Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4600/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X9 iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəbrayıl rayonunun Nüzgar kəndində qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, E.Süleymanov küçəsi, ev 114, mənzil 60-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 24 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs, 06 iyun 2011-ci il təvəllüdlü X5, 12 iyun 2013-cü il təvəllüdlü X6, 01 fevral 2015-ci il təvəllüdlü X3 və 06 may 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin 15 avqust 2023-cü il tarixdən başlayaraq Zərərçəkmiş şəxs xeyrinə tutulmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(105)- 310/2024 nömrəli icra sənədi üzrə borcu ödəməklə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə 3550 manat borc məbləğini ödəməyərək, icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, borclu fevral ayından xaricdə olduğu üçün indiyədək ödəniş etməmişdir. Borclu iyun ayından axtarışa verilmişdir. Adına daşınar və daşınmaz əmlakı yoxdur, əmək haqqı almır. Hazırda borclu 2000 manat məbləğində ödəniş etmək istəyir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, daimi iş yeri yoxdur. Xaricdə mövsümlə işləyir. Alimentdən imtina etmir. Bəzən 1-2 ay iş olmadığı üçün aliment ödəyə bilmir. Bəzən də artıqlaması ilə ödənişlər edir. Hazırda 2000 manat məbləğində ödəniş edə bilər. Qalan pulu da aylıq ödəyəcəkdir. Qeyd etdiklərini nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, sentyabr ayından məktəb açılmışdır. Borcu vardır. Atası, qardaşı yoxdur. Pulun hamısını tələb edərdi, lakin 2000 manat ödənişi qəbul edir. Həmin əsasla hazırda baxılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə tələbkara olan 3550 manat borcundan hazırda 2000 manat ödəniş etmişdir, borclunun tələbkara hər ay müvafiq hissə ilə ödəniş edəcəyi ilə bağlı tərəflər razılığa gəlmişlər, tələbkar qeyd olunanlara əsasən işin icraatına xitam verilməsini xahiş etməklə bu barədə ərizə vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar yoxdur, əksinə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icra olunmasına yönəlmiş hərəkətləri etməklə, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirir, qalan borcunu ödəməkdən də yayınmır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət (iş saatları) üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 4 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X10 müvafiq hesablaşma hesabı üzərindən 44 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4600/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4600/2025
24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver