Məhkəmə qərarları › İş №3(007)-4558/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4558/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4558/2024 16.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Xanlarova Züleyxa Ramis qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3, qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsi və cərimə məbləğinin xitamı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 14 sentyabr 2024-cü il tarixdə “Mercedes Benz C180” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Nəsimi küçəsində hərəkətdə olan zaman Qara Qarayev prospektini keçdikdən sonra yol-patrul xidmətinin əməkdaşları ona "saxla" əmri vermişdir. O, qanunvericiliyin tələblərinə əsasən YPX əməkdaşının "saxla" əmrinə riayət etmişdir. Avtomobili saxladıqdan sonra yol polisi xidməti inspektoru ona yaxınlaşmış və saxlama səbəbini deyərək, barəsində inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirmişdir. Yol patrul xidməti inspektoru, polis baş serjantı X8 ona bildirmişdir ki, guya o, Qara Qarayev prospektini keçən zaman svetoforun qırmızı qadağanedici siqnalında keçmişdir. O isə öz növbəsində etiraz edərək svetoforun yaşıl işığının yanıb-söndüyü halda yol ayrıcını keçdiyini bildirmişdir. Onun inzibati pozuntu etdiyini tam sübut etmədən X2 onun barəsində İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. X2 ona öz telefonundan onun maşınına oxşar bir maşının yandan şəklini, digər fotoda isə işıqforun qırmızı işığının fotosunu göstərmişdir ki, guya bu onun maşınıdır və qırmızı işıqda o keçmişdir. Lakin avtomobilin onun tərəfindən idarə edilməsi və avtomobilin nömrəsi görünməmişdir. Həmin ərazidə də istənilən qədər kamera olmuşdur. Qeyd olunan protokol barəsində “E-Polis”, “SMS radar.az”, “Asan ödəniş” proqramlarında da dəfələrlə baxmışdır, lakin heç bir video və ya fotoya rast gəlməmişdir. Buna görə də “E-Polis” proqramı vasitəsilə Daxili İşlər Nazirliyinə şikayət ünvanlamışdır. Şikayəti ilə əlaqədar bu günə qədər heç bir cavab verilməmişdir. Buna baxmayaraq barəsində tərtib edilmiş inzibati protokola xitam verilməmiş və qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. "Yol hərəkəti haqqında" Qanunun 59-cu maddəsinə əsasən yaşıl rəngli işığın yanıb- sönməsi hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq. "Yol hərəkəti haqqında" Qanunun 60-cı maddəsinə əsasən svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3.-cü maddəsini rəhbər tutaraq, Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ödəniş sisteminə yerləşdirilmiş cərimə məbləğinin xitamı barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X5 şikayətin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin nümayəndəsi Qanuni nümayəndə izahat verərək bildirmişdir ki, sürücü X5 xx.xx.2024-cü il tarixdə Nizami rayonu, Nəsimi küçəsində “Mercedes Benz C180” minik markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Məhkəməyə təqdim edilmiş videogörüntüdən də görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin Yol patrul xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğu üçün məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin Yol patrul xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Nizami rayonu, Nəsimi küçəsində “Mercedes Benz C180” minik markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş videogörüntüyə baxış keçirilən zaman X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin Yol patrul xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar