Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4564/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X6 iştirakları ilə, xx xxx 1991-ci il tarixdə Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonunun Mıxlıqovaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 24 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, “Şəxs 22 sentyabr 2025-ci il tarixdə Yol-Patrul Xidməti əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır”. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X3 protokolun məzmununa uyğun izahat vermiş və qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, hər gün ünvan 1 ünvanında avtomobilini saxlayır. 22 sentyabr 2025-ci il tarixdə tələsdiyi üçün avtomobili həmin yerdə saxlayıb getmişdir. O, polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Əgər polis əməkdaşlarını görsə idi, avtomobilini saxlayardı. O, avtomobilini həmişə saxladığı yerdə görmədiyi üçün 102 qaynar xəttinə zəng etmişdir. Həmin yer yol deyil, səki olmuşdur. Özünü təqsirli bilir, əməlindən peşmandır. Əsəbi olduğu üçün polis əməkdaşına oğru demişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞnin YPX inspektoru X4 izahatında göstərmişdir ki, 22 sentyabr 2025-ci il tarixdə təxminən saat 07:30 radələrində Nizami rayonu ərazisində qarşısında hərəkət edən “Kia Sorento” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “saxla” əmrinə tabe olmamış, avtomobili səkinin üzərinə qaldıraraq hərəkət etdirib ağaclıq olan hissədə saxlamış, avtomobili tərk edib həmin ərazidən qaçaraq uzaqlaşmışdır. Onlar da həmin “Kia” markalı avtomobili evakuator vasitəsi ilə mühafizə olunan duracağa yerləşdirmişlər. Daha sonra həmin şəxs 102 qaynar xəttinə zəng vuraraq avtomobilin oğurlanması barədə yalandan şikayət bildirmişdir. Sürücü 25-ci PŞ-nin 22 sentyabr 2025-ci il tarixdə xidmətdə olan əməliyyat qrupunun zənginə məhəl qoymayaraq şöbəyə yaxınlaşmamışdır. Raport yazmaqla həmin şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol, həmin şəxsin 22 sentyabr 2025-ci il tarixdə təxminən saat 07:30 radələrində ünvan 2 ünvanında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı tərtib edilmişdir. Hansı ki, məhkəmə iclasında həmin hal öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X2 izahatları ilə müəyyən olunmuşdur ki, Şəxs Yol-patrul xidməti inspektorunun nəqliyyat vasitəsini saxlaması barəsə göstərişindən sonra avtomobili səkidə saxlayaraq, avtomobili tərk edib həmin ərazidən uzaqlaşmışdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Qanunun mənasına görə, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətin yaranması üçün polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra etməli, inzibati xətanın subyekti isə onların qanuni tələblərinə qəsdən tabe olmamalıdır. Hazırkı halda isə, məhkəmə tədqiqi zamanı Şəxs istinad edilən xətanı törətməsi işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunmuşdur, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin mənası baxımından inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübut etmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lakin qanunun həmin tələbinə əməl edilməmiş, Şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Şəxs polis işçisi ilə bilvasitə ünsiyyətdə olmamış və bundan irəli gələrək də ondan hər hansı tələb olmamışdır. Nəzərə alınmalıdır ki, Şəxs yalnız nəqliyyat vasitəsini hansısa məkanda saxlayaraq düşüb getmişdir. Müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi isə, İXM-nin 327.3-cü maddəsinin təsiri altına düşür. Belə olan halda, həmin şəxsin əməli İXM-nin 535.1-ci maddəsində qeyd olunmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, onun əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Ona görə iş üzrə xitam verilməli, bundan başqa, o, məhkəmə iclas zalında dərhal tutmadan azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət (iş saatları) üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 4 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X7 müvafiq hesablaşma hesabı üzərindən 44 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4564/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4564/2025
24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver