Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4549/2023 01.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin vəkili- “Güvən” vəkil bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 233.1, 266.2, 271 və 275.2-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 23 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən 23 avqust 2023-cü il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" ASC-nin fəaliyyəti zamanı ətraf mühitə səs-küy səviyyəsinin normadan artıq olması, atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olması, tullantıların qanunsuz qalaqlanması və emalı yerlərinin müəyyənləşdirilməməsi aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Ekologiya və X9 adına Nizami rayonu, Nizami Abdullayev küçəsində yaşayan vətəndaşlar tərəfindən kollektiv müraciət daxil olmuşdur. Həmin ərazidə yaşayan 17-18 nəfər sakinin müraciətində göstərilmişdir ki, onların ərazisində yerləşən metal məmulatları istehsalı ilə məşğul olan zavod mövcuddur ki, vətəndaşlar həmin zavoddan şikayət edərək bildirirlər ki, zavod günün bütün saatlarında fəaliyyətini davam etdirir və orada yaranan səs-küy və qoxu onları narahat edir. Həmin amillər onların həyat və sağlamlığına ciddi təsir edir. Bununla bağlı həmin zavodda araşdırmanın aparılması və qeyd edilən halların qarşısının alınması üçün tədbirlər görülməsi xahiş edilmişdir. Tərəflərindən müvafiq sənədlər əsasında həmin "xxxx" ASC-yə aid zavodda yoxlama həyata keçirmişdir. Həmin zavodda keçirilən yoxlama zamanı həm səs-küyün normadan yuxarı olduğu müəyyən edilmiş, həm də müəssisə ərazisinə baxış keçirilərkən vizual baxış zamanı orada olan səs-küy və qoxudan dayanmaq mümkün olmamışdır. Zavoddakı ölçmə işləri "xxxx" ASC-nin nümayəndəsinin iştirakı ilə aparılmışdır. Həm səsküy, həm də ətraf mühitə atılan zərərli maddələrin həcmi normadan yüksək olmuşdur. Bütün ərazidə yayılan zərərli qaz birləşmələri və tozlar insan sağlamlığı üçün ciddi problemlər yaradır. Bundan əlavə tullantıların əraziyə atılaraq qalaqlandığı və zərərsizləşdirmə yerlərinə təmin olunmadığı müəyyən edilmişdir. Orada atılan tullantıların hamısı metal qırıntıları olmamışdır. Bundan əlavə orada istehsal prosesi zamanı yaranan tozşəkilli tullantılar toplanmış, istifadəyə yarasız toz şəkində olan tullantılar təpə formasında yığılmışdır ki, onların daşınaraq hər hansı bir yerdə zərərsizləşdirilməsi qeyrimümkündür. "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış müqavilədə həmin qırıntıların toplanılaraq daşınması nəzərdə tutulmamışdır. Eyni zamanda orada tullantıların toplanma qaydaları da pozulmuşdur. Nöqsanlar aşkar edildikdən sonra inzibati xəta haqqında protokol tərtib edilmiş, icrası məcburi olan göstəriş verilmişdir. Əlavə olaraq göstərmişdir ki, səs kirliliyinin ölçülməsi həm şikayətçilər yaşayan yerdə, həm müəssisənin qarşısında, həm də avadanlıqlar olan yerdə aparılmışdır. Aşkar olunan pozuntulardan biri də tullantıların qalaqlanma qaydasına aiddir ki, orada həmin məişət tullantılarının yığılması üçün xüsusi konteynerlər olmalı idi və hər biri xüsusi qaydada çeşidlənərək daşınmalı idi. Lakin bu tədbirərdən heç biri yerinə yetirilməmiş, sadəcə şifahi olaraq tullantıların daşınması bildirilmişdir. Atmosfer havasına atılan tullantıların qarşısının alınması ilə bağlı qurğuların olmasına gəldikdə, müəssisə böyük bir müəssisədir və bütün prosesllər o qurğudan keçmir. Oradakı bütün proseslər üçün təmizləyici qurğular quraşdırılmamışdır. Tullantılar açıq şəkildə tökülmüş, tüstü isə bütün əraziyə yayılmışdır. Vizual baxış zamanı və təqdim edilmiş fotoşəkillərdə də ətrafın tüstü olduğu aşkar olunmuşdur, hansı ki, bununla bağlı orada yaşayan sakinlərin dəfələrlə müraciətləri olmuşdur. Atmosfer havasına atılan dəm qazının miqdarında yol verilən 1 kubda 5mq olması Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Atmosfer Havası haqqında” Qanunun tələblərinə əsasən müəyyən edilmişdir ki, həmin monitorinq aktında da qeyd edilmişdir və keçmiş SSRİ dövründə qəbul edilmiş normativlərdir ki, yeni normativ aktlar qəbul edilənədək həmin aktlar qüvvədədir. Yoxlama zamanı onlara bildirilmişdir ki, tullantıları "xxxx" xidməti müqavilə əsasında aparıb xüsusi ərazilərə boşaldır və utilizasiyasını həyata keçirir, lakin tullantıların zavodun ərazisində açıq şəkildə qalaqlanaraq saxlanıldığını müəyyən etmişlər. Yoxlama aparılmış ərazi dizə qədər paslı torpaq olduğu üçün ərazinin digər hissələrinə gedə bilməmişlər, bütün tullantılar orada qalaqlanıb saxlanılmışdır. Tullantıların məhv edilməsi ilə bağlı müəssisənin öhdəlik daşımaması barədə irəli sürülən dəlil əsassızdır, çünki bu, qanunvericiliyin tələbidir, tullantılar zərərsizləşdirilməsi üçün konteynerlərə axıdılmalı və onların təmizliyni təmin etmək üçün dəyişdirilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Tullantılarla bağlı İdarəetmənin Təkmilləşdirilməsi” barədə Fərmanı vardır ki, orada birmənalı olaraq göstərilir ki, Bakı şəhəri ərazisində formalaşan bütün növ tullantılar kommunal xidmətlər müəssisəsi tərəfindən daşınmalıdır. Hüquqi şəxsi təmsil edən şəxslər müəssisədəki tullantıların istehsala yararlı olduğunu bildirirlər, amma orada aşkar olunan tullantılar istehsala yararlı tutllantılar olmamış, açıq şəkildə atılaraq qalmış, yerləşdirilməmişdir. Ölçmə cihazlarının sertifikatları barədə isə protokolda qeyd olunmalıdır, onlar da bununla bağlı qanunvericiliyin tələbinə əməl etmişlər. "xxxx" ASC-nin törətdiyi inzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, ASC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin vəkili Vəkil göstərmişdir ki, 21-23 avqust 2023-cü il tarixləri aralığında "xxxx" ASC-nin ərazisində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkşları tərəfindən monitorinq keçirilərək ASC-nin barəsində 4 maddəni özündə əks etdirən protokol tərtib edilmişdir. Həmin akta əsasən 3 pozuntu aşkar edilmişdir. İlk pozuntu istehsal zamanı istifadə edilən qurğulardan ətraf mühitə yayılan zərərli təsirlərin və səs-küyün qarşısının alınması üçün lazımlı tədbirlərin görülməməsi və istehsal zamanı ətrafa yayılan səs-küyün dərəcəsinin 80 desibel olması və bu həddin normadan, yəni 70 desibeldən yuxarı olmasıdır. Ümumi tövsif kimi də Azərbaycan Respublikası Prezidentinin 08 iyul tarixli 2008-ci il 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və sağlamlığa təsir göstərən virasiya və səs-küy çirklənməsi normaları” əsas götürülmüşdür ki, gündüz səs-küy 70 desibel, axşam isə 60 desibel olmalıdır. İkinci pozuntu 2 ədəd qaz təmizləyici toztutucu qurğulardan atmosferə atılan dəm qazının yol verilən hədd normasından 1 kubda 5mq-dan yüksək olması müəyyən edilmişdir ki, ölçmə nəticəsində bu 1 kubda 8.6mq müəyyən edilmişdir. Burada isə “Hava mühafizəsi haqqında” Qanunun 13, 22 və 28-ci maddələri əsas götürülmüşdür. Üçüncü pozunutu isə istehsal zamanı yaranan bütün növ tullantıların toplanma meydançalarının olmadığı, konteynerlərin yerləşdirilmədiyi və tullantıların növlər üzrə yığılaraq çeşidlənmədiyi və qalaqlanaraq açıq sahəyə atıldığı əsas götürülmüşdür. Əsas kimi isə “Köhnə istehsalat, məişət tullantıları haqqında” Qanunun 8, 9, 11 və 12-ci maddələri əsas götürülmüşdür. Pozuntu kimi qeyd edilən hallara əsasən yoxlayıcı orqanın aparıcı məsləhətçisi müfəttiş X12 tərəfindən müəssisə barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1, 266, 271 və 275.2-ci maddələri ilə 23 avqust 2023-cü il tarixdə protokol tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Hesab edir ki, protokol qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Müəssisə barəsində protokol tərtib edilməsi üçün aşkar edilmiş ilk pozuntu səsin 80 desibel olmasıdır ki, ətraf mühitə zərər vurulması üçün yüksək olduğu göstərilsə də həmin normaların 13-cü bəndində göstərilən əraziləri konkret olaraq göstərilmir, həmin normaların 2.3-cü bəndində göstərilmişdir ki, nüfuz edilən səs-küyün yol verilən normaları istehsalat sahəsində deyil, yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində və habelə insanların cəmləşdiyi əraziləridə səs təzyiqinin səsin ekvalent enerjisinin maksimallığını göstərir. Yoxlayıcı orqan tərəfindən ölşmə işləri isə müəssisənin daxilində aparılmışdır. Müəssisənin üzərinə atmosfer havasına atılan dəm qazının miqdarının 1 kubda 5 mq göstəricisindən artıq olmaması barədə heç bir vəzifə qoyulmamışdır. Bununla bağlı həmin Qanunun 13, 22 və 28-ci maddələrində təsdiq edilmişdir ki, atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilən miqdardan artıq, yəni 8.6 mq olmuşdur. Halbuki Qanunda atmosfer havasına atılan zərərli maddələrin miqdarı ilə bağlı normativlər və hədlər göstərilməmişdir. O cümlədən atmosfer havasına atılan dəmqazının miqdarında yol verilən 5mq olması da təsbit edilməmişdir. Bu səbəbdən hesab edirlər ki, protokol əsassız tərtib edilmişdir. Digər məsələ isə “Tullantılar haqqında” Qanuna əsasən müəssisə həmin Qanunun heç bir müddəasını pozmamışdır. Belə ki, həmin Qanunda müəssisələrin üzərinə istehsal zamanı yaranan bütün növ tullantıların müvəqqəti saxlanması üçün xüsusi yerlərin ayrılması, tullantı meydançalarının olması və tullantı konteynerlərinin yerləşdirilməsi, həmçinin həmin tullantıların növlər üzrə yığılaraq çeşidlənməsi və ya açıq sahədə qalaqlanması kimi vəzifələr qoyulmamışdır. Eyni zamanda yoxlayıcı orqana "xxxx" ASC ilə bağlanmış müqavilə təqdim etmişlər. Bu yolla "xxxx" ASC tullantıların zərərsizləşdirilməsini həyata keçirir. Digər məsələ protokolun səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən tərtib edilməsidir. Çünki, protokol Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi, müfəttiş X13 tərəfindən tərtib edilmişdir. Halbuki qüvvədə olan hər hansı bir normativ sənəddə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında protokol tərtib etmək və iş üzrə icraata başlamaq səlahiyyəti nəzərdə tutulmamışdır. Ona görə də hesab edirlər ki, protokol səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən tərtib edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X5 izahatında göstərmişdir ki, "xxxx" ASC 1 ədəd qaztutucu qurğusu var, lakin müəssisədə 2 ədəd Avropa standartlarına uyğun qaztutucu qurğu vardır. İnzibati orqanın nümayəndəsi konteynerlərin olmamasından danışdı, hansı ki, "xxxx" ASC metal emalı şirkətidir və şirkətin xammal ehtiyatlarından biri də metal məmulatlarıdır. Metal qırıntıları digər məişət tullantıları kimi konteynerlərə yerləşdirilə bilməz. Metal qırıntıları dağ formasında olur. Orada 20-30 min ton metal qırıntısından söhbət gedir. Həmin qırıntıların özü belə istehsal üçün xammal ehtiyatıdır. Həmin xammal ehtiyatını hər hansı bir konteynerə yerləşdirmək mümkün deyildir. Metal qırıntısı qoxu vermir, o, sadəcə ərinti zamanı qoxu buraxa bilər. Bir çox müəssisələri mövcuddur ki, onlarda heç bir isitmə və yanma fəaliyyəti həyata keçirilmədiyi üçün onlarda heç bir qaztutucu qurğu quraşdırılmamışdır. Emal sadəcə əritmə zavodunda həyata keçirilir. Həmin zavodda da 2 ədəd Türkiyə Respublikasında istehsal edilmiş toztutma qurğusu vardır. Qaz toztutma qurğularının da əsas funksiyasını içərisindəki filter yerinə yetirir. Həmin filterlər isə xarici ölkədə istehsal edilir və hər dəfə filterlərdə problem olan zaman yenisini xaricdən sifariş əsasında gətizdirərək quraşdırırlar. Yoxlama aparılarsa görülər ki, ölkə üzrə ən güclü qaz toztutma qurğusu onların müəssisəsində quraşdırılmışdır. Müəssisənin qaz toztutma qurğusunun filterləri işlək vəziyyətdədir. Əgər lazım olarsa yerində də baxış keçirilə bilər. Müəssisənin istehsalı gecə və gündüz dayanmadan aparılır. Müəssisənin fəaliyyəti fasiləsiz metaltökmə fəaliyyətidir. 24 saat dayanmadan istehsal davam edir və bunu görə də müəssisə xüsusi olaraq təhlükə potensiallı obyekt kimi reyestrdə qeydiyyatdan keçirilmişdir. Səs ölçmə cihazı vasitəsi ilə bir neçə istiqamətdə ölçmə həyata keçirilmişdir. Lakin yalnız müəssisə ərazisində ölçmə həyata keçirilmişdir. Şikayət edən şəxslərin ərazisindən ölçmələr həyata keçirilərsə orada çirklənmənin qeyd edilən qədər olmayacağı müəyyən edilər. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən protokol tərtib edilməzdən öncə 25 sentyabra qədər konteynerlərin təmini, tullantıların aradan qaldırılması və səs çirklənməsinin qarşısının alması üçün vaxt verilmiş, lakin tapşırıqların icrasını gözləmədən dərhal protokol tərtib edilərək qərar qəbul edilməsi üçün məhkəməyə göndərilmişdir. Yoxlamanı həyata keçirən orqanın tapşırıqlarını nəzərə alaraq müəssisənin qaz toztutma qurğularında cari təmirdən əlavə növbədənkənar təmirini həyata keçirmişlər. Məhkəməyə təqdim edilmiş şəkillərdə tullantı adlandırılan hər bir şey metal qırıntısıdır. "xxxx" ASC uzun müddətdir ki, fəaliyyət göstərir. Orada toplanmış tullantıları şəxsən "xxxx" ASC "xxxx" ASC-yə daşıyır. "xxxx" ASC isə son utilizasiyanı həyata keçirir. Müəssisənin ərazisindəki toz tullantıları bir gün ərzində deyil, müəyyən müddət ərzində toplanaraq daşınılır. Yoxlamanı həyata keçirən orqanın özünün verdiyi tapşırıqları gözləmədən protokolun tərtib edilməsini və ASC-nin vəkilinin qeyd etdiklərini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, iş üzrə 21-23 avqust 2023-cü il tarixli 82012 və 000934 nömrəli aktların tərtib olunmasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X19 Monitorinq İdarəsinin direktor müavini X11, nümayəndə C.Q.Bəşirovun izahatında və istinad olunan aktlarda qeyd olunanlara uyğun izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" ASC-nin texniki direktoru X6 izahatında göstərmişdir ki, Ekologiya Nazirliyinin əməkdaşları yoxlama üçün "xxxx" ASCyə gəldikdə onları qəbul etmiş, lazım olan şəraiti yaratmışdır. Lakin onun özü yoxlama zamanı iştirak etməmişdir. Müəssisənin ərazisi hasara alınmışdır, metal tullantı isə onlar üçün qızıl dəyərindədir. Ekologiya əməkdaşlarının zibil dedikləri şey xammaldır, orada hər hansı zibil yoxdur. Yerli baxış keçirilərsə müəyyən olunur ki, müəssisənin yerləşdiyi ərazi ərazidə yaşayan şəxslərdən tam ayrı sahədə yerləşir. Ekologiya əməkdaşları inzibati protokol tərtib etməyə hüquqlarının olması barədə sənəd, ölçü cihazları ilə bağlı sertifikat təqdim etməmişlər, səs-küyü isə müəssisənin içərisində ölçmüşlər. Qonşular onlara demişlər ki, onları səs, çirk və toz narahat edir, lakin nəzərə alınmalıdır ki, yük maşınları şəhərə gecələr daxil olur, səs-küyü onlar yaradırlar. Tozun qarşısını almaq üçün isə sədd çəkmişlər. Bundan başqa, zavodda 600 nəfər işləyir, pul qazanır. Həm zavod şokolad istehsal etmir, metal istehsal edir, tullantıların olması da realdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsinin sakinlərinin (23 nəfər) Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış 12 iyul 2023-cü il tarixli birgə ərizələrindən görünür ki, onlar, yaşadıqları küçənin yaxınlığında yerləşən zavodda gündüz, axşam, əsasən gecə saatlarında kranlar, digər avadanlıqlar vasitəsilə aparılan işlər zamanı yaranan səs-küyün onları narahat etdiyi, zavoddan qalxan qara rəngli tozların ətrafı qapqara etməsi, insanların nəfəs ala bilməməsi, xəstəliklərə tutulması və s. barədə şikayətlərini bildirmişlər, həmin müraciətlər qeydə alınaraq, müraciətləri araşdırılması üçün aidiyyəti üzrə həvalə edilmişdir; -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları X13, X8, X7 və X19 Monitorinq İdarəsinin direktor müavini X11 tərəfindən "xxxx" ASC-nin texniki direktoru X2 iştirakı ilə tərtib olunmuş 23 avqust 2023-cü il tarixli 82012 nömrəli aktdan görünür ki, 21- 23 avqust 2023-cü il tarixlərdə Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Energetika küçəsi 5 ünvanında fəaliyyət göstərən "xxxx" ASC-də yoxlama zamanı aşağıdakılar aşkar edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin KY231948669 saylı Çıxarışına və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 avqust 2023-cü il tarixli 229 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Energetika küçəsi 5 ünvanında "xxxx" ASC-yə məxsus metal əritmə və metalqayırma sahəsində “Ətraf mühitin mühafizəsi haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət olunmasının araşdırılması məqsədilə ASC-nin texniki direktoru X2 iştirakı ilə tərəflərindən yerində plandankənar yoxlama aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ********** VÖEN ilə dövlət qeydiyyata alınaraq şəhadətnamə verilmişdir. “ünvan 5 ünvanında metallurgiya məhsullarının istehsalı ilə məşğul olur. Müəssisənin fəaliyyət göstərdiyi torpaq sahəsi ASC-yə məxsusdur və təyinatı üzrə istifadə olunur. Yoxlama suallarında qeyd olunmuş 448 reyestr nömrəli sual üzrə araşdırma aparılarkən istehsal fəaliyyəti zamanı istifadə edilən (əritmə, kəsmə və s.) qurğulardan istifadə zamanı ətraf mühitə yayılan zərərli fiziki təsirlərin (səs-küy) qarşısının alınması üçün tədbirlərin görülmədiyi müəyyən edildi. Yoxlamada iştirak edən X17 Monitorinq İdarəsinin direktor müavini Xəyyam İdrisov tərəfindən müəssisədə istehsalat fəaliyyəti zamanı ətraf mühitə yayılan səs-küy səviyyəsinin təyini məqsədilə aparılan ölçmə işləri zamanı səs-küy səviyyəsinin 80 dBA təşkil edərək ətraf mühit üçün yol verilə bilən hədd normasından (norma 70 dBA) yüksək olduğu müəyyən olundu. Araşdırma zamanı 463 reyestr nömrəli yoxlama sualı üzrə müəssisənin istifadəsində olan torpaq sahəsinin təyinatı üzrə istifadə olunduğu müəyyən olundu. Yoxlama sualıarında qeyd olunan 464 reyestr nömrəli yoxlama sualı üzrə araşdırma zamanı müəssisədə istehsal fəaliyyəti zamanı nəticəsində ətraf mühitə (atmosfer havasına) atılan zərərli qaz qarışıqlarının toz hissəciklərinin qarşısının alınması üçün müəssisədə 2 ədəd qaztəmizləyici və toz tutucu qurğunun olduğu müəyyən edildi və qurğuların işlək vəziyyətdə olduğu zaman qurğuların ətraf ərazilərdə aparılan ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin (dəm qazı-CO) miqdarının yol verilən hədd normasından (norma 5mq/m3) yüksək olduğu-8,6mq/m3 olduğu müəyyən edildi. Atmosfer havasında toz hissəciklərinin miqdarı norma daxilində (norma 0,5mq/m3) yüksək olduğu- 0,1mq/m3 olduğu müəyyən edildi. Ölçmə işləri zamanı texniki vasitələr olan Ankat 64 m3- 04 (qaz analizatoru) və Casella CEL-712 (toz ölçən) səyyar cihazları vasitəsilə aparıldı. Yoxlama suallarında qeyd olunan 465 reyestr nömrəli yoxlama sualı üzrə yoxlama aparılarkən müəssisədə istehsal fəaliyyəti zamanı formalaşan təhlükəli və təhlükəsiz tullantıların qanunamüvafiq qaydada idarə olunmadığı müəyyən edildi. Belə ki, müəssisədə "xxxx" ASC ilə “Tullantıların zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair” və “Bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair” 16 yanvar 2018-ci il və 30 yanvar 2018-ci il tarixli müqavilələr bağlanılmış, lakin əraziyə keçirilən baxış zamanı yaranmış bütün növ tullantıların (bərk, məişət, təhlükəli və təhlükəsiz, istehalat və müvəqqəti saxlanılması üçün xüsusi yerlər ayrlılmadığı, tullantı meydançalarının olmadığı, tullantı konteynerlərinin yerləşdirilmədiyi, tullantıların növlər üzrə yığılaraq çeşidlənmədiyi və ərazidə açıq sahəyə atılaraq qalaqlandığı və emalı yerlərinin müəyyənləşdirilmədiyi müəyyən olundu. Yoxlama suallarında qeyd olunan 931 reyestr nömrəli yoxlama sualı üzrə araşdırma zamanı müəssisənin fəaliyyətinə dair ETSN-nin X10 Agentliyi tərəfindən 27 iyun 2008-ci il tarixli DEİ-747 nömrəli ekoloji ekspertiza rəyinin alındığı müəyyən edildi. Yoxlamanın müddəti (başlanma və sona çatma tarixi) 21-23 avqust 2023-cü il tarixlərini əhatə etməklə müəssisənin cari fəaliyyəti yoxlanıldı. Araşdırma zamanı araşdırmada iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X4 qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildi, həmin şəxs yoxlama ilə bağlı irad və narazılığının olmadığını bildirdi. Araşdırma nəticəsində "xxxx" ASC tərəfindən istehsal fəaliyyəti zamanı Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 saylı Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normaları”nın cədvəli üzrə 13-cü bəndinin, “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13, 22 və 28-ci maddələrinin, “İstehsal və məişət tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun 6, 8, 9, 11 və 12-ci maddələrinin tələbləri pozulmuşdur. Araşdırma müddətində yoxlama aparılması barədə qeydiyyat aparılması üçün “Nəzarət kitabçası” təqdim olunmadı, bu səbəbdən qeydiyyat aparılmadı. Toplanmış materiallar və ərazinin fotoşəkilləri akta əlavə olunmuşdur; -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X19 Monitorinq İdarəsinin direktor müavini Xəyyam İdrisov, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Ceyhun Bəşirov, Vasif Əşrəfov və Cavad Məmmədli tərəfindən "xxxx" ASC-nin texniki direktoru Adilxan Musayevin iştirakı ilə tərtib olunmuş 21-23 avqust 2023-cü il tarixli 000934 nömrəli aktdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Energetika küçəsi 5 ünvanında fəaliyyət göstərən "xxxx" ASC-də monitorinq keçirilmişdir. Monitorinq zamanı müəyyən edildi ki, müəssisə metallurgiya məhsullarının istehsalı ilə məşğul olur. Müəssisədə qaz toz-tutucu qurğu mövcuddur. Tərəflərindən müəssisənin ərazisində istehsal sahəsində atmosfer havasında olan zərərli qaz qarışıqlarının miqdarını təyin etmək məqsədilə səyyar cihaz Ankat-64 m3/04 seriya nömrəsi 200123, sertifikat nömrəsi Omsk 05401 vasitəsilə monitorinq ölçmə işləri aparıldı. Ölçmə nəticəsində dəm qazı CO - 8.6 mq/m3 (norma 5mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq müəyyən olundu. Ölçmə işləri zamanı SSRİ Səhiyyə Nazirliyinin yaşayış yerlərində atmosfer havasında çirkləndiricilərin yol verilən qatılıq hədlərinin normaları əsas götürülnüşdür (xx.xx.1984, 3086-84). Bundan başqa müəssisə ərazisində səs-küy səviyyəsinin ölçmə işləri səyyari cihaz PCE-322A seriya nömrəsi 190809665, sertifikat nömrəsi Omsk 09034 vasitəsilə aparıldı. Ölçmə nəticəsi 80 dBA (norma 70 dBA) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq müəyyən olundu. Səs-küy səviyyəsinin ölçmə işləri zamanı Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli 796 saylı Fərmanı əsas götürülmüşdür. Tərəflərindən 23 avqust 2023-cü il tarixli növbəti monitorinq zamanı müəssisənin ərazisində atmosfer havasında olan toz hissəciklərinin miqdarını müəyyən etmək məqsədilə səyyari Casella CEZ-712, seriya nömrəsi ******* vasitəsilə monitorinq ölçmə işləri aparıldı. Ölçmə nəticəsi 0.1 mq/m3 (norma 05 mq/m3) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd norması daxilindədir; -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 24 avqust 2023-cü il tarixli G-MG/2623- 058 nömrəli məcburi göstərişindən görünür ki, "xxxx" ASC-də aparılmış araşdırma nəticəsində 23 avqust 2023-cü il tarixdə akt tərtib edilmişdir. Müəyyən olunmuşdur ki, müəssisənin fəaliyyəti zamanı atmosfer havasına atılan zərərli maddələrin (dəm qazı) və zərərli təsirlərin (səs-küy) miqdarının ətraf mühit üçün yol verilən hədd normasından yüksək olması, fəaliyyət nəticəsində formalaşan bütün növ tullantıların emalı yerlərinin müəyyənləşdilmədiyi, tullantıların müvəqqəti saxlanılması üçün xüsusi yerlərin ayrılmadığı, tullantı meydançalarının olmadığı, tullantıların açıq sahəyə atılaraq qalaqlandığı müəyyənləşdirilmişdir. Qeyd olunanlara əsasən hər biri üçün icra müddəti 30 gün olmaqla aşağıdakı tapşırıqlar verilmişdir: 1) Ətraf mühitə (atmosferə) atılan zərərli maddələrin (dəm qazı) qarşısının alınması üçün mövcud qurğuların sazlaşdırılması təmin edilsin; 2) Ətraf mühitə yayılan zərərli təsirlərin (səs-küy) miqdarının müəyyən edilmiş hədd norması daxilində olması üçün tədbirlərin görülməsi təmin edilsin; 3) Müəssisənin fəaliyyəti nəticəsində formalaşan tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, tullantıların müvəqqəti saxlanılması üçün xüsusi yer ayrılaraq meydançanın tikilməsi təmin edilsin; Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə törədilməsi ehtimal olunan inzibati xətalara münasibətdə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hansı ki, hazırkı halda məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən yol verilmiş inzibati xətaların xəta sayılması üçün onların hüquqi əlamətləri vardır, əməllər hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs "xxxx" ASC tərəfindən törədilmişdir. Bu, inzibati araşdırma orqanına daxil olmuş müraciət və şikayətlər əsasında aparılmış yoxlama zamanı tərtib olunmuş 21-23 avqust 2023-cü il tarixli aktlar, foto şəkillər, toplanmış digər sübutlarla öz təsdiqini tapır. Xüsusən nəzərə alınmalıdır ki, inzibati orqan tərəfindən həyata keçirilmiş yoxlamanın işində iştirak edən hüquqi şəxs "xxxx" ASC-nin texniki direktoru X6 aşkar olunmuş nöqsanları, inzibati xətaları etiraf edərək 82012 və 000934 nömrəli aktları imzalamışdır. Məhkəmə hüquqi şəxs "xxxx" ASC-ni təmsil edən şəxslərin hazırda irəli sürdükləri dəlillərlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediarındə dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2 və 99.3-cü maddələrinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırkı halda, müvafiq fiziki şəxslərin ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və digər bu kimi sahələrdə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq qaydada daxil olmuş müraciətləri qəbul olunaraq icrası aidiyyəti üzrə həvalə edilmişdir. Müraciətlərin yerində yoxlanılması zamanı isə məlumatların həqiqiliyi, inzibati xətaların əlamətlərinin olması müəyyən edilmiş və inzibati araşdırma başlanılmışdır. Yoxlamanın keçirilməsi barədə qərar, qərarın yoxlamaların vahid məlumat reyestrində qeydə alınması barədə çıxarış, yoxlama suallarının siyahısı və digər sənədlər hüquqi şəxsin rəhbərliyinə rəsmi qaydada təqdim edilmiş, ölçü işləri sertifikatı olan ölçmə vasitələri ilə, hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə həyata keçirilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin” Siyahısının 19 və 22-ci hissələrinə əsasən baxılan işlə bağlı inzibati xətalar haqqında işlər üzrə protokolun Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından digər şəxslərlə yanaşı, aparıcı məsləhətçi tərəfindən tərtib olunması təsbit edilmişdir. Ümumilikdə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi təmsil edən şəxslər tərəfindən irəli sürülən dəlillərin işin icraatını istisna edən hal, sübut qismində qəbul edilməsi üçün əsaslar yoxdur, hüquqi şəxsi məsuliyyətdən yayındırmağa xidmət edir. Xüsusən, "xxxx" ASC-nin fəaliyyəti zamanı ətraf mühitə səs-küy səviyyəsinin normadan artıq olması, atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olması, tullantıların qanunsuz qalaqlanması və emalı yerlərinin müəyyənləşdirilməməsi faktları yerində, hüquqi şəxsi təmsil edən vəzifəli şəxsin iştirakı ilə müəyyən edilmiş və bu nöqanların aradan qaldırılması üçün icrası məcburi olan yazılı göstəriş verilmişdir. Bundan başqa, yoxlamanın 21-23 avqust 2023-cü il tarixlərində həyata keçirilməsindən sonra onun nəticələri hüquqi şəxs tərəfindən inzibati icraat qaydasında mübahisələndirilməmişdir. Bununla da, məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1, 266.2, 271 və 275.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətalar törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla ASC-nin həmin maddələrlə inzibati xətaları törətməkdə təqsiri tam sübuta yetir və törədilən xətalar düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 233.1, 266.2, 271 və 275.2-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir; 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir; 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir; 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127- 4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə hüquqi şəxs "xxxx" ASC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətaların xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikası İXM-nin 233.1, 266.2, 271 və 275.2ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli, İXM-nin 34.3-cü maddəsinin tələbinə əsasən və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına uyğun olaraq, barəsində daha ciddi xəta hesab olunan İXM-nin 266.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 233.1, 266.2, 271 və 275.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 266.2-ci maddəsi ilə barəsində 10000 (on min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4549/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4549/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver