzibati xəta haqqında protokolun İXM-nin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatının məzmunu, zərərçəkmiş şəxs barədə məlumatlar – onun adı, atasının adı, soyadı, yaşadığı ünvan, izahatının məzmunu, inzibati xəta hadisəsi nəticəsində dəymiş zərər qeyd olunmamış, həmçinin protokolun zərəçəkmiş şəxsə təqdim olunub-olunmaması barədə qeyd aparılmamışdır. O cümlədən toplanmış materialdan görünür ki, material üzrə araşdırma aparılarkən Şəxs icraatın aparıldığı Azərbaycan dilini bilibbilməməsi, bilmədiyi halda tərcüməçinin xidmətindən istifadə etmək hüququnun olması izah edilməmiş, tərcüməçiyə ehtiyacı olub-olmaması müəyyənləşdirilməmiş, tərcüməçinin iştirakı təmin edilməmiş, həmçinin ona müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququnun olması izah olunmamış, müdafiəçiyə ehtiyacı olub-olmaması müəyyənləşdirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. Həmin məcəllənin 61.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ vardır. Həmin məcəllənin 72.2-ci maddəsinə əsasən tərcüməçi icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilir. Həmin məcələnin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs inzibati material toplanılarkən və ilkin araşdırma aparılarkən Azərbaycan dilində danışa bilməsi məsələsi aydınlaşdırılmamış, danışa bilmədiyi halda tərcüməçi ilə təmin olunması istiqamətində hər hansı hərəkət aparılmamış, həmçinin onun hüquqlarını özününü müdafiə edə bilməsi yaxud müdafiəçinin hüquqi yardımından istifadə edilməsi məqsədilə müdafiəçi ilə təmin olunmaq istiqamətində də hər hansı hərəkət aparılmamış, bununla da Şəxs müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ və tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ kobud şəkildə pozulmuşdur. Bu səbəbdən onun barəsində İXM-nin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(007)- 4313/2025 nömrəli qərardadı ilə sözügedən protokol natamam olduğundan geri qaytarılmış, lakin protokol tərtib edən orqan tərəfindən qərardadda qeyd olunan natamamlıqlar aradan qaldırılmadan protokol yenidən eyni qaydada məhkəməyə göndərilmişdir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət və ya protest verilə bilməz Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-4547/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4547/2025
22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver