Məhkəmə qərarları › İş №3(007)-4600/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4600/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4600/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 30 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Kamil Balakişiyev küçəsi 55 olan Şəxs MMC-yə məxsus klinikada 30 sentyabr 2024-cü il tarixdə saat 14:50-də keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (fizioterapiya) aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X9 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, direktor Şəxs MMC-yə məxsus klinikadakı yoxlama zamanı iştirak etmiş, qeyd edilən nöqsanları qəbul etmiş, aradan qaldıracağını bildirmişdir. Masajın növləri var, klinikada masajı kiminsə əsəblərini sakitləşdirmək üçün etmirlər, klinikada müalicəvi masaj edirlər, yəni orada masaja gətirilən xəstələr rahatlamaq üçün yox, müalicə üçün alırlar. Həkim yaxşı işlə məşğuldur, lakin lisenziya almalıdır. Şəxs MMCnin törətdiyi inzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X5 izahatında göstərmişdir ki, Şəxs MMC-yə məxsus klinikada yoxlama olmuş, onlara irad tutmuşlar ki, fizioterapiya ilə məşğuldurlar. Klinikada otaq ayırmışlar, uşaqların başını qatmaq üçün oranı qurmuşlar. Amma ora fizioterapiya yeri deyil, orada uşaqlar idman edirlər. Fizioterapiya üçün aparat da olmamışdır. Həmçinin onlarda fizioterapiya şöbəsi yoxdur. Bakının hər yerində masaj üçün yer var, hamısını cərimə edirlər? Uşaqlar klinikaya gəlib idman ediblər, uşaqlar idman etsin deyə şərait yaradıblar. Etiraf edir, o otaq onlarda var, lakin o otaq fizioterapiya üçün nəzərdə tutulmayıb. Tibb bacısı başa düşməyib, müalicəvi masaj etdiyini yazıb. O, müalicəvi masaj etmir. Daha o fəaliyyətlə məşğul olmurlar. Səhvini başa düşür və özünü təqsirli bilir. MMC-nin barəsində cərimə tətbiq olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin baş direktorunun 20 sentyabr 2024-cü il tarixli 3-28-1/3-2-1058/2024 nömrəli qərarından görünür ki, 30 sentyabr 2024-cü il – 04 oktyabr 2024-cü il tarixlərdə Bakı şəhəri Nizami rayonu, Kamil Balakişiyev 55 ünvanında yerləşən Şəxs MMC-nin fəaliyyətinin planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır; -Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC-nin fəaliyyətinin planlı (növbəti) yoxlanılmasının aparılması 22 sentyabr 2024-cü il tarixdə elektron qaydada qeydə alınmışdır; -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən Şəxs MMC-nin (klinika) direktoru X2 iştirakı ilə tərtib etdikləri 30 sentyabr 2024-cü il tarixli 591 nömrəli planlı (növbəti) yoxlama aktından və digər sənədlərdən görünür ki, müəssisədə görülən işlərə dair tibbi qeydiyyat sənədləri AR SNnin təsdiqedilmiş formaları və qaydaları ilə icra olunmur. Tibbi statistik hesabatlar (Forma 30) SN-nə təqdim edilmir. Təxirəsalınmaz ilk tibbi yardım dolabı təşkil edilməyib. Bir sıra otaqların təyinatı göstərilmir. Müəssisədə əlavə sahə “fizioterapevtik” yaradılıb, pasiyentlərin idman hərəkətlərinin icrası, masaj prosedurlarının yerinə yetirilməsi üzrə 2 nəfər şəxs “Müalicə-bədən tərbiyəsi üzrə instruktor” vəzifəsinə cəlb edilib: ixtisasca tibb bacısı olan X10 və Ukrayna Respublikasında təhsil almış X8. Tibbi tullantıların idarə olunmasına dair tələblərə müvafiq olaraq aidiyyəti üzrə “müqavilə” və zərərsizləşdirilməyə dair icra akt sənədləri yoxlamaya təqdim edilmədi. Təsərrüfat otağı yaradılmayıb. Həkimnevroloq X2 tibbi fəaliyyəti üzrə təstiqedici tibbi sənədlərə və digər aidiyyəti sənədlərə cari olaraq rast gəlinmədi. Müəssisədə lisenziyadan kənar iş və fəaliyyətə dair cari olaraq “fizioterapevtik” və uyğun olaraq da sahə, prosedurların icrasını həyata keçirən şəxslər: ixtisasca tibb bacısı olan X10, digər işçi X8. Hər iki şəxs əmək müqaviləsinin bildiriş sənədi üzrə “müalicə-bədən tərbiyəsi üzrə instruktor” vəzifəsinə təyin edilib, rəsmi izahatlarında “masaj” prosedurları ilə məşğul olduqları bildirilir. Yoxlama zamanı fotoşəkillər çəkilmiş, iş materiallarına əlavə edilmiş, bu barədə protokol tərtib edilmişdir. Müəssisədə yoxlama X1 və həkim-nevroloq X6 iştirakları, müşayiətləri, təqdim etdikləri sahələr və sənədlər əsasında keçirilmişdir. X1 akta “Göstərilən nöqsanlarla razıyam. Qısa müddət ərzində aradan qaldırılacaq” məzmunlu izahat yazaraq imzalamışdır; -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziyadan və ona Əlavədən görünür ki, ********** nömrəli VÖEN əsasında qeydiyyata alınmış Şəxs MMC-yə 24 noyabr 2017-ci il tarixdə verilmiş lisenziyada “fizioterapiya” fəaliyyət növü, icazə verilmiş tibbi xidmət sırasında yoxdur; -Əmək müqaviləsi bildirişindən görünür ki, X8 12 aprel 2024-cü il tarixdə bağlanmış müqavilə üzrə Şəxs MMC-də müalicə-bədən tərbiyəsi üzrə instruktor vəzifəsinə işə qəbul edilmişdir; -Əmək müqaviləsi bildirişindən görünür ki, X10 12 aprel 2024-cü il tarixdə bağlanmış müqavilə üzrə Şəxs MMC-də müalicə-bədən tərbiyəsi üzrə instruktor vəzifəsinə işə qəbul edilmişdir; -X3 30 sentyabr 2024-cü il tarixli izahatından görünür ki, o, Ukraynada təhsil aldığını, ixtisasca idman müəllimi olduğunu, Şəxsndə pasiyentlərə masaj prosedurlarını yerinə yetirdiyini, həkim-nevroloq Aynur Zeynalovanın təyinatları əsasında yalnız masaj prosedurlarını icra etdiyini göstərmişdir; -X7 30 sentyabr 2024-cü il tarixli izahatından görünür ki, o, ixtisasca tib bacısı olduğunu, Şəxsndə pasiyentlərə müalicəvi masaj xidməti göstərdiyini, həkim-nevroloq Aynur Zeynalovanın təyinatları əsasında yalnız masaj prosedurlarını icra etdiyini göstərmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsinin mənasına görə, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Hansı ki, Şəxs MMC-də bu cür işin, yəni 24 noyabr 2017-ci il tarixdə verilən lisenziyada müəyyən edilməmiş, lisenziyadan kənar “fizioteropevtik” fəaliyyət növü üzrə işin, tibbi fəaliyyətin həyata keçirilməsi tədqiq olunmuş iş materialları, hüquqi şəxsin nümayəndəsinin (klinikanının direktoru) yoxlama zamanı, habelə məhkəmədə verdiyi izahatı ilə tam təsdiq olunur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar