Məhkəmə qərarları › İş №3(007)-4548/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4548/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4548/2023 28.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin böyük müfəttişi X3, həmin orqanın nümayəndələri X1 və X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin təsisçisi X4 və MMC-nin nümayəndəsi X6 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 15 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 53B ünvanında 15 avqust 2023-cü il tarixdə saat 16:25-də Şəxs adlı obyektin üzərində, açıq məkanda müvafiq icazə olmadan reklam yerləşdirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin böyük müfəttişi X9 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 yuxarıda qeyd olunanları təsdiq etməklə yanaşı, göstərmişdir ki, təsdim etdikləri sübutlarla müəyyən olunur ki, Şəxs MMC tərəfindən obyektin daxilində quraşdırılmış televizor vasitəsi ilə özlərinə məxsus məhsullar nümayiş olunaraq reklam edilir. Hansı ki, həmin reklam bayıra ünvanlanmış reklam hesab olunur və qanunvericiliyin tələbinin pozulmasıdır. Məhkəmənin növbəti iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X11 yuxarıda qeyd olunanları təsdiq etməklə, inzibati xəta haqqında protokol əsasında Şəxs MMC-nin inzibati qaydada tənbeh olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin təsisçisi X10 izahatında göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 53B ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə aid obyektin üzərində, açıq məkanda reklam yerləşdirilməsi üçün müqavilə bağlamış, rüsum ödəmiş və icazə almışlar. Protokolda qeyd olunan reklam isə obyektin üzərində, açıq havada yerləşdirilməmişdir. Obyektin daxilində asılmış televizorda MMC-yə aid məhsulların nümayişi həyata keçirilmişdir və reklam yerləşdirilməsinə icazə aldıqları vaxt bunun qanunsuz olması barədə onlara bildirilməmişdir. Həmçinin, reklam idarəsinin yazılı göstərişi 26 iyul 2023-cü il tarixdə onlara daxil olduqdan sonra, baxmayaraq ki, obyektin daxilində yerləşdirilmişdir, həmin televizorun monitoru onun göstərişi ilə söndürülmüş, fəaliyyəti dayandırılmışdır. Buna baxmayaraq, 15 avqust 2023-cü il tarixdə MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Açıq məkanda icazə olmadan reklam yerləşdirmədiklərinə görə inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X12, hüquqi şəxsin təsisçisi Ə.N.Hüseynovla eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, qeyd olunan televizor monitorunda digər yayımlar həyata keçirilmiş, arada isə MMC-nin reklamı yayımlanmışdır. Həmçinin, həmin televizor monitoru gecələr işə salınmışdır. Reklam idarəsinin yazılı göstərişindən sonra rəhbərliyin göstərişi ilə obyektin daxilində quraşdırılmış həmin televizor söndürülmüş, daha işə salınmamışdır. Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsində müfəttiş vəzifəsində işləyir, idarənin digər müfəttişləri X9 və X7 ilə birlikdə 18 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 53B ünvanında yerləşən Şəxs adlı obyektin üzərində, açıq məkanda müvafiq icazə olmadan reklam yerləşdirilməsini müəyyən etmişlər. Bu barədə tərtib olunmuş aktda onun adı qeyd olunmasa da, həmin faktın aşkarlanması zamanı qeydə alınmış video çəkilişdə onun da orada olduğu öz təsdiqini tapır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının ərazisində reklam fəaliyyətinin subyektləri arasında reklamın sifarişi, istehsalı, yayımı, istehlakı ilə bağlı yaranan münasibətlərə tətbiq edilir; 2.0.9-cu maddəsinə əsasən reklam yayıcısı - reklamı bu Qanunda nəzərdə tutulmuş qaydada, müxtəlif forma, üsul və vasitələrlə yayımlayan şəxsdir; 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur; 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir; 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla hüquqi şəxsin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə tövsif olunmuşdur, ona görə Şəxs MMC hüquqi şəxs qismində həmin maddə ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozularaq müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hüquqi şəxsi təmsil edən şəxslərin izahatlarında göstərilənləri hüquqi şəxsin inzibati məsuliyyətdən yayındırılmasına cəhd edilməsi kimi qiymətləndirməklə qeyd edir ki, Şəxs adlı obyektdə müvafiq icazə olmadan reklam məqsədilə yerləşdirilmiş və müvafiq məhsulların nümayiş etdirildiyi televizor monitoru bayıra ünvanlanmaqla pəncərənin qarşısında yerləşdirildiyindən, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən açıq məkanda reklam hesab olunur. Belə olan halda isə inzibati xəta haqqında işin icraatına xitam verilməklə MMC-nin inzibati məsuliyyətdən azad olunmasına hüquqi əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar