Məhkəmə qərarları › İş №3(007)-46/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-46/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-46/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 17 dekabr 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvan üzrə Bakı şəhəri Nizami rayonunda qeydə alınmış "xxxx" ASC tərəfindən, Mərkəzi Bankın 25 sentyabr 2024-cü il tarixli 6-1-26/2-8031/2024 nömrəli məktubu ilə tələb edilən sənəd (2023-cü ilə dair emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında 08 oktyabr 2024-cü il tarixdə törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstəmişdir ki, inzibati xəta haqqında protokolun tərtibindən sonra müvafiq sənədlər kağız daşıyıcıda Mərkəzi Banka göndərilmişdir. Hansı ki, tələb olunan sənədlər 25 sentyabr 2024-cü il tarixdə məktubda qeyd olunan müddətdə təqdim edilməli idi və sənədlərin elektron poçt ünvanına göndərilməsinin mümkünlüyünü də məktubda qeyd etmişlər. Lakin məktubun icrası təmin edilməmişdir. "xxxx" ASC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, 2023-cü ilin illik hesabatını göndərmişdir, lakin iş yükü çox olduğundan qarışıqlığa düşmüş, bu səbəbdən Mərkəzi Bankın 25 sentyabr 2024-cü ilk tarixli məktubunda qeyd olunan sənəd gec göndərilmişdir. Qeyd etdiklərini nəzərə alaraq, ASC-nin barəsində cərimə tətbiq olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ASC-yə ünvanlanmış 25 sentyabr 2024-cü il tarixli 6-1-26/2-8031/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1.2-ci və 107-1.3-cü maddələrinə əsasən səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec, ildə bir dəfədən az olmayaraq çağırılmalıdır. Eyni zamanda “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on iş günündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) təqdim edilir. Emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır. Qeyd olunanları nəzərə alaraq 2023-cü ilə dair emitentin illik hesabatını 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim etmələri xahiş olunmuş, əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmiş, məsələnin daha operativ həlli məqsədilə poçt vasitəsi ilə yanaşı sənədlərin müvafiq elektron poçt ünvanına göndərilməsinin mümkünlüyü qeyd olunmuşdur. -Sürətli poçt xidmətinə aid poçt qəbzinin surətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ASC-yə ünvanlanmış 25 sentyabr 2024-cü il tarixli 6-1-26/2-8031/2024 nömrəli məktubu 30 sentyabr 2024-cü il tarixdə ASC-nin “Hacıyev” soyadlı əməkdaşı tərəfindən imza edilməklə alınmışdır. -Məhkəməyə təqdim edilmiş hesabatdan və poçt qəbzindən görünür ki, Mərkəzi Bankın 25 sentyabr 2024-cü il tarixli 6-1-26/2-8031/2024 nömrəli məktubu ilə tələb edilən sənəd, yəni 2023-cü ilə dair emitentin illik hesabatı Mərkəzi Banka göndərilməsi üçün "xxxx" ASC tərəfindən 14 yanvar 2025-ci il tarixdə (hazırkı prosesdən 2 gün əvvəl) poçta təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin mənasına görə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinin tərkibini yaradır. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" ASC tərəfindən Mərkəzi Bankın rəsmi məktubu ilə tələb edilən, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsində nəzərdə tutulmuş sənəd, yəni "xxxx" ASC-nin 2023-cü ilə dair emitentin illik hesabatı 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla ASC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə tədqiqi zamanı İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar (inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri və s.) müəyyən edilmişdir. İnzibati xəta haqqında işin icraatını istisna edən və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməklə işin icraatına xitam verilməsi üçün əsas hesab olunacaq hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs "xxxx" ASC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar