Məhkəmə qərarları › İş №3(007)-46/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-46/2022

13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-46/2022 13.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X2 nümayəndəsi və vəkili, “Yusifbəyli və partnyorları” vəkil bürosunun vəkili X3, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, X2 Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin 30 noyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin 30 noyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin baş inspektoru X8 tərəfindən tərtib edilmiş 19.11.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 30.11.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Həmin qərar aşağıdakılara görə ləgv edilməlidir: 19.11.2021-cı il tarixdə saat 07:40-da “Chevrolet minik” markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilini Heydər Əliyev prospektində şəhər mərkəzi istiqamətində soldan 1-ci zolaqla saatda təxminən 90-100 km sürətlə idarə etmişdir. Eyni istiqamətdə ondan qabaqda olan “Ford” markalı avtomobilin onun hərəkət zolağında qəflətən dayandığını görüb onunla toqquşmanın qarşısını almaq üçün ayağını sürət pedalından götürüb əyləci basaraq tormoz əməliyyatı aparmış, avtomobili tormoz vəziyyətində gedib qarşıdakı həmin “Ford” markalı avtomobilin arxa hissəsinə dəyib dayanmışdır. Yüksək sürət üçün nəzərdə tutulmuş yolun sağına və soluna manevr etməyə də risk etməmişdir, ona görə ki, yolun sol tərəfi beton arakəsmə, sağ tərəf ikinci hərəkət zolağında avtomobillərin sürətli hərəkəti toqquşmaya, ağır nəticələrə səbəb olardı. O, avtomobilinin hərəkət zolağında hadisənin-toqquşmanın qarşısını almaq üçün tədbir görmüşdür, yəni tormozlama əməliyyatı aparmışdır. İdarə etdiyi avtomobilin hadisə yerində buraxdığı tormoz yolu da həmin halı təsdiq edir. Hadisədə onun təqsiri yoxdur. Qəzaya səbəb qarşıdakı “Ford” markalı avtomobilin ara məsafəsi qaydalarını pozmaqla qəflətən yolun hərəkət hissəsində dayanması olmuşdur. Həmin “Ford” avtomobili qarşısındakı “Kia Rio” markalı avtomobilə münasibətdə qaydalara uyğun ara məsafəsi saxlamış olsaydı və öz hərəkətinə qarşıda olan təhlükə barədə arxadan hərəkətdə olan avtomobilə vaxtında xəbərdarlıq siqnalı vermiş olsaydı, “Kia Rio” markalı avtomobillə toqquşmazdı. Dayanma və durma dedikdə nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sag tərəfində-yol çiynində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin bir cərgəsində dayanmasına və durmasına icazə verilməsi başa düşülür. Baş vermiş yol-nəqliyyat hadisəsində təqsirkar ara məsafəsi saxlamayan və eyni zamanda idarə etdiyi avtomobili yolun hərəkət hissəsində qəflətən dayandıran ** DK *** dövlət nömrə nişanlı “Ford” markalı avtomobilin sürücüsü Məhəmmədəli Səmədov olmuşdur. “Kia Rio” markalı avtomobilin sürücüsü tərəfindən də eyni qaydaların pozulması istisna deyildir. Qeyd edir ki, hadisə yerinə gələn yol polisi onun israrlı tələblərinə baxmayaraq hadisə yerində ölçü işləri aparmamış, avtomobilinin hadisə yerində buraxdığı tormoz yolunun uzunluğunu, avtomobillərin toqquşma nöqtəsindən yolun sağ və sol kənarlarına və avtomobillərə qədər olan məsafələri ölçməmişdir. Demişdir ki, görüntünəzarət kameralarında hər şey var. Hadisə yerində avtomobillərin toqquşma nöqtəsi, avtomobilinin buraxdığı tormoz yolu, toqquşmadan sonra avtomobilinin yolun sol tərəfinə və sag hərəkət zolağına nisbətdə dayandığı vəziyyət aydın müşahidə olunmuşdur. Bütün bunlardan başqa, hadisə yerindəki yolda videomüşahidə kameraları fəaliyyət göstərir. Odur ki, hadisənin baş verməsinə səbəb olan vəziyyəti, hadisənin baş vermə mexanizmini kiminsə xeyrinə dəyişmək mümkünsüzdür. Hadisənin görüntülərinin elektron daşıyıcıda surətinin ona verilməsini xahiş etmiş, hadisənin görüntüləri nədənsə ona verilməmişdir. Araşdırmanın uzadılması avtoqəzadan hadisə yerində yaranmış izlərin silinməsinə səbəb olur. Araşdırma zamanı izahatında ona tətbiq edilən inzibati tənbeh növü ilə razılaşmamışdır. Belə olan halda inzibati xəta haqqında protokolun 1 iş günü ərzində aidiyyatı üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilib-göndərilmədiyini deyə bilmir, ancaq polisdə izahat verdiyi gündən təxminən 2 gündən sonra sığortada işləyən “Kia Rio” markalı avtomobilin sürücüsü X1 telefon əlaqəsi yaradaraq bildirmişdir ki, hadisədə təqsirli olduğuna görə sığorta tərəfindən ona 2500 manat ödənilib, qalan 2500 manatı da o, həmin şəxsə ödəməlidir. Ona da bildirmişdir ki, hadisədə onun təqsiri yoxdur və araşdırma aparılır. Araşdırma başa çatmamış sığorta tərəfindən “Kia Rio” markalı avtomobilin sürücüsünə belə tez və şişirdilmiş pul məbləği ödənilməsi yalnız qanunsuzlugun nəticəsi ola bilərdi. Hesab edir ki, yuxarıda göstərdiyi mövcud şəraitdə tərəfindən inzibati xəta hadisəsi törədilməmiş, yol hərəkəti qaydaları pozulmamışdır, əməlində inzibati xəta tərkibi yoxdur. Əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-3222/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadı ilə barəsində inzibati xəta haqqında olan şikayəti rəsmi qaydada alınmadığıma görə və şikayətə əlavə edilmədiyinə görə geri qaytarıldıqdan sonra polis kapitanı X12 oglu tərəfindən 30.11.2021ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzərində imza edilməklə 23 dekabr 2021-ci il tarixdə ona təqdim edilmişdir. Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin baş inspektoru X12 oglu tərəfindən tərtib edilmiş 19.11.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 30.11.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 nümayəndəsi və vəkili X6 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, hesab edirlər ki, X2 inzibati xətanın törədilməsində təqsiri yoxdur, “Kia Rio” və “Ford” markalı avtomobillərin hərəkət və hərəkətsizliyi ilə hadisə arasında səbəbli əlaqə olmuşdur, hadisədə “Ford” markalı avtomobilin və “Kia Rio” markalı avtomobilin sürücüləri ona görə təqsirlidirlər ki, avtomobillərini yolda dayandırarkən tələb olunan qaydalara əməl etməmişlər. Ona görə hesab edirlər ki, baş vermiş yol-nəqliyyat hadisəsinin yoxlanılması ilə əlaqədar texnika sahəsində xüsusi bilik tələb olunduğundan iş üzrə ekspertiza təyin olunmalıdır. Qeyd olunanlara əsasən iş üzrə ekspertiza təyin olunmasını, əks halda şikayətin təmin olunaraq mübahisələndirilən qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin nümayəndəsi X7 şikayətin dəlilləri ilə razılaşmayıb göstərmişdir ki, qərardan şikayət vermiş X2 şikayətində göstərilənlərin əsası yoxdur, inzibati xəta hadisəsini onun törətməsi və əməldə onun təqsirinin olması işin mübahisəsiz halıdır, ona görə də iş üzrə ekspertiza təyin olunması üçün hər hansı əsas yoxdur. X5 tərəfindən “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin İ hissəsinin tələbləri pozulmuşdur. Şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin YPX inspektoru X8 tərəfindən tərtib olunmuş 20 noyabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 19 noyabr 2021-ci il tarixdə saat 07:40-da “Chevrolet Cruze minik” markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X5 tərəfindən Bakı şəhəri, H.Əliyev prospektində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; -Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin 30 noyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X5 19 noyabr 2021-ci il tarixdə saat 07:40-da “Chevrolet Cruze minik” markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, H.Əliyev prospektində idarə edərkən araməsafəsi qaydalarını pozaraq, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyinə görə 20 noyabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 19 noyabr 2021-ci il tarixdə saat 07:40-da “Chevrolet Cruze minik” markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, H.Əliyev prospektində etibarnamə olmadan idarə edərkən araməsafəsi qaydalarını pozaraq, digər nəqliyyat vasitəsi ilə toqquşduğuna görə barəsində 20 noyabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin 30 noyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ilə, qeyd olunan inzibati xəta haqqında protokola əsasən, Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. X5 qərardan verdiyi şikayətdə, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar ara məsafəsi saxlamayan və eyni zamanda idarə etdiyi avtomobili yolun hərəkət hissəsində qəflətən dayandıran ** DK *** dövlət nömrə nişanlı “Ford” markalı avtomobilin sürücüsü olduğunu qeyd etməklə şikayətini əsaslandırmışdır. Halbuki, “Yol hərəkəti haqqında” Qanununun 50-ci maddəsinin İ hissəsində nəzərdə tutulan tələblər, nəticə etibarı ilə inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmuşdur, onun şikayətində irəli sürülən dəlillər mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas hesab oluna bilməz. O cümlədən işin faktiki hallarının müəyyən edilməsi xüsusi bilik tələb etmədiyindən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının təyin olunaraq keçirilməsinə əsas yoxdur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə inzibati qaydada tənbeh edilməsi barədə 30 noyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2, Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin 30 noyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar