Məhkəmə qərarları › İş №3(007)-4548/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4548/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4548/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin polis sahə rəisi X2 iştirakları ilə, X1 Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin 09 iyul 2024-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin 09 iyul 2024-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Bundan başqa, X3 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət vermiş, məhkəmənin 07 oktyabr 2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, hamı kimi 8-ci km bazarında küçə ticarəti ilə məşğul olmuşdur. Hazırda həmin ərazidə onun kimi yüzlərlə insan açıq küçə ticarəti ilə məşğuldur. O da ailə durumu ağır olduğu üçün orada ailəsini - xəstə anasını, xəstə qızını və digər övladını dolandırmaq üçün küçədə qadın iç geyimləri sataraq dolandırmışdır. Lakin həmin əraziyə nəzarət edən şəxslər (ÇPA-nın əməkdaşları) onun yerini başqa birinə sataraq onu oradan qovmaq üçün bir neçə vasitəyə əl atmışlar. O da “yerə kirayə haqqımı verirəm, yerimdə qalım” deməyinə baxmayaraq, onu oradan uzaqlaşdırmışlar. xx.xx.2024cü il tarixdən o, həmin ərazidə ticarətlə məşğul olmadığına baxmayaraq xx.xx.2024-cü il tarixdə “polka”sını açıb yerindəki malını yığdıraraq onu Nizami rayon 24-cu polis şöbəsinə müraciət etmək adı ilə aldadaraq aparıb orada ondan qeyri-qanuni protokol tərtib etmişlər və onu qanuna zidd şəkildə gecə saat 23:00-a qədər orada saxlamışlar. Ürəyində problem olduğuna görə halı qəfildən pisləşdiyi üçün təcili yardım çağırılmış və onu oradan uzaqlaşdırmışlar. Həmin bazarda hamı küçə ticarəti ilə məşğuldur, küçə ticarətini əks etdirən video çəkilişi də DVD diskdə təqdim edir. Bununla yanaşı onun paltar satdığı yer bağlı olduğu vaxt ÇPA-nın əməkdaşlarının əmri və nəzarəti ilə xx.xx.2024-cü il tarixdə yerinin məcburi boşaldıldığını əks etdirən videonu da təqdim edir. Onun hazırda işsiz olduğunu və himayəsində iki övladının, xəstə anasının onun üzərində olduğunu və xəstə qızının olduğunu nəzərə alaraq, ona təyin olunan qanuna zidd 80 manat cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, işləməyə-işləməyə, “polka”sı bağlı olduğu və ticarətlə məşğul olmadığı halda barəsində protokol tərtib edilib. Əgər, işləmirsə, ona niyə protokol yazılmalıdır. Protokol yazılanda artıq 8 gün idi ki, işləmirdi. Mallarını da yığıb aparıblar. Qeyd edilən halların nəzərə alınaraq, şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin 09 iyul 2024-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin polis sahə rəisi X5 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, X1 cərimə edilməsinə dair 09 iyul 2024-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati qərar sahə inspektoru Aqşin Gəncəliyevin tərtib etdiyi 08 iyul 2024cü il tarixli inzibati protokol əsasında qəbul edilmişdir. Qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin polis sahə inspektoru X4 izahatında göstərmişdir ki, Çevik polis alayının əməkdaşları raport tərtib edib gətiriblər, həmin raport əsasında o, küçə alveri ilə məşğul olması ilə bağlı X1 barəsində 08 iyul 2024-cü il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol yazmışdır. X3 izahatının alınması və protokol tərtib edilməsi üçün polis şöbəsinə gətirilmişdir. Orada xanımın halı qarışmış, təcili yardıma xəbər vermişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin polis sahə inspektoru X4 tərəfindən tərtib edilmiş 08 iyul 2024-cü il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 08 iyul 2024-cü il tarixdə Nizami rayonu “8-ci km bazarı”nda küçə alveri ilə məşğul olduğuna görə barəsində 24-cü polis şöbəsinin inzibati binasında Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin 09 iyul 2024-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 08 iyul 2024-cü il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasən X1 barəsində Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə 80 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Şikayətə əlavə olunmuş 01 ədəd CD diskdə olan videogörüntülərə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Diskdə 05 ədəd faylda olan görüntülər və orada aparılan danışıqlarla müəyyən edilmişdir ki, görüntülər 08 iyul 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu “8-ci km bazarı”nda X3 tərəfindən mobil telefonla çəkilmişdir. X3 tərəfindən qadın iç geyimlərinin satıldığı satış nöqtəsi (“polka”) bazarın daxilində, digər satış nöqtələrinin sırasında yerləşir, digər satış nöqtələri fəaliyyətdədir, onun fəaliyyət göstərdiyi satış nöqtəsinin (“polka”nın) üzəri göy rəngli brezent materialdan örtüklə örtülmüşdür, fəaliyyət göstərmir. Ətrafda olan Çevik polis alayının polis əməkdaşlarının və digər mülki geyimli polis əməkdaşlarının müşayiəti və nəzarəti altında bir nəfər mülki geyimli şəxs tərəfindən örtük açılır və oraya satış üçün düzülmüş qadın iç geyimləri sellofan torbalara doldurulur. X3 buna sözlə etiraz edir, onun yerinin ayın 1-dən (01 iyul 2024-cü il) işləmədiyini, həmin yerin küçə olmadığını, bazarın ərazisi olduğunu və orada fəaliyyət göstərmək üçün yer haqqı ödədiyini bildirir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə - səksən manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, X3 tərəfindən mübahisələndiirlən Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin 09 iyul 2024-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına görə, X3 08 iyul 2024-cü il tarixdə Nizami rayonu “8-ci km bazarı”nda küçə alveri ilə məşğul olduğu əsası ilə Azərbaycan Respublikası İXMnin 454-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilmişdir. Hansı ki, qeydə alınmış videogörüntülərlə təsdiqini tapmışdır ki, X1 fəaliyyət göstərdiyi qadın iç geyimlərinin satıldığı satış nöqtəsi (“polka”) qeyd olunan bazarın daxilində, digər satış nöqtələrinin sırasında yerləşir. Digər satış nöqtələri həmin anda, yəni 08 iyul 2024-cü il tarixdə fəaliyyətdə olduqları halda, X1 fəaliyyət göstərdiyi satış nöqtəsinin (“polka”nın) üzəri göy rəngli brezent materialdan örtüklə örtülmüş, fəaliyyət göstərməmişdir. Ətrafda olan Çevik polis alayının polis əməkdaşlarının və digər mülki geyimli polis əməkdaşlarının müşayiəti və nəzarəti altında bir nəfər mülki geyimli şəxs tərəfindən örtük açılmış və oraya satış üçün düzülmüş qadın iç geyimləri sellofan torbalara doldurulmuşdur. X3 onun satış yerinin ayın 1-dən, yəni 01 iyul 2024-cü il tarixdən işləmədiyini, həmin yerin küçə olmadığını, bazarın ərazisi olduğunu və orada fəaliyyət göstərmək üçün yer haqqı ödədiyini bildirmişdir. Qərarı barəsində şikayət verilmiş orqan tərəfindən bu qeyd edilənləri təkzib edəcək dəlillərini irəli sürməmiş, sübutlarını təqdim etməmişlər. Belə olan halda, X1 məhz inzibati xəta haqqında protokolun tərtib edildiyi 08 iyul 2024-cü il tarixində küçə ticarəti ilə məşğul olduğu barədə qənaətə gəlinməsi üçün hər hansı hüquqi əsas yoxdur, qərardan şikayət vermiş şəxsin özünün təqdim etdiyi sübutların həqiqiliyi fonunda bu hal kifayət qədər öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, əməlində inzibati xəta tərkibi olmadığından, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin X1 Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə 80 manat məbləğində inzibati cərimə edilməsinə dair 09 iyul 2024-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar