Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4599/2023 04.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, Dadiyev Fərahim Balaş oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X3, tələbkar X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Alxasova (Süleymanova) Sabrina Cavidovnanın və onun müdafiəçisi – Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1970-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Alxasova (Süleymanova) Sabrina Cavidovnanın barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(101)-91/2013 saylı icra vərəqəsindən görünür ki, Alxasova (Süleymanova) Sabrina X1 dəymiş maddi zərərə görə 6600 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq X6 ödənilməsi qərara alınmışdır. İnzibati iş üzrə materiallardan görünür ki, icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli “icra tədbirlərinin davam etdirilməsi haqqında” qərar ilə xx.xx.2013-cü il tarixli, 1(101)-91/2013 saylı icra sənədi üzrə icra tədbirləri davam etdirilmiş və borclu Alxasova (Süleymanova) Sabrina Cavidovnaya bu barədə məlumatlar göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Alxasova (Süleymanova) X7 rayon İcra Şöbəsinin icraatında olan xx.xx.2013-cü il tarixli, 1(101)-91/2013 saylı icra sənədinin icrasını təmin etməmiş, tələbkarın xeyrinə ümumilikdə 5070 manat pul ödənilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Nizami rayon İcra Şöbəsinin icra məmuru X8 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatında Alxasova (Süleymanova) Sabrina Cavidovna barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(101)-91/2013 saylı icra vərəqəsi üzrə icra işi mövcuddur, icra sənədinin icrasına başlanılmış, xx.xx.2022-ci il tarixdə “icra tədbirlərinin davam etdirilməsi haqqında” qərar qəbul edilmiş, borclu Alxasova (Süleymanova) Sabrina Cavidovnaya bu barədə məlumat göndərilmişdir. Borclu icra sənədi üzrə toplanmış borcu uzun müddət keçməsinə baxmayaraq tamamilə ödəməmişdir. Məhkəmə iclasında tələbkar X10 izahatında bildirdi ki, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icraatında olan icra işi üzrə yaranmış borcdan borclu Alxasova (Süleymanova) Sabrina Cavidovna hal-hazırda ona 800 manat ödəmişdir. Tələbkar buna dair ərizəsini məhkəməyə təqdim edərək qeyd olunanlara əsasən, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Alxasova (Süleymanova) Sabrina Cavidovna izahatında göstərmişdir ki, icra sənədindən məlumatı var, mütəmadi olaraq borcundan ödənişlər edir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 300 manat ödəniş etmişdir, hazırda da 800 manat ödəniş etməyə imkanı çatır. Qalan məbləği də hissə-hissə ödəyəcəkdir. Borcun ödənilməsindən yayınmır. Qeyd olunanlara əsasən, məhkəmədən barəsindəki inizbati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X11 borclunun borcun ödənməsindən qərəzli olaraq yayınmadığını, mütəmadi ödənişlər etdiyini, hazırda 800 manat ödəniş etdiyini və qalan məbləği də hissə-hissə ödəyəcəyini nəzərə alaraq məhkəmədən barəsindəki inizbati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Alxasova (Süleymanova) Sabrina Cavidovnanın barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan qəbzin surətindən görünür ki, borclu tərəfindən sonuncu dəfə xx.xx.2023-cü il tarixdə tələbkar X4 xeyrinə 300 manat ödəniş edilmişdir. Məhkəmə iclasında tələbkar tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizə ilə və proses iştirakçılarının izahatları ilə müəyyən olundu ki, borclu Alxasova (Süleymanova) Sabrina Cavidovna tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(101)-91/2013 saylı icra vərəqəsi üzrə yaranmış borcdan 800 manat məbləğində tələbkara ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, borclu Alxasova (Süleymanova) Sabrina Cavidovnanın tələbkara mütəmadi olaraq müəyyən məbləğlərdə ödənişlər etməsi, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Alxasova (Süleymanova) Sabrina Cavidovnanın əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Alxasova (Süleymanova) Sabrina Cavidovnanın barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Alxasova (Süleymanova) Sabrina Cavidovnanın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Alxasova (Süleymanova) Sabrina Cavidovnaya 5 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X9 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 30 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-4599/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4599/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver