Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4552/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ (X10 barəsində inzibati xəta haqqında materiala dair) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X20 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami RPİ-nin 24-cü PBnin polis sahə inspektoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 və onun müdafiəçisi Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X12, X1 iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Qazaxıstan Respublikası Almatı şəhərində anadan olmuş, Qazaxıstan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, ATFK hoteldə yaşayan, X10 barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ:
1. 03 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən, X5 02 oktyabr 2024-cü il tarixdə Respublika Narkoloji Mərkəzində tibbi müayinə zamanı sidik nümunəsində istehlak etdiyi narkotik vasitə “THC” (+) aşkar edilmişdir.
PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami RPİ-nin 24-cü PB-nin polis sahə inspektoru X13 protokolun məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Berdimurat Korlan xx.xx.2024-cü il tarixdə şikayət üzrə saxlanılarkən narkotik vasitə istifadəçisi olduğu şübhə doğurdu. Ekspertizaya göndərildikdən sonra müəyyən edildi ki, marixuana istifadə edir. Odur ki, X4 barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X10 izahatında bildirdi ki, Praqa şəhərində oxuyur. Orada ofisiant işləyir. Ömründə 2-3 dəfə marixuana istifadə edib. Mütəmadi olaraq istifadə etməmişdir. Bakıya istirahət üçün gəlmişdi. 28 sentyabr 2024-cü il tarixdə şəhərdə gəzəndə bir oğlanla tanış oldu o, da ona marixuanna verdi həmin marixuannanı istifadə etdi. Əməlindən peşmandır. Qeyd etdiklərini nəzərə alaraq, barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 müdafiəçisi X16 izahatında bildirdi ki, X10 müvəqqəti istirahət üçün gəlmişdir, daimi istifadəçi deyil, tələbədir, xanımdır, gəncdir və əməlindən peşmandır. Qeyd etdiklərini nəzərə alaraq, onun barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi.
İŞ MATERİALLARİ:
5. 03 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 02 oktyabr 2024-cü il tarixdə Respublika Narkoloji Mərkəzində tibbi müayinə zamanı sidik nümunəsində istehlak etdiyi narkotik vasitə “THC” (+) aşkar edilmişdir.
6. 02 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan X7 xx.xx.2024-cü il tarixdə saat 17:48-də DİN-in 102 xidmətinə məlumat verərək və ərizə ilə Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində oğlunun arvadı “Valentinanın” qəza etməsi barədə özünü ona onun vəkili kimi təqdim edən şəxsin işin həlli üçün yaşadığı ünvana göndərmiş olduğu şəxsə 4000 (dörd min) manat pulu verdiyini, sonradan ona məlum olmuşdur ki, gəlini “Valentina” qəza törətmədiyini, tanımadığı şəxs onu aldadaraq pulunu ələ keçirdiyini bildirmişdir. PŞnin əməkdaşları tərəfindən keçirilmiş təbdirlər nəticəsində Gülnaz Alzamanovanın yaşadığı mənzilə yaxınlaşıb pulu sonuncudan alan şəxsin xx.xx.2003-cü il təvəllüdlü Qazaxıstan Respublikası vətəndaşı Berdimurat Korlan olması müəyyən olunmuş, sonuncu Bakı şəhəri, Səbail rayonu, Azad Hümbətov küçəsində yerləşən “ATFK” oteldə saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Araşdırma zamanı Berdimurat Korlannın narkotik vasitə və psixotrop maddələrdən istifadə edib-etməməsini, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyinin) aşkar olunub-olunmaması, eləcə də narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmaması barədə X11 Məcburi-Narkoloji Tibbi yoxlama barədə rəy verilməsin ötrü Məhkəmə-narkoloji ekspertizası təşkil edilməsi haqqında qərar qəbul edilmişdir. Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrinin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 2591 saylı xx.xx.2024-cü il tarixli Aktında göstərilmişdir ki, ekspress-test üsulu ilə müayinə nəticəsində X5 götürülmüş sidik nümunəsindən THC (+) aşkar edilmişdir.
7. xx.xx.2024-cü il tarixli, 2591 nömrəli narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında aktdan görünür ki, X4 tibbi müayinəsi zamanı sidiyində “THC” (+) aşkar edilmişdir.
8. xx.xx.2024-cü il tarixli, 6394 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, X10 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.
9. xx.xx.2024-cü il tarixli tutma protokolundan görünür ki, X3 15:10-da 24 saat müddətinə inzibati qaydada tutulmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ:
10. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:
3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.
MƏHKƏMƏNİN MÖVQEYİ:
11. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, X10 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuşdur.
12. Həmçinin inzibati xəta törətmiş şəxs Berdimurat Korlan məhkəmə iclasında narkotik vasitə olan marixuannadan istifadə etdiyini etiraf etmişdir. Odur ki, X10 həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir.
13. Məhkəmə inzibati xəta törətmiş şəxs X2 olaraq narkotik vasitə olan marixuannadan istifadə etdiyini bildirməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır.
14. Məhkəmə iclasında X4 əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir.
15. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, X4 şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir.
NƏTİCƏ:
16. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 8 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 48 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir.
17. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130cu maddələrini rəhbər tutaraq məhkəmə,
QƏRARA ALDİ:
X10 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş X10 məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 8 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X14 müvafiq hesablaşma hesabı üzərindən 48 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ülkər Yusifova