Məhkəmə qərarları › İş №3(007)-4555/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4555/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4555/2025 13.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib olunmuş 15 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında materialın məhkəmə icraatı mümkün hesab edilmiş və iş baxılması üçün təyin edilmişdir. Lakin inzibati xəta haqqında protokolu tərtib edən orqanın, Azərbaycan Respublikası Maliyyə nazirinin birinci müavini Anar Kərimov 12 noyabr 2025ci il tarixli, 3-23/2-9099/2025 nömrəli məktubla məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasını və bu siyasətin həyata keçirilməsini strukturuna daxil olan, habelə strukturuna daxil olmayan tabeliyindəki müəssisələr vasitəsilə təmin edir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin 06 noyabr 2025-ci il tarixli, 3-26-06/2-2007/2025 nömrəli məktubu ilə həmin müəssisələrin siyahısı Maliyyə Nazirliyinə təqdim edilmişdir. Sözügedən müəssisələr “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli 733-İİQ nömrəli Qanununun 5.2.4-cü maddəsi ilə müəyyən edilmiş iqtisadi sahədə dövlət sirrini təşkil edən fəaliyyətlə məşğul olduğundan (silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı, ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili) onların maliyyə hesabatları, kooperasiya üzrə əlaqələri haqqında məlumatlar dövlət sirri təşkil edir. Eyni zamanda “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-İİQ nömrəli Qanununun 15.1-ci maddəsinə əsasən mühasibat uçotu sənədlərində dövlət sirri və (və ya) kommersiya sirri hesab edilən məlumatlar olduqda, bu məlumatların açıqlanması “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçirilir. Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan, habelə strukturuna daxil olmayan tabeliyindəki müəssisələrin maliyyə hesabatlarının təqdim edilməsi, məcburi auditdən keçirilməsi və dərc edilməsi zəruri olan təsərrüfat subyektlərinə aid deyildir. Qeyd edilənləri nəzərə alaraq, icraatda olan 3(007)-4555/2025 nömrəli iş üzrə Şəxs barəsində tərtib olunmuş 15 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin işə baxılmadan Maliyyə Nazirliyinə qaytarılması xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın rəhbərliyi tərəfindən inzibati xəta haqqında protokola baxılması tələb edilmir, rəsmi məktubda qeyd olunan səbəbdən onun geri qaytarılması tələb edilir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokola mahiyyəti üzrə baxılması üçün əsas qalmadığından material geri qaytarılmalıdır. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib edilmiş 15 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar