Məhkəmə qərarları › İş №3(007)-4600/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4600/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4600/2023 28.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X1, həmin İdarənin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X4, MMC-nin nümayəndələri-“Ekol” vəkil bürosunun vəkilləri Vəkil1 və Vəkil2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 233.1, 237.2, 266.2, 271, 275.1.1 və 275.2-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 30 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən 30 avqust 2023-cü il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-nin fəaliyyəti ilə əlaqədar ekoloji ekspertiza rəyinin olmadığı, qaz-toz tutucu qurğunun istismar qaydalarının pozulduğu, ATM havaya atılan zərərli maddələrin, ətraf mühitə atılan səs-küyün yol verilən normalardan artıq olduğu, tullantıların qalaqlandığı və emal yerinin müəyyənləşdirilməməsi aşkar Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Vəkil2 tərəfindən protokola dair yazılı etiraz verilmiş, etiraz onunla əsaslandırılmışdır ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində 30 avqust 2023cü il tarixli, MN №1763891 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən Şəxs MMC guya, qaz-toz tutucu qurğuların istismar qaydalarının pozulduğu, havaya atılan zərərli maddələrin, ətraf mühitə atılan səs-küyün yol verilən həddən artıq olduğu tullantıların qalaqlandığı və emal yerlərinin müəyyənləşdirilməməsinə görə İXM-nin 233.1, 237.2, 266.2, 271, 275.1.1 və 275.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə inzibati icraatın başlanılmasına Nizami rayonu, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsi sakinlərinin müraciəti əsas olması qeyd edilsə də, inzibati orqan tərəfindən məhkəməyə təqdim edilən iş materiallarında şikayətçilərin şəxsiyyəti, ünvanı, ümumiyyətlə həmin ünvanda məskunlaşıb-məskunlaşmadıqları, hansı hüquqi əsasla məskunlaşdıqlarını, ən əsası fəaliyyətindən şikayət edilən istehsalat subyektinin məhz yoxlamaların aparıldığı Şəxs MMC olduğunu müəyyən edə biləcək mühüm məlumatlar mövcud deyil. Həmçinin müəssisənin yerləşdiyi ərazidə onun fəaliyyəti ilə eyni və ya oxşar növ fəaliyyətlə məşğul olan başqa bir çox müəssisələr-istehsalat subyektləri də mövcuddur, həmin obyektlərə münasibətdə heç bir monitorinq tətbiq olunmamış, yalnız Şəxs MMC ilə bağlı belə “prinsipiallıq” göstərilməsi şübhəli olmaqla yanaşı, hamının qanun qarşısında bərabərliyi prinsipinə və yoxlamaların keçirilməsi ilə bağlı müvafiq prosessual normalara zidd olmaqla monitorinq keçirilmişdir. İlk olaraq aparılan yoxlamalar qərəzli və biryönlü olmaqla mövcud maddi və prosessual normaların kobud pozulması ilə aparılmış və nəticəsində tamamilə əsassız və qanunsuz 30 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati icraat aparılan Şəxs MMC-nin qanuni nümayəndəsinin icraatda iştirakı təmin edilməmiş, iş materialları ilə onlar məhkəmənin icraatına daxil olduqdan sonra tanış olma imkanı əldə etmişdir. Yəni, nə sözügedən protokol, nə də digər icraat materialları şəxsə bu günədək rəsmi təqdim edilməmişdir. İş materiallarında müəssisədə ətraf mühitə atılan zərərli qaz qarışığı miqdarının normadan artıq olduğu qeyd edilsə də, həmin halın aşkar və müəyyən edilməsi məqsədilə hansı qurğu avadanlıq və ya cihaz gətirilərək istifadə olunduğu, habelə onun texniki göstəriciləri barədə hər hansı məlumat sözügedən inzibati tənbeh haqqında protokolda öz əksini tapmamışdır. Halbuki, sözügedən hal mürəkkəb prosedur olan və yalnız xüsusi qurğu və avadanlıqlar vasitəsilə müəyyən edilməli olan zərərli maddələrin normadan artıq ətraf mühitə buraxılmasının aşkar edilməsini qeyri-mümkün edir. Belə olanda yoxlayıcıların barəsində inzibati icraat aparılan şəxsin törədildiyi istinad edilən inzibati xətanın bütün tərkib əlamətlərini necə müəyyən etdiyi sual altındadır. Bu isə qanunvericiliyə uyğun olaraq hüquqlarını müdafiə etdiyi şəxsin məsluliyyətini tam şəkildə aradan qaldırır. İstinad edilən inzibati xətanın müəyyən edilməsi yalnız xüsusi qurğular vasitəsilə mümkündür. Belə qurğulardan səlahiyyəli şəxslər tərəfindən istifadə edilmədiyi bütün iş materialları ilə öz təsdiqini tapmaqdadır. Bundan əlavə, yoxlama keçirilməsi zamanı müəssisədəki istehsalat zamanı ətraf mühitə yayılan səs-küyün miqdarının normalara uyğunluğunu ölçmək üçün istifadə olunan texniki vasitənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müvafiq sertifikatının olub-olmaması və metereoloji sınaqdan keçməsinə dair, eləcə də ölçümün necə və hansı şəraitdə keçirilməsi ilə əlaqədar məlumat inzibati icraat materiallarına əlavə edilməmişdir. İcra hakimiyyəti orqanı məhz sahibkarların və hüquqi şəxslərin analoji qaydada inzibati xəta törətməsinin qarşısını almaq və profilaktikası məqsədilə müvafiq dövlət orqanları qarşısında tələblər müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2002-ci il tarixli, 63 saylı qərarı ilə təsdiq edilmiş “Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi haqqında” Qaydanın 3.1-ci yarımbəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və onun müvafiq qurumlarının atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar hüquqları təsbit edilmişdir. Həmin qurumlar ilk öncə mənsubiyyətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlardan, eləcə də vəzifəli şəxslərdən və vətəndaşlardan atmosfer havasının mühafizəsinə dair müvafiq tədbirlərin keçirilməsini tələb etməlidirlər. Konkret halda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi bu normaya əməl etməyərək hər hansı xəbərdarlıq formasında və ya digər formada tələb ifadə etmədən birbaşa qanunsuz və əsassız olaraq inzibati tənbeh tətbiq etmişdir. Göstərilənlərə əsasən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 30 avqust 2023-cü il tarixli, MN №1763891 saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi və Şəxs MMC barəsində inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X5 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, yoxlama aparılması zərurəti çoxsaylı vətəndaş müraciətləri, ərazidə yaşayan sakinlərin şikayətləri əsasında yaranmışdır. Yoxlama zamanı şikayətlərdə və inzibati xəta haqqında protokolda qeyd olunanlar öz təsdiqini tapmış, akt tərtib olunmuş, zəruri sənədləşmə işləri aparılmışdır. Yoxlama zamanı həmçinin, müəyyən etmişlər ki, qaz-toz tutucu boru kənara qoyulmuşdur, işlək vəziyyətdə deyildir. MMC-nin direktoru X9 şəxsən yoxlamanın işində iştirak etmiş, onda olan müvafiq sənədləri təqdim etmiş, məlumatları vermiş, yazılı izahatında da yol verilən xətaları etiraf etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, təqdim edilmiş yazılı etirazda göstərilənlərin əsası yoxdur, hüquqi şəxsi təmsil edən şəxslər protokolla və təqdim olunmuş sənədlərlə tanış olsalar aydın olardı ki, hansı ölçmə vasitələri, aparatlarla və hansı qaydada ölçmə işləri aparılmış, yoxlama keçirilmişdir. Həm də MMC-nin rəhbərinin iştirakı təmin edilməklə ondan yazılı izahat da alınmışdır, hansı ki, o, törədilmiş inzibati xətanı tam etiraf etmişdir. Eləcə də yoxlamanın keçiriləcəyinə dair qərar və bununla bağlı digər sənədlər də hüquqi şəxsin rəhbərliyinə rəsmi qaydada təqdim olunmuşdur, onlar imza edərək sənədləri almışlar, bundan sonra yoxlamaya başlanılmışdır. Bunu təsdiq edən sübutları və ölçmə işlərinin aparıldığı texniki avadanlığa dair sertifikatı məhkəməyə təqdim etmişlər. Bununla yanaşı, tərəflərindən müəssisəyə icrası məcburi olan yazılı göstəriş verilsə də, icrası barədə məlumat indiyədək verilməmişdir. Halbuki, inzibati məsuliyyətə cəlb edilməsi şəxsi, öhdəliklərini icra etməkdən azad etmir. İnzibati xəta Şəxs MMC-nin ərazisində aşkar olunmuşdur, ərazi hasara alınmışdır, qapalı yerdir, ətrafda isə belə xətaları törədəcək müəssisə yoxdur. Olsa da belə, onların müvafiq qərar qəbul olunmadan həmin müəssisələrin fəaliyyətini yoxlamaq, işlərinə müdaxilə etmək səlahiyyətləri yoxdur. İş materialları ilə öz təsdiqini tapır ki, onlar yoxlamanı və ilkin araşdırmanı qanunvericiliyin tələblərinə uyğun aparmışlar. Şəxs MMC-nin törətdiyi inzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X9 izahatında göstərmişdir ki, Şəxs MMC yeni, 2020-ci ildə yaradılmış müəssisədir, təzə-təzə işləməyə başlamışlar, hələ də problemlər olur. Təbii ki, zərər varsa aradan qaldırmaq istəyirlər. Onlara yazılı bildiriş verilsə də nəticəsi gözlənilmədən 5 gün sonra protokol tərtib edilmişdir. Həmçinin ərazi onlara məxsus deyildir, onlar yalnız sex daxilində fəaliyyət göstərirlər. Tullantılar onlara aiddir, amma müqavilələri olan orqan gəlib aparmamışdır. Yoxlamanın işində sonradan iştirak etmişdir. Ərazidə daimi yaşayış yeri yoxdur, toz olmur, orada səs-küy ola və kimisə narahat edə bilməz. Ekologiya əməkdaşlarının onlara qarşı qərəzli yoxlama aparacaqlarını gözləməmişlər. Barələrində tərtib olunmuş protokol əsasında külli miqdarda cərimənin təyin olunması müəssisənin fəaliyyətinin dayanması ilə nəticələnə bilər. İnzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi (vəkil) Vəkil2 yazılı etirazda göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, inzibati icraat qərəzli aparılmışdır, dövlətin sahibkarlıq fəaliyyəti sahəsindəki siyasətinə ziddir, sahibkar sıxışdırılır, sonra bezib sahibkarlıq fəaliyyəti ilə məşğul olmurlar, bu cür qısnamalar nəticəsində ölkə iqtisadiyyatına zərbə yetirilir, həm də məhkəmələrə əlavə iş yükü yaranır. İnzibati araşdırmanın kobud qanun pozuntuları ilə aparılmasını, prosessual normaların tapdaq altında qalmasını, yazılı etirazda qeyd olunanları nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi (vəkil) Vəkil1 həmkarının yazılı etirazında irəli sürdüyü dəlillərlə razılaşmaqla yanaşı, göstərmişdir ki, Şəxs MMC-nin yerləşdiyi ərazi yaşayış sahəsi yox, qeyri-yaşayış sahəsidir, müraciət edən vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlər yoxdur. İnzibati orqan tərəfindən həm bildiriş verilir ki, “pozuntular” aradan qaldırılsın, həm də inzibati xəta haqqında protokol tərtib edilir. Ərazi başqa müəssisənin ərazisidir, törədilməsi ehtimal olunan xətanın məhz MMC-yə məxsus ərazidə baş verməsi, aşkar olunması öz təsdiqini tapmır. Ölçü işlərinin şəffaf və düzgün aparılması üçün ərazidəki müəssisələr işlərini dayandırmalı idilər ki, sakit hava şəraitində ölçmə aparılsın. Ümumiyyətlə, inzibati araşdırma səthi aparılmış, zəruri sübutlar götürülməmiş və təqdim edilməmişdir. Şəxs MMC-nin təqsirli olmasına dair sübutlar əldə edilmədiyinə görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsinin sakinləri Məhluqə Tağıyevanın 07 avqust 2023-cü il tarixdə, Nailə Talıbovanın 08 avqust 2023-cü il tarixdə etdikləri müraciətlərindən, habelə həmin küçənin sakinləri Nailə Talıbova, Nigarə Kərimova, Məhluqə Tağıyeva, Yaqub Tağıyev və Əfsanə Abidova tərəfindən 11 saylı Regional Ekologiya İdarəsinə ünvanlanmış birgə ərizələrdən görünür ki, onlar, yaşadıqları ərazidə fəaliyyət göstərən dəmir əritmə zavodundan çıxan zəhərli tüstünün orada yaşayan uşaqları xəstə etdiyi, səs-küyün sakinləri narahat etdiyi, dəfələrlə şikayət etmələrinə baxmayaraq, heç bir tədbir görülmədiyi barədə şikayətlərini bildirmişlər, həmin müraciətlər Nazirlikdə və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində “Qeydiyyat-nəzarət vərəqəsi” üzrə qeydə alınaraq, müraciətləri araşdırılması üçün aidiyyəti üzrə həvalə edilmişdir; -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları X5, X12 və X10 tərəfindən Şəxs MMC-nin direktoru X4 iştirakı ilə tərtib olunmuş 30 avqust 2023-cü il tarixli 82025 nömrəli aktdan görünür ki, 28 - 30 avqust 2023-cü il tarixlərdə ünvan 2 ünvanında fəaliyyət göstərən Şəxs MMC-də yoxlama zamanı aşağıdakılar aşkar edilmişdir: Azərbaycan Respublikasının Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin KY231950248 saylı Çıxarışına və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 avqust 2023-cü il tarixli 236 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, A.Mirzəyev 60 ünvanında Şəxs MMC-nin metal əritmə və metal yayma sahəsində “Ətraf mühitin mühafizəsi haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət olunmasının yoxlanılması məqsədilə MMC-nin direktoru X4 Vergilər Nazirliyi tərəfindən hüquqi şəxs qismində qeydiyyata alınaraq şəhadətnamə aldığı, "xxxx" ASC-nin idarə heyətinin sədri X3 və icarə müqaviləsi əsasında ASC-nin ərazisində dəmir bəzəklər və içli naxışlı dördkünc metal məhsullar istehsalı (metalın əridilməsi, döyülməsi, preslənməsi, ştamplanması və s.) ilə məşğul olduğu məlum olmuş, lakin plandankənar yoxlamanın başlanması və qurtarması barədə qeydiyyatla bağlı nəzarət kitabının olmadığı müəyyən edildi. KY231950248 saylı plandankənar Çıxarışda qeyd edilən 448 reyestr nömrəli sual “Ətraf mühitə zərərli fiziki təsirlərin qarşısının alınması üzrə zəruri tədbirlərin görülübgörülməməsi” üzrə araşdırma aparılarkən istehsal fəaliyyəti zamanı ətraf mühitə yayılan zərərli fiziki təsirlərin qarşısının alınması üçün tədbirlərin görülmədiyi və istehsalat sahəsinin qapalı olmadığı və ətraf ərazilərdə səs-küyün olduğu müşahidə edildi. X14 Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən istehsalat sahəsindən ətraf mühitə fiziki təsirlərin ölçülməsi məqsədilə ətraf ərazilərdə müvafiq qaydada ölçmə işləri aparılarkən səs-küy səviyyəsinin miqdarının 63-66 dBA (norma 60 dBA) təşkil edərək ətraf mühit üçün yol verilə bilən hədd normativlərindən çox olduğu müəyyənləşdirilərək 30 avqust 2023-cü il tarixli 000981 nömrəli akt tərtib edilmişdir. 463 reyestr nömrəli sual “Müəssisəsinin istifadəsində olan ümumi torpaq sahəsinin təyinatı üzrə istifadə olunub-olunmaması” üzrə araşdırma aparılarkən Şəxs MMC-nin "xxxx" ASC-nin ərazisində fəaliyyət göstərdiyi, lakin ərazinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışı təqdim edilmədiyi üçün həmin ərazinin hal-hazırda təyinatı üzrə istifadə edilib-edilməməsini dəqiq müəyyən etmək mümkün olmamışdır. 464 reyestr nömrəli sual “Müəssisədə qaz təmizləyici və toztutucu qurğuların olub-olmaması” üzrə, mütəşəkkil və qeyri-mütəşəkkil mənbələrin parametrlərinin qanuna müvafiq olub-olmaması” üzrə araşdırma aparılarkən X9 müəssisənin toztutucu qurğusunun “Texniki pasportu”nu təqdim etmiş, lakin istehsalat sahəsinə baxış keçirilərkən istehsal prosesi qurğusunun istismar qaydalarının pozulduğu, qaz-toztutucu qurğudan istifadə olunmadığı məlum olmuş və X14 Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən müvafiq qaydada ölçmə işləri aparılarkən ətraf mühitə atılan zərərli qaz (CO - dəm qazı) qarışığının miqdarının 7.1 mq3 (norma 5 mq3) təşkil etdiyi müəyyən edilmişdir. (xx.xx.2023-cü il tarixli 000981 nömrəli aktla) 465 reyestr nömrəli sual “Müəssisədə təhlükəli və təhlükəsiz tullantıların idarə olunması vəziyyəti” üzrə araşdırma aparılarkən X9 bununla bağlı alqı-satqı müqaviləsini təqdim etmiş, lakin əraziyə baxış keçirilərkən tullantıların daşınmadığı, tullantı emalı yerlərinin müəyyənləşdirilmədiyi müəyyən edildi. 931 reyestr nömrəli sual “Ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsi”nə dövlət ekoloji ekpsertizasının rəyi üzrə araşdırma aparılarkən X9 “Təhlükəli tullantıların inventarlarlaşdırılması və pasportlarını” təqdim etdi, lakin müəssisənin fəaliyyətinə dair X8 Agentliyinin müsbət ekspertiza rəyinin olmadığı məlum oldu. Şəxs MMC-nin direktoru X6 hüquq və vəzifələri izah edildi, aşkar edilmiş nöqsanlar barədə ona məlumat verildi. O, yazılı izahatında yoxlama ilə bağlı heç bir iradının olmadığını və nöqsanların qısa zamanda aradan qaldırılacağını bildirdi. Nəticədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 796 saylı Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küyün normaları”nın Cədvəl 1 üzrə 16-cı bəndinin, Azərbaycan Respublikasının “Atmosferin mühafizəsi haqqında” Qanununun 13, 22 və 28-ci, “Tullantılar haqqında” Qanunun 6, 8, 9, 11 və 12-ci maddələrinin tələbi pozulmuşdur. Toplanmış materiallar, ərazinin fotoşəkilləri akta əlavə olunmuşdur; -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X16 Monitorinq İdarəsinin əməkdaşı Telman İsmayılov, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Amir Seyidli və Toğrul Həsənzadə tərəfindən Şəxs MMC-nin nümayəndəsi Behnam İsmayılovun iştirakı ilə tərtib olunmuş 28-30 avqust 2023-cü il tarixli 000981 nömrəli aktdan görünür ki, ünvan 2 ünvanında fəaliyyət göstərən Şəxs MMC-də monitorinq keçirilmişdir. Monitorinq saat 12:50-dən 13:40-dək sabit hava şəraitində keçirilmişdir. Monitorinq ölçmə işləri müəssisə fəaliyyətdə olan zaman müəssisənin ətragf ərazilərində, səyyar cihaz PCE-322-A vasitəsi ilə səs-küy çirklənməsi ölçülmüşdür. Ölçmənin nəticələrinə görə səs-küy 63-66 dBA (norma 60 dBA) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Bundan əlavə baxış zamanı məlum oldu ki, müəssisədə qaz toz-tutucu təmizləyici qurğu istismarda deyil. Atmosferə atılan zərərli qaz qalıqlarını müəyyən etmək üçün BOSEAN səyyar cihaz vasitəsi ilə ölçmə analiz işləri aparıldı. Ölçmənin nəticələrinə görə CO - (dəm qazı) 7,1 mq/m3 (norma CO mq/m3) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Ölçmə zamanı çəkilmiş fotoşəkillər akta əlavə olunmuşdur; -Şəxs MMC-nin direktoru X4 30 avqust 2023-cü il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verdiyi yazılı izahatdan görünür ki, o, aşağıdakı məzmunda izahat vermişdir: “Yazıb Sizə bildirirəm ki, Nizami rayonu, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev 60 ünvanında fəaliyyət göstərən Şəxs MMC-nin direktorudur. Yoxlama onun iştirakı ilə aparılmışdır. Təqdim edilən suallara əsasən bildirmək istəyir ki, müəssisənin fəaliyyəti ilə bağlı ekologiyanın müsbət ekspertiza rəyinin olmadığı, bununla bağlı müraciətin edildiyi, müəssisənin toz-tutucu qurğusunun pasportunun olduğu, lakin müəyyən səbəblərə görə təmir məqsədi ilə quraşdırılmadığı və tullantıların daşınması ilə bağlı VYR Grup MMC ilə müqavilə bağlandığını bildirmək istəyir. Araşdırmalar müddətində baş vermiş nöqsanlarla bağlı məlumatlandırılmışdır, nöqsanların aradan qaldırılması üçün qısa zaman ərzində tədbirlər görəcəkdir. Araşdırma ilə bağlı heç bir iradı yoxdur. Xahiş edir, yuxarıda qeyd olunanları nəzərə alsınlar. İzahatı özü yazmışdır, əlavəsi yoxdur, imzası ilə təsdiqləyir”. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 avqust 2023-cü il tarixli G-MG/2623- 062 nömrəli məcburi göstərişindən görünür ki, Şəxs MMC-də aparılmış araşdırma nəticəsində 30 avqust 2023-cü il tarixdə akt və prokol tərtib edilmişdir. Müəyyən olunmuşdur ki, müəssisə tərəfindən dəmir məmulatlar hazırlanan sexdə sobalardan atmosferə atılan tullantıların qarşının alınması məqsədilə müvafiq az-toz tutucu qurğunun istismar qaydaları pozulmuşdur, tullantıların idarə olunması vəziyyəti normal həyata keçirilmir, müəssisənin fəaliyyətinə dair X8 Agentliyi tərəfindən ekoloji ekspertiza rəyi alınmamışdır. Qeyd olunanlara əsasən hər biri üçün icra müddəti 20 gün olmaqla aşağıdakı tapşırıqlar verilmişdir: 1) Sexdə fəaliyyət zamanı sobalardan çıxan zərərli maddələrin (tullantının) ətrafa yayılmaması üçün müvafiq qaz-toz tutucu qurğunun istismar qaydalarına riayət olunsun; 2) Müəssisənin fəaliyyətinə dair X8 Agentliyindən müsbət ekoloji ekspertiza rəyi alınsın; 3) Müəssisədə istehsal zamanı yaranan tullantıların (təhlükəli və təhlükəsiz) daşınması təmin edilsin, müqavilə bağlanılsın; 4) Ətraf mühitə zərərli fiziki təsirlərin (səs-küy vibrasiya) qarşısının alınması üçün tədbirlər görülsün. - 10 fevral 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarədar "xxxx" ATSC ünvan 5 ünvanında yerləşən və ona məxsus olan istehsalat sahəsindən 1000 kv.m sahəni istehsal-xidmət məqsədi üçün icarəçi Şəxs MMC-nin icarəsinə vermişdir, müqavilə müddəti 10 fevral 2024-cü il tarixədək müəyyən edilmişdir; - 01 avqust 2023-cü il tarixli xidmət müqaviləsindən görünür ki, ünvan 5 ünvanında yerləşən istehsal-xidmət məqsədli istehsalat sahəsində utilizasiya və daşınma xidmətlərinin həyata keçirilməsi üçün sifarişçi Şəxs MMC tərəfindən podratçı "xxxx" MMC ilə müqavilə bağlanmış, müqavilə müddəti imzalandığı tarixdən 01 il müddətinə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, Şəxs MMC-nin məsuliyyətə cəlb edildiyi Azərbaycan Respublikası İXM-nin 275.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaya görə yalnız fiziki və vəzifəli şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur, hüquqi şəxsin isə həmin xətaya görə məsuliyyəti nəzərdə tutulmamışdır, ona görə də Şəxs MMC qeyd olunan xətanın subyekti hesab olunaraq onun inzibati məsuliyyət, təqsirlilik məsələsi həll edilə bilməz, həmin hissədə işin icraatına xitam verilməlidir. Məhkəmə digər inzibati xətalara münasibətdə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hansı ki, hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətaların xəta sayılması üçün onların hüquqi əlamətləri vardır, əməllər hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. Bu, inzibati araşdırma orqanına daxil olmuş müraciət və şikayətlər əsasında aparılmış yoxlama zamanı tərtib olunmuş 30 avqust 2023-cü il tarixli aktlar, foto şəkillər, toplanmış digər sübutlarla öz təsdiqini tapır. Xüsusən nəzərə alınmalıdır ki, inzibati orqan tərəfindən həyata keçirilmiş yoxlamanın işində iştirak edən hüquqi şəxs Şəxs MMC-nin direktoru X9 yazılı izahatında da yoxlama zamanı aşkar olunmuş nöqsanları, inzibati xətaları etiraf etmiş, qısa zaman ərzində nöqsanların aradan qaldırılacağını göstərmişdir. Məhkəmə hüquqi şəxsi təmsil edən şəxslərin hazırda irəli sürdükləri dəlillərlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediarındə dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2 və 99.3-cü maddələrinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırkı halda, müvafiq fiziki şəxslərin ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və digər bu kimi sahələrdə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq qaydada daxil olmuş müraciətləri qəbul olunaraq icrası aidiyyəti üzrə həvalə edilmişdir. Müraciətlərin yerində yoxlanılması zamanı isə məlumatların həqiqiliyi, inzibati xətaların əlamətlərinin olması müəyyən edilmiş və inzibati araşdırma başlanılmışdır, məlumatı vermiş şəxslərin və ya inzibati orqanın qərəzli olması barədə qənaətə gəlinməsi üçün əsaslar yoxdur. Yoxlamanın keçirilməsi barədə qərar, qərarın yoxlamaların vahid məlumat reyestrində qeydə alınması barədə çıxarış, yoxlama suallarının siyahısı və digər sənədlər hüquqi şəxsin rəhbərliyinə rəsmi qaydada təqdim edilmiş, ölçü işləri sertifikatı olan ölçmə vasitələri ilə, hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə həyata keçirilmişdir. Ümumilikdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi təmsil edən şəxslər tərəfindən irəli sürülən dəlillərin işin icraatını istisna edən hal, sübut qismində qəbul edilməsi üçün əsaslar yoxdur, hüquqi şəxsi məsuliyyətdən yayındırmağa xidmət edir. Bununla da, məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1, 237.2, 266.2, 271 və 275.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən xətalar düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 233.1, 237.2, 266.2, 271 və 275.2-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir; 237.2-ci maddəsinə əsasən ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir; 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir; 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir; 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127- 4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətaların xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikası İXM-nin 233.1, 237.2, 266.2, 271 və 275.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli, İXMnin 34.3-cü maddəsinin tələbinə əsasən və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına uyğun olaraq, barəsində daha ciddi xəta hesab olunan İXM-nin 237.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 275.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair hissədə işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 233.1, 237.2, 266.2, 271 və 275.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 237.2-ci maddəsi ilə barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar